Azərbaycanda neft-qaz sektoru üzrə cari hesabın profisiti 3 milyard dollar olub

17.12.2016 17:57     Ecoreaksiya     1169

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın tədiyə balansı üzrə cari əməliyyatlar balansının kəsiri 1,1 milyard dollar təşkil edib.

Trend-in məlumatına görə, bu barədə 2016-cı ilin yanvar-sentyabr ayları üçün Azərbaycanın tədiyə balansında deyilir.

Qeyd olunur ki, 3 rübdə cari əməliyyatlar hesabında 1113,3 milyon dollar məbləğində kəsir yaranıb, o cümlədən neft-qaz sektoru üzrə cari hesabın profisiti 3 milyard dollar məbləğində olub. Ötən ilin analoji dövründə bu göstərici 5,442 milyard dollar idi.

Neft-qaz sektorunun profisiti qeyri-neft sektoru üzrə cari hesabın 4,1 milyard dollar məbləğində kəsirinin 73,1%-ni örtüb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 20,3 faiz azalma (1,056 milyard dollar) deməkdir.

Hesabat dövründə maliyyə hesabının kəsiri də ötən ilin müvafiq dövrünə nisbətən 3,3 dəfə azalaraq 2 milyard dollar təşkil edib (dollarlaşma istisna olmaqla kəsir 1,5 milyard dollar təşkil edir).

Yanvar-sentyabrda xarici ticarət dövriyyəsi 16,2 milyard dollar təşkil edib və xarici ticarət balansı 2,9 milyard dollar məbləğində müsbət saldo ilə nəticələnib.

2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın dünyanın 178-dək dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 13%-i MDB üzvü olan dövlətlərin, 87%-i isə digər xarici dövlətlərin payına düşür.

Şərhlər

Çox oxunanlar