Milli Məclis təqaüd yaşını 65-ə qaldırıldı

Kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq; qanun bu il iyulun 1-dən qüvvəyə minəcək

Milli Məclis “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişiklikləri də qəbul etdi


Martın 10-da spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. İlk olaraq “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ötən iclasdan yarımçıq qalmış müzakirəsi davam etdirildi.


Deputat Qənirə Paşayeva qanunun qısa zamanda qüvvəyə minməsini zəruri sayaraq dedi ki, bu qanunun qüvvəyə minməsi bir çox problemləri həll edə bilər. Spiker Oqtay Əsədov 5 fəsildən ibarət qanun layihəsini ikinci oxunuşda səsə qoydu və qanun qəbul edildi.


Bundan sonra prezident tərəfindən parlamentə təqdim olunan “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlar müzakirə olundu. Birinci vitse-spiker Ziyafət Əsgərov qanun layihələri haqqında məlumat verdi. Bildirdi ki, Azərbaycan ərazisinə daxil olan və Azərbaycan ərazisindən keçən nəqliyyat vasitələrinin Sərhəd Qoşunları və gömrük orqanlarının iştirakı ilə yoxlaması səlahiyyəti verilir. Xəzər dənizindəki sərhəd sularında gömrük orqanlarının iştirakı mümkün deyilsə, burada Sərhəd qoşunlarının nümayəndələri müvafiq araşdırmalar apara bilər. Dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddələrin və Azərbaycanın təhlükəsizliyinə təhdid olan maddələrin Azərbaycana daşınması da qadağan edilir. Z.Əsgərov dedi ki, hər iki qanun dövlət təhlükəsizliyinin gücləndirilməsi və milli maraqlarının qorunmasına xidmət edir.


Müzakirələrdən sonra hər iki layihə qəbul olundu.


“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə dəyişikliklər də müzakirəyə çıxarıldı. Layihə barədə vitse spiker, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ətraflı məlumat verdi. Layihəyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi hüquqi şəxsdirsə adı, təşkilati-hüquqi forması, elektron poçt ünvanı, fiziki şəxsdirsə adı, soyadı və atasının adı və elektron poçt ünvanı həmin saytda aydın oxuna bilən yerdə və formada yerləşdirməlidir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qaydalarla qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.


Deputat Məlahət İbrahımqızı “Vikipediya”da məlumatların bir çox hallarda yanlış göstərildiyini və hətta milli maraqlara qarşı olduğunu xatırlatdı, bu məsələnin qanunvericiliklə tənzimlənməsini vacib saydı: “Bu günlərdə Gəncə ilə bağlı məlumatlara baxdım. Gəncəmiz az qala erməni şəhəri kimi təqdim olunur. Eyni zamanda, dahi, böyük şəxsiyyətlərimizlə bağlı bilərəkdən və ya qəsdən təhrif olunmuş məlumatlar gedir. Bu, çox ağrılı məsələdir”.


Deputat Siyavuş Novruzov mediada intihar mövzusunun geniş işıqlandırılmasını düzgün saymadı: “Dünyada intiharın sayına görə birinci yerə tutan Finlandiyadır. Həmçinin bəzi Avropa ölkələri ön sırada gedir. Bu, nə ehtiyacdandır, nə də başqa səbəbdən. Lakin görürsən ki, onlar bununla bağlı sırf statistika verirlər. Sovetlər dövründə intihar, avtomobil qəzasımı yox idi? Bu gün TV-lərdə, internet saytlarında daha önəmli məsələləri kənara qoyub birinci növbədə onları təqsim etməyə çalışırlar. Bu yaxınlarda bir informasiya getmişdi, bir sinifdən 5 nəfər intihar edib. Bununla nə demək istəyirik? Başqaları da gedib intiharın yolunu öyrənsin?” Deputat televiziyaların kriminal hadisələrə geniş yer verməsinə qarşı çıxdı.
Deputat saytlarda, sosial şəbəkələrdə yazılan şərhlərə də toxundu: “Hansısa şərhlərə görə ya internet portalının sahibi məsuliyyətə cəlb olunmalıdır, ya da yazan şəxs şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.


Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkəmizin informasiya təhlükəsizliyi üçün önəmlidir: “Hər kəs əmin olsun ki, bu dəyişikliklər söz və informasiya azadlığının məhdudlaşdırılması demək deyil. Əksinə, dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir”.


Qənirə Paşayeva da çıxışında dedi ki, “Vikipediya”da ciddi şəkildə Azərbaycan əleyhinə məlumatlar var. İstər tarixi şəxsiyyətlər, istər yer adları, istər digər məsələlərlə bağlı. İlk girilən yer “Vikipediya”dır. Bu mənada “Vikipediaya”ya ciddi nəzarət olmalıdır. Ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərdə hər birimiz, bütün qurumlarımız səylərimizi daha da artırmalıyıq".


