Polkovnik-leytenant: “Ermənistandakı siyasi rejimin süqut etməsinə az qalıb”

07.05.2020 17:07     Dünyadan reaksiya     5212

“2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun möhtəşəm zəfərinə şahid olan dünya ictimaiyyəti elə zənn edirdi ki, işğalçı Ermənistan gerçək məğlubiyyətindən nəticə çıxaracaq və hərbi qüvvələrini işğal etdikləri ərazilərdən çıxaracaq. Ancaq məkrli, alçaq niyyətlərinə sadiq qalan düşmən ölkənin rəsmi dairələri münaqişənin sülh yolu ilə nizama salınması barədə Azərbaycan tərəfinin təkliflərinə əks-reaksiya verdilər. Bu bir daha sübut etdi ki, Ermənistan işğalçı dövlətdir və özünün avantürist siyasi-hərbi mövqeyindən əl çəkən deyil”.

Bunu “Report”a açıqlamasında müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Arif Pənahlı deyib.

O hesab edir ki, əslində Azərbaycan əsgərinin qısamüddətli döyüşlərdə böyük bir zəfərə imza atması düşmənə tərs sillə idi, yəni boş yerə inadkarlıq göstərməyin bir faydası yoxdur: “Çünki bu döyüşlərdə Ermənistan ordusunun faktiki məğlubiyyəti üzə çıxdı və dərhal düşmən dövlətin hərbi rəhbərliyi iki mühüm idarənin rəisini vəzifəsindən azad etdi. Ən başlıcası isə bu məğlubiyyət Serj Sarqsyan və onun tərəfdarlarının siyasi hakimiyyətdən istefa vermələri ilə nəticələndi. Rəsmi Ermənistan tərəfi qısamüddətli savaşda Azərbaycanın geri qaytardığı ərazilərin həcmini azaltmağa çalışsa da, işğalçı ölkənin bəzi hərbi xadimləri itkilərin böyük olduğunu qeyd etdilər. Əgər Azərbaycan 2 min hektar ərazidən söhbət açırdısa, qondarma rejimin keçmiş müdafiə naziri Samvel Babayan ordumuzun uğurlu hərbi əməliyyatı nəticəsində 2300 hektar torpağın işğaldan təmizləndiyini bildirmişdi.

 

Nikol Paşinyan

 

Bəzi siyasi analitiklər Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllini tapacağına ümid etsələr də, Paşinyan hökuməti bu istiqamətdə heç bir gerçəkliyi nəzərə almadı. Necə deyərlər, köhnə hamam, köhnə palan...

Ehtiyatda olan polkovnik-leytenantın fikrincə, qondarma “Dağlıq Qarabağ Respublikası”nda bir müddət öncə baş tutan prezident seçkilərində Nikol Paşinyanın siyasi uğursuzluğa düçar olması, habelə bu seçkilərin nəticələrinin mühüm beynəlxalq təşkilatlar və super dövlətlər tərəfindən tanınmaması belə bir həqiqəti söyləməyə əsas verir ki, Ermənistanda mövcud siyasi rejimin süqut etməsinə az vaxt qalıb: “Artıq dünyada nüfuz sahibi olan dövlətlər Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu təsdiqləyir və hərbi münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini dəstəkləyirlər”.

O bildirib ki, bu gün Ermənistan dövlətinin düçar olduğu dərin siyasi-iqtisadi böhran bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da neqativ halların geniş yayılmasına səbəb olub: “Hərbi hissələrdə qeyri-döyüş itkiləri, intihar halları ilə yanaşı daha təhlükəli hərbi cinayət sayılan fərarilik də adi hala çevrilib. İşğalçı ordunun ön xətt bölmələrində zabitlərin qeyri-qanuni əməllərindən, sosial-məişət problemlərindən səbri tarıma çəkilən əsgərlər xidmət yerlərini özbaşına tərk edirlər. Siyasi-hərbi rəhbərliklərdə isə zavallı əsgər valideynlərini qəbul edən, dinləmək istəyən tapılmır. Buna görə də İrəvanın mərkəzi meydanlarında hərbi qulluqçuların narazı valideynləri hökumət əleyhinə ardıcıl aksiya keçirirlər.

 

 

Düşmən ölkədə bu gün pandemiya təhlükəsi də əhalinin səbrini daşırıb, çünki yalançı vədlərlə hakimiyyətə yiyələnmiş Nikol Paşinyan insanların etimadını doğrulda bilmir. Bu naşı siyasətçi heç anlamaq istəmir ki, illərdən bəri davam edən işğalçılıq siyasətinə son qoyulmadan Ermənistanın heç bir gələcəyindən söhbət açmaq mümkün deyil. Gündən-günə iflası dərinləşən bu dövlətlə müqayisədə isə Azərbaycan düşünülmüş siyasət yürüdür və iqtisadi-hərbi potensialını daha da gücləndirməyə imkan tapır. Artıq Ermənistan rəsmiləri qəti anlamalıdırlar ki, Azərbaycan nəyin bahasına olursa-olsun öz ərazilərini işğaldan azad edəcək. Tanınmış erməni hərbi xadimi Gevorq Gevorqyan da bu günlərdə səmimi bir etirafı ilə gündəmə gəldi. “Azərbaycanın hərbi rəsmiləri açıq şəkildə ərazi bütövlüyünün bərpası haqqında danışır və onların istəkləri müharibəyə başlamaq müqəddiməsindən başqa bir şey deyil.” Yaxşı olardı ki, rəsmi Ermənistan göz yaşlarına inanmağı bacarsın və öz xalqını zülmətdən xilas etsin!”

Reaksiya.az

Şərhlər