1,5 milyard dollar vergi borcundan 624 milyon manatı silinəcək

20.12.2016 15:34     Ecoreaksiya     1257

"Vergi borcları iki hissəyə bölünür. Birinci hissədə vergi ödəyicilərinin vergi ödəməməsinə görə hesablanmış borclardan gedir. İkinici hissədə maliyyə sanksiyalarının müəyyən ardıcıllıqla silinməsindən bəhs edilir”.

Publika.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Natiq Şirinov parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O deyib ki, hesablanmış faizlərin 2017-ci ilin yanvarına istinasiz olaraq silinməsi tələb olunur. Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2107-ci ilin 1 yanvar tarixindən vergi orqanlarındakı şəxsi vərəqlərində mövcud olan borcların müvadfiq icra hakimiyyəti orqanları tərəfindən silinir.

O həmçinin bildirib ki, vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti tərəfindən silinir:

”Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə maliyyə sanksiyalarının ödənilməmiş 50%-i isə müvafiq icra hakimiyyəti tərəfindən silinəcək; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə isə maliyyə sanksiyalarının ödənilməmiş 30%-i müvafiq icra hakimiyyəti tərəfindən silinəcək”.

Məlum olub ki, 1 dekabr tarixinə vergi borclarının məbləği 1,5 milyard dollar təşkil edib. Vergi amnistiyası nəticəsində 624 milyon manat borc silinəcək.

Şərhlər