Əflatun Amaşov layihə barədə danışarkən dedi ki, ölkəmizin informasiya təhlükəsizliyi üçün internet məkanın da tənzimlənməsi zəruridir: “Hər kəs əmin olsun ki, bu dəyişikliklər heç də söz və ifadə azadlığının məhdudlaşdırılması demək deyildir. Kimlərsə məsələyə spekulyativ çalarlar gətirib cəmiyyəti çaşdırmamalıdırlar. Problemə obyektiv yanaşılmalıdır, tələsik qiymət verilməməlidir. Obyektiv yanaşma isə bundan ibarətdir ki, hər iki layihə bir-birini tamamlayır, ümumən internet məkanımızda tənzimləmə aparmağa xidmət edir. Dəyişikliklər qanunvericiliyimizi zənginləşdirir, ona dövrün tələbindən irəli gələn anlayışlar gətirir. İnternet informasiya ehtiyatı, internet informasiya ehtiyatının sahibi, domen adı, domen adının sahibi, internet provayder, host provayder və sair bu kimi anlayışlar yaranır. İnformasiyanın mülkiyyətçisi ilə yanaşı onun sahibi məsələsi də hüquqi münasibətlər sisteminə daxil edir. Mən bu dəyişikliklərə media ictimaiyyətinin yanaşmasını da obyektiv qiymətləndirirəm. Biz bunu hər zaman bildirmişik ki, internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar cəmiyyətlə daha yaxındırlar. Fəaliyyətlərinin mənfi və ya müsbət tərəfləri cəmiyyətə daha çox təsir göstərir. Mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə jurnalistikaya ünvanlanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır”.


Müzakirələrdən sonra dəyişikliklər qəbul edildi.


Daha sonra parlamentdə son günlərin ən səs-küylü qanun layihəsindən birini - “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi müzakirəyə çıxartdı.


Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi.


H.Rəcəbli qeyd etdi ki, 98 dəyişiklik təklif olunan layihədə Azərbaycanda bütün peşə sahələri üzrə əmək pensiyasına görə yaş həddinin artırılması təklif olunur. Layihəyə əsasən, polis və hərbi qulluqçular istisna olmaqla bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı artırılır. Dövlət qulluqçuları üçün hazırda qüvvədə olan 15 təqvim ilinin 20 təqvim ilinə, prokurorlar üçün 25 təqvim ilinin 35 ilə, o cümlədən digər peşələr üçün də tələb olunan staj ilinin müvafiq olaraq 5 il qaldırılması layihədə əksini tapıb. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılması da əks olunub.


H.Rəcəbli qeyd etdi ki, qanun layihəsinə edilən təkliflərdən biri də pensiyanın baza hissəsinin ləğvi ilə bağlıdır: “Əvvəl pensiyanın sığorta hissəsi indeksləşirdi, baza hissəsi indeksləşmirdi. Qanun layihəsində pensiyanın baza hissəsi məfhumu aradan götürülür. Bu da insanların ödədiyi məbləğə uyğun olaraq pensiya haqqı deməkdir. Burada baza hissəsi olmayacaq. Pensiyada bir hissə olduğundan indeksləşdirmə olanda daha çox insanlar pensiya məbləğinin artımından faydalana biləcək”. Komitə sədri əlavə edib ki, pensiya yaşında olan vətəndaşlardan bəziləri işləyir və sosial sığorta haqqı ödəyir: “Bu dəyişikliklər belə şəxslərin işlədiyinə və sosial sığorta haqqı ödədiyinə görə 6 ildən sonra onun pensiyasının yenidən hesablanmasına imkan verəcək. Bu isə o deməkdir ki, sözügedən dəyişiklik onun pensiya məbləğində artıma səbəb olacaq”.


Bundan başqa, dəyişikliklərdən biri vətəndaşın ödədiyi məcburi dövlət sosial siğorta haqqının çox hissəsinin onun fərdi hesabında toplanması ilə bağlıdır: “Bilirsiniz ki, məcburi dövlət sosial sığorta haqqının 22%-ni işəgötürən, 3%-ni isə vətəndaş ödəyir. Vətəndaşın ödədiyi məbləğin 50%-i onun hesabında əks olunurdu, digər 50%-i isə Dövlət Sosial Müdafiə Fondunun sərəncamında qalırdı. Bu, ədalətsizlik idi. Bizim təklifimizlə vətəndaşın ödədiyi vəsaitin 50%-i yox, 90%-i onun hesabında toplanacaq. Bu da gələcəkdə onun pensiya məbləğinin yüksək olmasına gətirib çıxaracaq”.
H.Rəcəbli bildirib ki, qanun layihəsində pensiya kapitallarına əlavə olunma imkanlarının yaradılması da nəzərdə tutulur: “Yəni əgər hazırda şəxs işləyən dövrdə az sosial sığorta haqları ödədiyi üçün pensiyaya çıxa bilmirdisə, artıq imkan yaradılacaq ki, istədiyi bankda hesab açsın və gəlirləri ilə onun üstünə əlavələr etməklə 110 manata çatdırsın ki, artıq pensiya ala bilsin”.
Müzakirələr zamanı çıxış edən qanun 1 yanvardan qüvvəyə minməli olduğu halda, onun 1 iyuldan qüvvəyə minməsi təkidlə təklif edilib.


Spiker “Bəzən məsələlər qalxır ki, bizdə pensiya yaşı Rusiya ilə müqyisədə fərqlidir. Ancaq digər incəliklər var ki, onu nəzərə almaq lazımdır” dedi. Eyni zamanda əlavə etdi ki, nazir Səlim Müslümovu prezident çağırdığı üçün üzr istəyib gedib. Ancaq müavini gələcək.


Deputat Fazil Mustafa bu qanun layihəsi ilə bağlı narahatlığı bölüşdüyünü bildirdi: “Səbəb anlaşılandır. Çünki əhalinin bir qrupu yaşa görə pensiyaya çıxmağa maraqlı deyil. Ona görə də bu məsələnin tərəfdar və əleyhdarı olacaq. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin aztəminatlı hissəsinə daha az zərər gəlməsi prinsipini əsas götürüb”. F.Mustafa pensiya yaşının artırılmasının əsl səbəbindən bəhs etdi: “Büdcədə neft vəsaitləri az olduğuna görə, dövlət bu yükü götürə bilmir. Özəl sektor isə bu yükü qarşılamağa hazır deyil. Yaponiyada, Almaniyada 67 yaşdır, yəni bizdən çoxdur. Sadəcə orada məşğulluq alternativləri genişdir. Bizdə bu alternativ olmadığına görə insanlar bunu həyəcanla qarşılayır. Digər tərəfdən bizdə orta ömür həddi 70-in altındadır, bir çox insanlar müalicə olunmaq imkanından məhrumdurlar”.


Spiker yaş həddinin yüksək olduğunu bildirdi: “Bizdə yaş həddi 70-in üstündədir. Qadınlarda orta yaş 78, kişilərdə 75-dir”.


Deputat Zahid Oruc dedi ki, o ölkədə sığorta sistemi yüksək səviyyədə işləyir ki, orada 75 faiz əhali işləyir: “Bizdə işsizlik faizi yuxarıdır, bu, hər birimizə bəllidir. Buradan bayıra çıxanda o insanlarla üzləşirik. Gəlirlər azaldıqca valyuta ehtiyalarının xərclənməsi müəyyən islahatları tələb edir. Lakin özəl sektorda əmək qabiliyyətli insanların 80 faizinin çalışmasına baxmayaraq, onların ödəmələri ümumi məbləğin 25 faizini keçmir. Deməli, pensiya yaşının qaldırılması üçün irəliyə sürülən arqumentlərdən biri-büdcə gəlirləri, gizli əmək haqlarının leqallaşdırlmasından keçməlidir”.


Deputat, dövlət qulluqçuları, yaxud prokurorluq orqanlarına yeni qanunun tətbiqinin yaradacağı fəsadlardan danışdı. O, eyni zamanda,hərbi qulluqçulara və polis orqanlarına yeni dəyişikliklərin şamil olunmamasını təqdir etdi.
Tahir Kərimli, Fərəc Quliyev də qanuna əlavə və dəyişikliklər təklif etdilər.


Əli Məsimli isə dedi ki, ölkədə sığorta-pensiya sistemində problem yaşda yox, əmək haqqı sistemindədir:


“İnsanları ödədikləri sosial sığorta haqqının 144-ə və ya Rusiyada olduğu kimi 234-ə bölünməsi maraqlandırmır. Onları alacaqları pensiya məbləği maraqlandırır. Bizdə əmək haqqının kölgəli olması sosial-sığorta sistemi üçün əsas problemlərdəndir”.

Qənirə Paşayeva diqqəti əmək müqaviləsi olmadan çalışan insanların pensiya təminatı məsələsinə yönəldib: “Ölkədə əmək müqaviləsi olmadan çalışan insanların sayı kifayət qədər çoxdur. Əmək müfəttişliyi bu məsələyə necə nəzarət edir? Gələcəkdə bu daha ciddi problem kimi özünü göstərəcək”.

Əmək və Əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, qanuna dəyişikliklər qəbul olunsa, kişilərin pensiya yaşı 4 il ərzində, qadınların pensiya yaşı 10 il ərzində 65-ə çatdırılacaq. Başqa sözlə, qanun layihəsinə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər, qadınlar üçün isə 2027-ci ilə qədər hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaş həddi 65-ə çatdırılacaq.


Beləliklə, etirazlara baxmayaraq, cəmi 3 nəfər eleyhinə olmaqla “Əmək pensiyaları haqqında” qanun səsə qoyularaq qəbul edildi. Bununla da pensiya yaşı həm qadınlar, həm də kişilər üçün 65 yaş müəyyən olundu. Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Bu dəyişikliklər indiyə qədər pensiyaya çıxanlara şamil edilməyəcək.

 
Advertisement Banner

Şərhlər