NEFTİN QİYMƏTİ 4 FUNDAMENTAL FAKTORDAN ASILIDIR

02.06.2017 12:48     Ecoreaksiya     1681

Zəfər Vəliyev: “Ölkələrin böyük əksəriyyəti sözdə hasilat həcmlərinin aşağı salınması ilə bağlı razılaşsalar da, ixrac həcmlərində ixtisarlar etmədilər”

 

 

"Neftin qiyməti 40 dollardan aşağı düşə bilər”. Bunu Rusiya maliyyə nazirinin müavini Vladimir Kolıçev deyib. Nazir müavini bildirib ki, OPEC və ona üzv olmayan ölkələr hasilatın azaldılması barədə anlaşmanın müddətini uzatsalar da, neft bazarında tarazlığın bərpa olunacağını demək çətindir. Kolıçevin sözlərinə görə, neft qiymətlərinin 40 dollardan aşağı düşmə riskləri mövcuddur:
 
"Ümumiyyətlə, neftin barelinin yaxın 5-7 il müddətində orta qiyməti 40-50 dollar təşkil edə bilər”. Rusiyalı nazir müavininin bədbin açıqlamasını "Şərq”ə şərh edən neft-qaz məsələləri üzrə ekspert Zəfər Vəliyev nikbin proqnoz verməyin mümkün olmadığını söyləyib. 
 
Ekspertin sözlərinə görə, qarşıdakı aylarda neftin qiymətində sıçrayış mümkün deyil, hətta neftin qiyməti 40 dollara kimi düşə bilər: 
 
 
"OPEC və 11 müstəqil neft hasilatçısı hasilatın azaldılması müddətinin 6 ay uzadılması ilə bağlı qərar vermişdi. Həmin qərardan sonra, yəni 2017-ci il, yanvarın 1-dən bu günə qədər hesab edilirdi ki, dünya üzrə həm stasionar anbarlarda, həm də üzən gəmilərdəki neft ehtiyatlarında 400 milyondan 600 milyona qədər azalma müşahidə olunacaq. Ancaq biz bu gözləntilərin reallaşmasının şahidi olmadıq. Hesab edirəm ki, müddətin 6 aydan 9 aya qədər uzadılması da əks effekt verəcək. Məsələ ondadır ki, qarşıdakı aylarda Vyana paktının qlobal neft bazarına təsiri bir neçə amildən asılı olacaq. 
 
Birinci amil sazişin effektli olub-olmaması, ikinci amil dünyada kommersiya ehtiyatlarındakı ümumi vəziyyət, üçüncü amil dünya neft bazarlarındakı durum, dördüncü amil isə ABŞ-dakı neft hasilatındakı vəziyyətdir. Bu dörd fundamental faktor qlobal neft bazarlarının gələcək taleyini həll edəcək. Niyə 6 aylıq müddətində Vyana paktı öz bəhrəsini vermədi? Çünki üzərinə öhdəlik götürən ölkələrin böyük əksəriyyəti sözdə hasilat həcmlərinin aşağı salınması ilə bağlı razılaşsalar da, ixrac həcmlərində ixtisarlar etmədilər. Nə Rusiya, nə də Səudiyyə Ərəbistanı sözünə sadiq çıxdı”. 
 
Ekspertin fikrincə, neftin qiymətini təhdid altına alan məsələlərdən biri də Çindəki iqtisadi vəziyyətlə bağlıdır: 
 
"Yəqin ki, iyul-avqust-sentyabr aylarında Çində, həm idxal həcmlərində azalmalar müşahidə olunacaq, həm də neftə olan tələbat azalacaq. Çində müstəqil emal zavodları əlavə neft tədarükü səlahiyyətindən məhrum edilib. Neft emalı zavodları iyul ayından başlayaraq, ümumiyyətlə, xaricə neft ixrac etməyəcəklər. Hökumət tərəfindən onlara qadağa qoyulub. Halbuki, Çinin idxal həcmlərinin 16 faizi müstəqil neft emalı zavodlarının payına düşür. İndi deyirlər ki, sazişin müddəti 9 ay uzadılıb, ilk baxışdan çox cəlbedici görünür. Lakin hamı bilir ki, 2018-ci ilin ilk üç ayında dünyada neftə olan tələbat olduqca aşağı düşür. 
 
Çünki bütün dövlətlər özlərinin yanacaq-enerji balanslarını məhz ilin əvvəlinə yaxın müəyyən edirlər. İxracatçı dövlətlər də yeni öhdəliklərini hər ilin ilk kvartalından sonra müəyyənləşdirirlər. Ona görə də 2018-ci ilin ilk üç ayında elə bir effekt olmayacaq. Yəni biz nə hesablayırıqsa, 6 ay ərzində hesablamalıyıq. Əslində neftin qiymətinin 55 dollara yaxınlaşması çox qəribədir. Nigeriya və Liviyada hasilat durmadan artır. Nigeriyada hasilat 820 min bareli keçib, sutkalıq hasilat həcmləri artıb. Belə vəziyyətdə gələcəklə bağlı nikbin proqnoz vermək mümkünsüzdür.
 

Şərhlər