Qaşıqçını öldürən dəstənin TÜKÜRPƏDƏN ETİRAFLARI: Parçalanmış cəsədi...

09.09.2019 11:30     Dünyadan reaksiya     762

“Vaşinqton Post” qəzetinin səudiyyəli əməkdaşı Camal Qaşıqçının qətlində iştirak edən şəxslərin etirafları ortaya çıxıb.

Publika.az SABAH-a istinadən xəbər verir ki, cinayətkarların məhkəmə iclaslarındakı ifadələri qətllə bağlı bu günə qədər gün üzünə çıxmayan həqiqətləri gözlər önünə sərir.

Eyni zamanda, edam komandasında işləyən cinayətkarların ifadələrində Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salmandan başlayaraq cinayətin “beyin mərkəzi”ni ört-basdır etməyə çalışması da ortadadır.

Qaşıqçını öldürən 15 nəfərlik komandanın lideri hesab edilən Mahir Əbdüləziz Mütrəb əslində bir deyil, ikinci şəxs və eyni zamanda, müzakirə qrupunun rəhbəri olub. Bir nömrəli şəxs isə 15 nəfərlik sui-qəsd komandası ilə birlikdə İstanbula gələn general Mənsur Əbu Hüseyndir. O, şahzadə Salmanın həbsdə olan sabiq Kəşfiyyat rəisi köməkçisi Əhməd əl-Əsirinin təlimatı ilə Qaşıqçını öldürmək üçün Kəşfiyyat, Müzakirə və Logistika adlı üç ayrı qrup qurub. Hər üç qrupa isə özü nəzarət edib.

İlk məhkəmə iclası 3 yanvarda Ər-Riyadda baş tutan Qaşıqçı cinayətinin hakimi Mənsur əbu Hüseyn daxil olmaqla, 9 şübhəlinin ifadələrinin üst-üstə düşdüyünü, təkcə Əsirinin ifadəsinin digərləri ilə uyğunlaşmadığını bildirib. Hakim 5 cinayətkar haqqında edam qərarı çıxarıb, digərlərinə isə ağırlaşdırılmış formada ömürlük həbs cəzası tələb edib.

Hakim, həmçinin, tibbi ekspertiza mütəxəssisi olan və Qaşıqçının cəsədini parçalayan Tübeyki ilə Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda Xüsusi Təyinatlı Qüvvələrdə vəzifə daşıyan Müflif Şaya M. Əl-Müslihdən başqa, cinayətkarların hamısının Səudiyyə Ərəbistanı kəşfiyyat oqranında işlədiyini açıqlayıb. Şübhəli şəxslər ifadələrində cinayəti aydınlaşdıracaq bəzi bilgilər versələr də, Əsiri, Kahtani və şahzadə Salmanı qorumağa diqqət ediblər.

SABAH-ın bildirdiyinə görə, Hüseyn şahzadə Salmanın təxribat işlərinə baxan Kahtanini Mütrəb liderliyindəki Müzakirə qrupu ilə görüşdürüb. O, ifadəsində bu sözləri deyib: “Əsiri məni çağıraraq Camalın zorakılıqla da olsa, Səudiyyə Ərəbistanına gətirilməsi təlimatını verdi. Mən də bu vəzifə üçün Müzakirə, Logistika və Kəşfiyyat adlı üç qrup qurdum. Baş konsul Uteybiyə zəng etdim və 15 nəfər ilə İstanbula gələcəyimi söylədim. Ancaq detallı bilgi vermədim. Camalın Ər-Riyada gəlməyi qəbul etməyəcəyi təqdirdə, qaçırılacağı təhlükəsiz yerin təmin edilməsi məqsədilə hadisədən bir gün qabaq yerli əməkdaşımızla görüşmək üçün İstanbula getdim. Sonra tələbim üzərinə Əsiri mən Kahtani ilə görüşdürdü. Kahtani mənə “Camal Səudiyyə Ərəbistanına düşmən ölkə və təşkilatların oyuncağına çevrilib. Onu gətirsən, ölkə başçısından əhəmiyyətli bir mükafat alacaqsan” dedi. Görüşdən sonra Tübeykiyə zəng etdim və ona önəmli bir iş olduğunu dedim”.

Hüseynin cinayətin təlimat iyerarxiyasını ələ verən bu etiraflarında dediyi prosesdən sonra dünya kəşfiyyat, kriminologiya və diplomatiya tarixində görülməmiş barbarlıqlar ehtiva edən həmin cinayət baş tutub.

Edamı tələb edilən cinayətkarlardan biri Mahir Əbdüləziz Mütrəb ifadəsində bunları deyib: “Cinayətdən əvvəl konsulluğun binasını gəzdim. Camal öz istəyi ilə Riyada gəlməyi qəbul etməsə, onu bayıra çıxarmağın çətin olduğu qənaətinə gəldim. Buna görə də Camalın öldürülməsinə qərar verdim”.

Mütrəb Qaşıqçının narkotik ilə öldürüldüyünü iddia edib: “Camal masanın üzərində dəsmal, iynə və narkotiki görəndə “mənə nə edəcəksiniz? Yoxsa məni uyuşduracaqsınızmı?” sözlərini dedi. Mən də “hə” dedim. “Çöldə nişanlım məni gözləyir. Burada uzun müddət qalsam, Səudiyyə Ərəbistanı üçün problem olar” dedi. Sonra qaçmağa çalışdı. Tübeyki onun sol qoluna bazara çıxarılması qadağan olunan, Qahirədən gətirdiyi narkotik maddədən yüksək miqdarda vurdu. Camal öldükdən sonra onu konsulluğun bağına basdırmaq istədim. Amma üzə çıxacağını düşündüm və buna görə parçalanması əmrini verdim”.

Cinayətdə Qaşıqçının dublyorluğunu edən Məhəmməd əl-Mədəni ifadəsində bunları deyib: “Camalı konulluqdan çıxmış kimi göstərmək üçün onun paltarlarını geyindim, eynəyini taxdım. Sultanahmet meydanına gedərək bir məscidin tualetində öz paltarlarımı geyindim. Camalın eynəyi və paltarlarını da zibilliyə atdım”.

Sui-qəsd komandasında yer alan Məhəmməd Səad əl-Zahrani isə ifadəsinə bunları etiraf edib: “Mən komandanın logistika qismində yer alırdım. Vəzifəm Camalın zorla çölə çıxarılacağı təqdirdə, konsulluğun kameralarını söndürmək idi. Cinayətdən sonra kameraları söndürdüm. Görüntüləri qeydə alan diskləri qıraraq İstanbuldakı bir neçə zibil qutusuna atdım”.

Bu mərhələdən sonra cəsədin qara plastik torbalara yerləşdirilərək əvvəlcədən görüşülən və kim olduğu dəqiq bildirilməyən, “suriyalı ola bilər” deyilən yerli ortağa verilməsi və İstanbuldan çıxarılması üçün plan qurulub.

Qeyd edək ki, jurnalist Camal Qaşıqçı 2 oktyabr 2018-ci ildə öldürülüb.

Reaksiya.az

Şərhlər