Kassadan istifadə etməyənləri maliyyə sanksiyaları gözləyir

05.07.2017 12:20     Ecoreaksiya     1503

Avtomobil servis mərkəzində kassadan istifadə edilməməsi üçün nəzərdə tutulmuş cərimənin məbləği nə qədərdir və bu halda Vergilər Nazirliyi tərəfindən nə kimi tədbir görülür ?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən azərtac-ın bu sualına cavab olaraq bildirilib ki, nəqliyyat vasitələrinə texniki və digər xidmətlər işçilərin sayı iki nəfərdən çox olmayaraq həyata keçirildiyi halda, bu fəaliyyət növü üzrə nağd pul hesablaşmalarının aparılması üçün nəzarət-kassa aparatı quraşdırılmaya bilər.

Nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən aparılan zaman isə alıcıya qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən ciddi hesabat blanklarını təqdim etmək vergiödəyicisinin vəzifəsidir. İşçilərin sayı iki nəfərdən çox olduğu halda isə nağd pul hesablaşmalarının aparılması nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.

Nağd pul hesablaşmalarının aparılması qaydalarının, o cümlədən yuxarıda qeyd edilən tələblərin pozulmasına görə vergiödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, ikinci dəfə 800 manat, üç və daha çox yol verildikdə isə 1200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Reaksiya.az

Şərhlər