Türkiyə yoluxma sayını bu cür azaltdı

04.06.2020 13:12     Dünyadan reaksiya     1188

Türkiyə həftə sonları hərəkətə, eləcə də küçəyə çıxmağa qoyulan qadağalarla yoluxma və ölü sayının azalmasına nail oldu.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə yaradılmış Operativ Qərargahın üzvü, tibb üzrə professor Tevfik Özlü Real TV-nin canlı yayımına qoşularkən deyib. Professorun sözlərinə görə, bu, o demək deyil ki, həftə sonu evdə oturub, həftə içi küçəyə çıxmaq lazımdır:

“Türkiyədə yoluxma qeydə alındığı gündən həftə sonu qadağaları tətbiq edilir. Yoluxma sayı azalmağa doğru getdiyi üçün bu həftə sonu bu qadağa tamamilə aradan qalxa bilər. Ancaq Türkiyədə indi də 65 yaşdan yuxarı və 20 yaşdan aşağı olanlara küçəyə çıxma qadağası var. Türkiyə yoluxmaya nəzarəti bu yolla ələ almağı bacardı”.

T.Özlü bildirib ki, insanlar mümkün olduğu qədər həm həftə sonu, həm də həftə içi küçəyə çıxmamalıdır:

“Məcburi bir hal yoxdursa, küçəyə çıxmamaq daha məsləhətdir. Çünki hazırda evdə qalmaq ən yaxşı yoldur. Biz Türkiyədə əhaliyə mümkün olduğu qədər evdə oturmağı tövsiyə edirik. Həftəiçi qadağa qoyulmaması ona görədir ki, insanlar həftə ərzində ehtiyaclarını ödəsinlər, işə, mağazaya gedib-gəlsinlər. Həftə sonu isə iş olmadığı üçün tövsiyə edirik ki, vacib ehtiyaclarınızı həftə ərzində görüb evdə oturun, küçəyə çıxmayın. Türkiyədə insanların həftə sonunu evdə keçirməsi və yoluxmadan qorunması üçün qadağa tətbiq etdik və bunun faydasını gördük. Ümid edirik ki, Azərbaycanda da bu metod yoluxma sayında kəskin azalmalara səbəb olacaq”.

Reaksiya.az

Şərhlər