BMT Təhlükəsizlik Şurası terrorçuların maliyyə mənbələri barədə qətnamə qəbul etdi

29.03.2019 13:10     Dünyadan reaksiya     770

BMT Təhlükəsizlik Şurası terrorçuların maliyyə mənbələrinin kəsilməsi barədə qətnamə qəbul edib. Təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən iclasda qeyd olunub ki, terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində müəyyən uğurlar əldə olunsa da, ekstremist və terrorçu qruplaşmalar öz xəzinələrini doldurmaq üçün yeni üsullar tapırlar. Onlar öz fəaliyyətlərini pərdələmək üçün qanun çərçivəsində işləyən müəssisələr və qeyri-hökumət təşkilatlarından, habelə yeni ödəniş sistemlərindən - əvvəlcədən ödənilmiş bank kartları və mobil aktivlərdən istifadə edirlər.

BMT-nin rəsmi saytında verilmiş məlumata görə, BMT TŞ-nin Fransanın Avropa işləri və xarici işlər naziri Jan-İv Le Drianın sədrliyi ilə keçirilən iclasında sözügedən qətnamə yekdilliklə qəbul edilib. Yeni sənəddə TŞ-nin üzvləri dövlətlərə xatırladıblar ki, terrorçuluğun bütün maliyyə kanalları aşkar edilməli və bu işdə əli olanlar cəzalandırılmalıdır. Bu məqsədlə terrorçuları maliyyələşdirənləri hələ aşkar etməyən dövlətlərə tövsiyə olunub ki, onlar xüsusi maliyyə kəşfiyyatı bölməsi yaratsınlar, maliyyə əməliyyatlarında şəffaflığı artırsınlar və İnterpolun imkanlarından maksimum istifadə etsinlər.

BMT TŞ-nin qətnaməsində FATF (maliyyə tədbirlərinin hazırlanması qrupu) çərçivəsində hazırlanmış “çirkli pulların yuyulması”, terrorçuluğun maliyyələşdirilməsi və kütləvi qırğın silahlarının yayılması əleyhinə beynəlxalq standartlara əməl olunması üçün dövlətlərə çağırış edilib.

Təşkilatın baş katibinin müavini, antiterror idarəsinin rəhbəri Vladimir Voronkov bildirib ki, BMT TŞ əvvəllər də terrorçuların maliyyələşdirilməsinin qarşısını almaq üçün müxtəlif sənədlər qəbul edib. Lakin yeni sənəddə bütün istiqamətlər vahid layihə kimi təqdim olunub, eyni zamanda innovasiya və texnologiyaların istifadəsi məsələləri də nəzərə alınıb.

BMT TŞ-nin iclasında çıxış edən FATF-ın rəhbəri Marşall Billinqzli və terrorçuluğun maliyyələşdirilməsi və “çirkli pulların yuyulması” ilə mübarizə üzrə ekspert Mersi Buku qeyd ediblər ki, indi qarşıda duran ən vacib məsələlər informasiya mübadiləsi, maliyyə əməliyyatlarının anonimliyinə diqqət yetirilməsi və ünvanlı maliyyə sanksiyalarının tətbiqidir.

İclasda İŞİD və “Əl-Qaidə” terror təşkilatlarının maliyyə mənbələri ilə bağlı ötən ilin aprelində Parisdə keçirilmiş beynəlxalq konfransın nəticələri də təhlil edilib. Rusiyanın daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, terrorçuların malik olduqları maliyyə resursları onlara hücumlarına hazırlaşmaq, özünü yeni canlı qüvvə və silahla təmin etmək, hüquq-mühafizə orqanlarına fəal müqavimət göstərmək imkanları verir. O əlavə edib ki, terrorçuluqla mübarizədə “ikili standartlar” tətbiq edən dövlətlər özləri terrorun hədəfinə çevrilirlər.(virtualaz)

Reaksiya.az

Şərhlər