Bakının son müharibə hazırlıqları - İsraillə yeni müqavilə, arsenala alınan qorxunc silahlar...

19.02.2019 12:13     Dünyadan reaksiya     1459

Azərbaycan hərbi qələbənin əsas şərti sayılan havada üstünlüyünü daha da gücləndirir; müdafiə nazirinin Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində keçirdiyi görüşlərin pərdəarxası - “səsi” sonra çıxacaq...

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfəri davam edir. Səfər çərçivəsində nazir öncə Əbu-Dabidə keçirilən “İDEX - 2019" Beynəlxalq Müdafiə Sərgisinin açılışında iştirak edib. Sərgi ilə tanış olub və burada qabaqcıl silah istehsalçılarının nümayiş etdirdiyi ən müasir döyüş texnikası və hərbi vasitələrin nümunələri, o sırada Türkiyə istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Z.Həsənov qardaş ölkəyə məxsus şirkətlərin rəhbərləri ilə də görüşərək Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyin vacibliyini vurğulayıb, hərbi sferada ortaq layihələrin iki ölkənin ordularının güclənməsinə xidmət edəcəyinə əmin olduğunu söyləyib. O, həmçinin belaruslu həmkarı, general-leytenant Andrey Ravkovla bir araya gəlib. Görüşdə tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd edib, maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan nümayəndə heyəti habelə Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, Azərbaycan ordusunun arsenalını gücləndirəcək silah və texnika ilə yaxından maraqlanıb. Bu məqsədlə Zakir Həsənov Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb. Tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini, müasir hərbi texnologiyaların tətbiqi imkanlarını və qarşılıqlı maraq kəsb edən digər məsələləri müzakirə ediblər.

akir Həsənov Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ile ilgili görsel sonucu

*****

Türkiyə və Belarus Rusiya və İsraildən sonra Azərbaycanın əsas silah tədarükçüləri hesab edilir. Yeri gəlmişkən, Azərbaycanın Belarusdan aldığı və “İsgəndər M”in analoqu sayılan “Polonez” zenit-raket sistemlərinin Ermənistanda təlaş doğurduğu barədə məlumat vermişik. Az sonra İsraildən “Orbiter-1K” dron-kamikadzelərin (pilotsuz uçan aparatların) tədarükünün bərpa ediləcəyi xəbəri İrəvanda ciddi narahatlıq doğurdu. Ermənistan XİN-dən bununla bağlı etiraz bəyanatı gəldi.

Ardınca Azərbaycanın silahlanmasına Türkiyə istehsalı olan “SOM - 1B” qanadlı raketlərin daxil olması düşmən ölkədə təlaş yaratdı. Bütün bunlar Azərbaycanın silah arsenalında olan qorxunc silahlardan yalnız bəzilərinin adlarıdır. Heç şübhə yox ki, Zakir Həsənovun BƏƏ-yə səfərindən sonra imzalanacaq yeni hərbi anlaşmalar əsasında onların sırasına yeniləri əlavə olunacaq...           

*****

Qeyd edək ki, Ermənistanın müdafiə naziri David Tonoyan da “İDEX - 2019" Beynəlxalq Müdafiə Sərgisinə qatılıb. Ancaq Ermənistanın bahalı silah-sursata və müasir döyüş sistemlərinə böyük məbləğdə pulu haradandır ki? Ermənilər Rusiyanın cibinə və əlinə baxmaq, Rusiyanın vaxtaşırı ”tula payı" kimi verdiyi silah-sursata, ən aşağı kredit faizi ilə və uzun müddətə ayırdığı silah kreditlərinə qane olmaq zorundadırlar.

Söz düşmüşkən, “Rusiyanın ayırdığı sonuncu 100 milyon dollarlıq sazişin həyata keçirilməsindən sonra Ermənistan Rusiyadan yeni silah krediti ala bilər”. Bunu sərginin gedişində “RİA Novosti”yə verdiyi açıqlamada  David Tonoyan bildirib. “Bu mümkündür. Konkret olaraq söhbətin hansı silahlardan getməsi barədə danışmaq hələ tezdir”, - deyə o bildirib. Erməni nazirin sözlərinə görə, Ermənistan 2019-cu ilin sonları - 2020-ci ilin əvvəllərində Rusiyadan 4 ədəd “Su-30SM” qırıcısı almaq niyyətindədir. “Ümumilikdə isə 12 belə təyyarənin alışı arzu ediləndir” - Tonoyan əlavə edib.

Ancaq ruslar demiş, arzu ilə yaşamaq ziyanlı iş deyil. Düşmən ölkə isə silah məsələsində Moskvanın göstərişi ilə “ayağını yorğanına görə uzatmaq” məcburiyyətindədir. Əgər yeni hökumət də özünü “sözəbaxan”, yaxşı aparsa, Qərb-Rusiya oyunu oynamasa, ola bilsin ona yeni kredit tranşı və bir-iki qırıcı verilsin. Hələ ki Ermənistan Rusiyadan vaxtaşırı silah kreditləri alır. Daha öncə İrəvan Moskvadan 200 milyon dollar məbləğində silah krediti almışdı.

*****

akir Həsənov Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Roman Qolovçenko ile ilgili görsel sonucu

Azərbaycan isə özünün hərbi potensialını və silahlı qüvvələrinin döyüş qabiliyyətini daha da artırmaq üçün strategiyasını cilalamaqda davam etdirir. Bu strategiya  təkcə effektli müdafiəni deyil, eyni zamanda, yüz faiz uğurlu hücum taktikasını özündə ehtiva edir. Ən önəmlisi odur ki, iqtisadi tənəzzül içində olan kasıb Ermənistandan fərqli olaraq, Bakı silahlanma siyasətini şaxələndirmək imkanına malikdir və bu yöndə imkanlarını ilbəil artırır. Paralel surətdə özünün hərbi-sənaye kompleksini gücləndirir. İndi ordumuzun silah arsenalında yerli istehsallı və müştərək istehsalın məhsulları da az deyil. Bu isə müharibə zamanı mühüm önəm kəsb edir.

Sülh danışıqlarında yenidən müşahidə edilən durğunluq, İrəvan rəsmilərinin, xüsusən d baş nazir Nikol Paşinyanın son vaxtlar konfliktin həllini bir az da dalana dirəyən absurd və həyasız açıqlamaları fonunda silahlanma məsələsi, hərbi faktor indi məxsusi önəm kəsb edir. Doğrudur, hərbi yolla ərazilərimizin azad edilməsi üçün hələ ki bütün məqbul geosiyasi şərtlər mövcud deyil. Lakin güclü ordu danışıq masası arxasında da çəkindirici amildir. Necə deyərlər, sülh istəyiriksə, gərək müharibəyə hazır olaq.         

*****

“Orbiter 1K” ile ilgili görsel sonucu

Bu arada silahlarla bağlı işğalçı ölkə üçün növbəti bəd xəbər gəlib. İsrailin “Aeronautics Defense Systems Ltd.” şirkəti Azərbaycanla yeni müqavilənin bağlandığını elan edib. Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verib ki, bu bəyanat şirkətin ixrac lisenziyasının bərpa edilməsindən iki həftə sonra verilib. Bəyanata əsasən Azərbaycanla imzalanmış 13 milyon dollarlıq müqavilə “Orbiter 1K” kamikadze-dronlarının “təmir işlərini” nəzərdə tutur və iki il ərzində yerinə yetirilməlidir.

Bir daha xatırladaq ki, “Aeronautics Defense Systems Ltd.” şirkəti iki il əvvəl Azərbaycana “Orbiter 1K” kamikadze-dronlarının satışı ilə bağlı qalmaqalla üzləşmişdi. Belə ki, şirkətin iki meneceri həmin dronları Azərbaycan tərəfinə təqdim edərkən qaydaları pozmuşdu. Bildirilirdi ki, Azərbaycan tərəfi dronların göstəricilərinə əmin olmaq üçün israillilərdən onu təmas xəttində erməni mövqelərində tətbiq etməyi istəyib. Dronla erməni postu vurulsa da, ciddi itki baş verməyib. Hadisədən sonra şirkətin Azərbaycanla əməkdaşlığı dayandırıldı və təhqiqat başladı. Nəhayət, iki həftə əvvəl İsrail hökuməti şirkətin ixrac lisenziyasını bərpa etdi, amma üç yüksək rütbəli əməkdaşını ixrac əməliyyatlarından kənarlaşdırdı.

Məlumat üçün bildirək ki, “Orbiter-1K” kamikadze-dronları 2.5 kiloqram ağırlığında döyüş başlığına malikdir və üç saata yaxın havada qalır. Aparat sutkanın gecə və gündüz saatlarında işləyə bilən kamera ilə təchiz edilib. Döyüş sursatının buraxılması katapultun köməyi ilə həyata keçirilir. Azərbaycan artıq İsraildən “Orbiter-1K” dronlarının iri partiyasını alıb. Habelə İsraillə əməkdaşlıq şəraitində öz ərazisində “Zərbə” kamikadze-dronlarının seriya istehsalını təşkil edib. Azərbaycan ordusu pilotsuz kəşfiyyat və döyüş aparatlarının geniş çeşidinə malikdir.

Əksər hərbi ekspertlərə görə isə müharibəni o ölkə udacaq ki, havada üstünlüyü olsun...(musavat)

Reaksiya.az

Şərhlər