Rusiya Fransaya nota verdi - səbəb Makronun “ölkədəki hadisələrdə Moskvanın əli var” sözləridir

05.02.2019 14:24     Dünyadan reaksiya     846

Ruslar isə “əcəb edirik” ritorikasından əl çəkmirlər

Rusiya Xarici İşlər Nazirliyi Fransanın Moskvadakı səfirliyinə diplomatik nota göndərərək prezident Emmanuel Makronun “sarı jiletlilər hərəkatında Rusiya mediasının bədnam müdaxiləsi” ilə bağlı sözlərinə aydınlıq gətirilməsini istəyib. Rusiya XİN sözcüsü Mariya Zaxarovanın bildiriyinə görə, əgər Makron həqiqətən bu sözləri işlədibsə, o zaman saxta xəbərlərin əsl mənbəyi elə onun özü sayılmalıdır.

Qeyd olunur ki, bu günlərdə jurnalistlərlə görüş zamanı Emmanuel Makron “sarı jiletlilər” hərəkatının öndə gələn fiqurlarından Erik Drueni “sosial şəbəkə və medianın məhsulu” adlandırmışdı. Prezidentin sözlərinə görə, “sarı jiletlilər” xaricdən məsləhət alır, Rusiyanın qara təbliğat maşınları “Russia Today” kanalı və “Sputnik” saytı isə sosial şəbəkələrdən satın aldıqları akkauntlar vasitəsilə etiraz hərəkatına aktiv şəkildə dəstək verirlər.

“Sputnik” və “RT” ni baş redaktoru Marqarita Simonyan Makronun dediklərinə cavab olaraq heç bir akkauntu satın almadıqlarını bildirib.

“Bizim cəmi iki akkauntumuz var-“RT” və “Sputnik”. Həmin iki hesabın hansı səbəbdən Fransanın daxili siyasətinə və on minlərlə insana təsir göstərdiyini isə, gedin, fransız bloq və mediasından soruşun”, - deyə Simonyan qeyd edib. Rusiyalı jurnalist hər halda rəhbərlik etdiyi telekanalın çəkdiyi kadrların “sarı jiletlilər”in daha çox xoşlarına gəldiyini, həmin görüntülərin milyonlarla insana çatdırıldığını, kanalın əməkdaşlarının etirazçılar tərəfindən alqışlandığını etiraf edib.

Xatırladaq ki, bundan daha öncə Fransanın Müdafiə və milli təhlükəsizlik baş idarəsi Rusiyanın Parisdəki kütləvi etirazlara müdaxiləsinə dair araşdırmaya başlayıb. Fransanın xüsusi xidmət orqanları Moskva ilə bağlantılı 600 akkauntun #giletsjaunes həştəqi vasitəsilə hadisələri virtual sahədən qızışdırdığı qənaətindədir.

Reaksiya.az

Şərhlər