Maliyyə Nazirliyi 1,5 mln. manat vəsaitin büdcəyə ödənilməsini təmin edib

26.07.2017 13:53     Ecoreaksiya     1461

AzərbaycanMaliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mərkəzi aparatı tərəfindən 2017-ci ilin I yarısında risklərin qiymətləndirilməsinin nəticələrinə əsasən tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 5 rayon və şəhərə ayrılmış vəsaitlərin xərclənməsi yoxlanılıb. “Report” xəbər verir ki, yoxlamalar həmin rayon yaxud şəhərlərdə icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhərlər üzrə ərazi nümayəndəliklərinə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, həmçinin, 4 təhsil, 4 tibb, 1 meliorasiya və su təsərrüfatı müəssisəsinə, regional maliyyə müfəttişlikləri tərəfindən isə həmin müfəttişliklərin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini əhatə edib.

Cari ilin I yarısında DMNX tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ-hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunub, 1 489,4 min manat vəsaitin yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənməsini təmin edilib.

Bundan əlavə Nazirlik tərəfindən 1 200,4 min manatının nəzarət obyektlərinin bank hesablarına və kassalarına nağd qaydada ödənilməklə, 69,4 min manatının isə malgöndərən və podratçı təşkilatlara olan kreditor borcların azaldılması yolu ilə bərpası təmin edilib.

Açıqlamada deyilir ki, 6 büdcə təşkilatında aparılmış yoxlamalarla aşkar edilmiş 1 762,9 min manat məbləğində nöqsanların ciddiliyini nəzərə alaraq həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib. Qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanılmış ştat vahidləri ləğv edilib, həmçinin normativ-hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Bununla yanaşı, əvvəlki dövrlərdə DMNX tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 55,1 min manatının hesabat dövründə dövlət büdcəsinə bərpası təmin edilib.

Hesabat dövründə aparılmış yoxlamalarla İnzibati Xətalar Məcəlləsinin 410.3-cü maddəsində nəzərdə tutulan inzibati xətalara yol verilməsi müəyyən edilməklə ümumilikdə 107,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, 4 büdcə təşkilatı üzrə yoxlamaların nəticələrinə dair tərtib edilmiş sənədlər qərar qəbul edilməsi məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq Mingəçevir şəhər, Lənkəran, Beyləqan və Laçın rayon prokurorluqlarına göndərilib.

Bütün bunlarla yanaşı, DMNX-nin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına əsasən 5 təşkilatda prokurorluq orqanlarının məktublarında və qərarlarında qeyd olunan suallar yoxlanılıb və cəmi 169 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.

Hesabat dövründə, həmçinin, Baş Prokurorluğun məktubları ilə baxılması üçün Maliyyə Nazirliyinə göndərilmiş müraciətlər üzrə Şəki şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində və Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında, eləcə də DMNX-yə daxil olmuş müraciət üzrə Neftçala rayon İcra Hakimiyyətinin Neftçala rayon Kommunal Müəssisələri Kombinatında araşdırmalar aparılıb və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib. Habelə aşkar edilmiş nöqsanlar üzrə müvafiq tədbirlər görülməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə məktubla məlumat verilib.

Cari ilin I yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydalarına uyğun olaraq müvafiq protokollar tərtib edilib, İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 321 vəzifəli şəxsə 258,3 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar