Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlıq müzakirə olunub

02.05.2017 21:03     Ecoreaksiya     1624

Mayın 2-də Daşkənddə Özbəkistan Baş nazirinin birinci müavini - “Özbəkistan Dəmir Yolları” SC idarə heyətinin sədri Açılbay Ramatovla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov arasında ikitərəfli görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, A.Ramatov nümayəndə heyətinin üzvlərini salamlayıb, əməkdaşlığın inkişafı istiqamətində görülən işlərdən danışıb. O bildirib ki, Özbəkistan şaxələnmiş nəqliyyat dəhlizlərinin inkişafında maraqlıdır və bu istiqamətdə işlər aparılır. O Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin reallaşması prosesindəki fəaliyyətini yüksək qiymətləndirib.

C.Qurbanov A.Ramatovu bu vəzifəyə təyin olunması münasibəti ilə təbrik edib və bildirib ki, Azərbaycan Özbəkistanla bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir

Azərbaycan dəmir yolunda həyata keçirilən islahatlardan danışan C.Qurbanov ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.

Ölkəmizin beynəlxalq və regional layihələrin reallaşması prosesində iştirakından danışan C.Qurbanov bildirib ki, Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb Nəqliyyat Dəhlizlərinin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına istiqamətlənib.

C.Qurbanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib və bildirib ki, qonşu dövlətin qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin həlli gecikir.

İkitərəfli görüşdə Azərbaycan ərazisindən keçən marşrutlara əlavə yük axınının cəlb olunması üçün bu istiqamətdə aparılan işlərin davam etdirilməsi, Çin-Qırğızıstan-Özbəkistan yeni dəmir yolu xəttinin perspektivləri, Azərbaycan və Özbəkistan dəmir yolları arasında ikitərəfli əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Reaksiya.az

Şərhlər