Azərbaycan Dövlət Neft Fondunun vəsaitləri bu il 1,6 mlrd. dollar artıb

28.07.2017 12:56     Ecoreaksiya     1096

 Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitləri 1 643,9 mln. ABŞ dolları (büdcədənkənar gəlirlər 1 288,8 mln. dolları daxil olmaqla) və ya 4,96% artaraq 34 790,9 mln. dollara çatıb. “Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının yaydığı məlumatda qeyd edilir.

Məlumata əsasən, hesabat dövründə ARDNF-in gəlirlərinin ümumi həcmi 6 127,2 mln. manat və yaxud 3 504,7 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (8 370,6 mln. manat) 73,2% səviyyəsində yerinə yetirilib. Fondun xərcləri isə 5 533,8 mln. manat və ya 3 149,6 mln. dollar təşkil etməklə büdcədə nəzərdə tutulan məbləğə qarşı (14 483,9 mln. manat) 38,2% səviyyəsində icra edilib.

Fondun baza valyutasını təşkil edən ABŞ dolları ifadəsilə büdcədənkənar gəlirlər 1 288,8 mln. dollar təşkil edib, həmin dövr ərzində isə dollar ifadəsilə Fondun büdcədənkənar xərcləri olmayıb.

Cari ilin ilk yarısında Fondun investisiya portfelinin gəlirliyi 1,12% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 0,62 faiz bəndi çoxdur.

Palatanın açıqlamasına görə, gəlirliyin artımını xərclərin nəzərdə tutulmuş məbləğə qarşı az icra edilməsi və səhm yatırımları üzrə gəlirliyin keçən ilin müvafiq rəqəmləri ilə müqayisədə daha yüksək olması ilə əlaqələndirmək olar.

Fondun ümumi gəlirlərinin 6 aylıq dövr ərzində 73,2% icra edilməsinin əsas səbəbi kimi xam neftin ixrac qiymətinin dövlət büdcəsində 40 dollar/barel həcmində proqnozlaşdırılmasına baxmayaraq 6 aylıq dövr ərzində mənfəət neftinin orta çəkili satış qiymətinin 53 dollar/barel təşkil etməsi olub.

Ümumilikdə isə manat ifadəsilə Fondun vəsaitləri 2017-ci il iyulun 1-nə 57 474,2 mln. manat təşkil edib.

Fondun xərclərinin 6 aylıq dövr ərzində 38,2% icra edilməsini isə makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına (AMB) transfertin nəzərdə tutulmuş məbləğə qarşı (7 500,0 mln. manat) 32,7% az icra edilməsi ilə (2 448,3 mln. manat) əlaqələndirmək olar.

ARDNF tərəfindən 2017-ci il üçün dövlət büdcəsinə 6 100,0 mln. manat məbləğində nəzərdə tutulmuş transfert cari ilin altı ayı ərzində 2 991,0 mln. manat və ya 49,1% səviyyəsində icra edilib.

Reaksiya.az

Şərhlər