SOCAR 1000 işçisini dənizdən sahilə ÇIXARIR

30.03.2018 12:37     Ecoreaksiya     1341

Martın 30 və 31-də açıq dənizdə küləyin sürətinin arabir 30 m/s-ə (Dalğanın hündürlüyü 3-5, bəzən 5-7 metr) çatacağı gözlənilir. Bununla əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə “Azneft” İstehsalat Birliyi tərəfindən dəniz Neft-Qaz Çıxarma İdarəsinin bütün sahələrinə hava haqqında telefonoqrama göndərilib.

Bu barədə “Azneft” İstehsalat Birliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində təmir - tikinti işləri, hündürlükdə və yükqaldırma və digər təhlükəli işlərin məhdudlaşdırılması, nəqliyyat və işçilərin estakada və ya özülün istehsalat sahələrində hərəkət etməsinə məhdudiyyət qoyulması, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə yazılı və şifahi formada göstərişlər verilib.

Rəsmi məlumata görə, idarə aparatı və sahələrdə növbətçilik təşkil olunub. Dəniz neft-qaz çıxarma obyektlərində yalnız mütləq zərurət tələb etdiyi qədər növbətçilər saxlanılıb.

Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Bundan əlavə mümkün fövqəladə vəziyyətə cavab olaraq digər təşkilat və qurumlarla birgə əlaqəli tədbirlərin həyata keçirilməsi və mövcud vəziyyətin daimi nəzarətdə saxlanılması davam etməkdədir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar