Neft Fondu indiyədək “Cənub Qaz Dəhlizi” layihəsinə 1,5 milyard manat xərcləyib

20.04.2018 11:32     Ecoreaksiya     1516

“Cənub Qaz Dəhlizi” layihəsi üzrə “Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin – CQD nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsinə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən bu vaxtadək ümumilikdə 1 milyard 530,3 milyon manat vəsait ayrılıb.

Bu barədə azərtac-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Xatırladaq ki, “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 fevral tarixli Sərəncamının icrasına uyğun olaraq “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri və Trans-Adriatik Boru Kəməri layihələrinin idarə edilməsini təmin etmək məqsədilə SOCAR tərəfindən nizamnamə kapitalı 100 milyon ABŞ dolları məbləğində olan və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi Dövlət Neft Şirkətinə məxsus olan “Cənub Qaz Dəhlizi” QSC təsis edilib. Sərəncamın 2-ci bəndində müəyyən edildiyi kimi, Dövlət Neft Fonduna QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsi, eləcə də CQD-yə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə cəmiyyətə uzunmüddətli investisiya edilməsi tapşırılıb. QSC-nin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Həmin səhmlər üzrə dividendlər Dövlət Neft Fonduna köçürüləcək.

2014-cü il aprelin 14-də Dövlət Neft Fondu tərəfindən QSC-nin birbaşa dövlət mülkiyyətində olan hissəsinin maliyyələşdirilməsini təmin etmək məqsədilə 51 milyon ABŞ dolları və yaxud 40 milyon manat məbləğində vəsait İqtisadiyyat Nazirliyinin dövlət xəzinədarlığındakı müvafiq hesabına köçürülüb.

Qeyd edilən Sərəncama əsasən Dövlət Neft Fondu tərəfindən 2014-cü il ərzində QSC-yə keçən layihələrdəki iştirak paylarının maliyyələşdirilməsi üçün 2 milyard 517 milyon dollar məbləğində vəsait geri qaytarılmaq şərti ilə CQD-yə uzunmüddətli investisiya edilib.

Layihələrin həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyasının layihələrin QSC tərəfindən maliyyələşdirilməsi mexanizminin müəyyənləşdirilməsi haqqında 2014-cü il 9 iyul tarixli Qərarının ikinci bəndinə əsasən 2015-ci ildən etibarən layihələrin maliyyələşdirilməsi CQD-nin nizamnamə kapitalının İqtisadiyyat Nazirliyi və SOCAR-a məxsus paylarının faiz nisbətinin qorunması şərti ilə hər iki aydan bir artırılması şəklində səhmdarlar tərəfindən həyata keçirilməsi qərara alınıb. Bununla bağlı 2017-ci il iyunun 31-i tarixə qədər QSC-nin Müşahidə Şurasının və Ümumi Yığıncağının müvafiq qərarlarına əsasən nizamnamə kapitalı 2 milyard 415,8 milyon dollar məbləğinə qədər artırılıb. Belə ki, Dövlət Neft Fondu tərəfindən QSC-nin nizamnamə kapitalının artırılması üçün ümumilikdə 1 milyard 232,1 milyon dollar (51 faiz) vəsait ayrılıb. Dövlət Neft Fondu “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi üzrə payına düşən öhdəliklərin yerinə yetirdiyini nəzərə alaraq, 2018-ci ildə bu layihəyə dair ödənişlər Neft Fondunun büdcəsinə daxil edilməyib.

Qeyd edək ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizinin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu boru kəmərləri zənciri Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan Cənub Qaz Dəhlizi vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının bu ilin iyulunda Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.

Reaksiya.az

Şərhlər