“Azərbaycan vətəndaşları sabitliyə, inkişafa səs verəcəklər” – Şura üzvü

09.02.2018 12:11     Ecoreaksiya     1861

“Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi haqqında 5 fevral tarixli sərəncamı Konstitusiyaya uyğundur, son referendumda Konstitusiyaya edilən dəyişikliyi özündə ehtiva edir ”.

Bunu  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib.

E. Həsənli deyib ki, bu il ölkədə həm beynəlxalq, həm də yerli miqyasda böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub: “Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan ordusunun 100 illiyi təntənəli surətdə qeyd ediləcək. Prezidentin sərəncamı Azərbaycanın hərtərəfli dövlət və milli maraqlarına uyğundur. İstər beynəlxalq münasibətlər, istər daxili proseslər, istərsə də qanunvericilik aspektindən bu qərar zamanın tələbinə və Azərbaycanın dövlət maraqlarına uyğundur”.

Şura üzvü qeyd edib ki, bu gün Azərbaycan müstəqil və güclü siyasət aparır: “Sosial şəbəkələrdə və mətbuatda oxuyuruq ki, bəzi şəxslər, partiyalar bəzi fikirlər bildirirlər. Siyasi partiyaların işi birinci növbədə seçkiyə hazır olmaqdır. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası hər gün seçkiyə hazırdır. Elə qurultayın keçirilməsindən də aydın oldu ki, hakim partiya kifayət qədər hazırdır bu proseslərə. Resursları, yerlərdə dayağı olan partiya həmişə seçkiyə hazır olmalıdır. İstər bələdiyyə, istər parlament, istərsə də prezident seçkiləri, istərsə də referendum olsun, partiyanın birinci işi seçkilərə hazır olmaqdır. Avropada, xüsusən qardaş Türkiyədə tez-tez rast gəlirik ki, növbədənkənar seçkilər keçirilir, bu, dünya təcrübəsində olan və normal bir şeydir. Azərbaycan xalqı da 11 apreldə öz seçimini edəcək. Azərbaycan vətəndaşları sabitliyə, inkişafa səs verəcəklər. Azərbaycan vətəndaşları Azərbaycan dövlətinin uğurlarını davam etdirməsində maraqlıdırlar. Vətəndaşlarımız dünyada gedən prosesləri çox gözəl bilir, təhlil edirlər və Azərbaycanda ictimai-siyasi sabitliyi dəstəkləyirlər”.

Reaksiya.az

Şərhlər