Energetika naziri: “Bu ilin 9 ayı ərzində respublikada elektrik enerjisinin istehsalı 17 mlrd. kVt/saat olub”

19.10.2018 10:31     Ecoreaksiya     1062

"Son 15 il ərzində ümumi gücü 856,8 MVt olan 7 modul tipli ES, 525 MVt gücündə qaz-turbin tipli “Sumqayıt” İES, 780 MVt-lıq qaz-turbin tipli “Cənub”ES və ümumi gücü 151,4 MVt olan 13 SES istismara verilib". 

“Report” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “Azərbaycan” qəzetində çıxan məqaləsində qeyd edib.

Onun sözlərinə görə, 2015-ci ildə 20 MVt-lıq Naxçıvan Günəş Elektrik Stansiyası istifdəyə verilib: “2017-ci ildə isə onun gücü 22 MVt-a qədər artırılıb. Bundan başqa, yenidənqurma işləri nəticəsində Mingəçevir SES-in gücü 424,6 MVt-a, Varvara SES-in gücü isə 17 MVt-a çatdırılıb. Respublikada generasiya gücünün artırılması ilə yanaşı, energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 23 436 MVA olan 110-500 kV-luq 212 yarımstansiya fəaliyyət göstərməkdədir.Beləliklə, energetika sektorunda həyata keçirilən kompleks tədbirlər nəticəsində müstəqillik dövründə 3068,3 MVt gücündə 28 yeni elektrik stansiyasının istismara verilməsi ilə hazırda ölkədə fəaliyyət göstərən elektrik stansiyalarının sayı 32-ə çatdırılıb. Bu stansiyaların energetika sistemində ümumi gücü 6294,7 MVt-dır. Bundan başqa, respublikda müstəqil elektrik stansiyaları da fəaliyyət göstərir ki, onların ümumi qoyuluş gücü 844,4 MVt-dır. Beləliklə, ölkədə fəaliyyətdə olan elektrik stansiyalarının ümumi qoyuluş gücü hazırda 7139,1 MVt təşkil edir. Generasiya gücünün artımı hesabına 2006-cı ildə enerji istehsalı ən yüksək həddə (24,54 mlrd kVt/saat) çatdırılıb, qənaətcil texnologiyanın tətbiqi və enerji qənaəti 2010-cu ildə istehlakın azalmasına, bu da öz növbəsində istehsalın 18,71 mlrd. kVt/saat-a qədər məhdudlaşdırılmasına şərait yaradıb. Hazırki istehlak artımı isə iri sənaye müəssisələrinin istismara buraxılması ilə bağlıdır. Belə ki, 2017-ci ildə respublika üzrə elektrik enerjisinin ümumi istehsalı 24,337 mlrd. kVt/saat təşkil edib”.

Nazir son 9 ayda energetika sahəsində görülən işlərdən də bəhs edib: “Bu ilin 9 ayı ərzində respublikada elektrik enerjisinin istehsalı 17 mlrd. kVt/saat olub, İstilik Elektrik Stansiyalarında 15,5 mlrd. kVt/saat, Su Elektrik Stansiyalarında 1,4 mlrd. kVt/saat, Naxçıvan Günəş Elektrik Stansiyasında 28,4 mln.kVt/saat elektrik enerjisi istehsal edilib. Bu müddətdə alternativ və bərpa olunan enerji mənbələri hesabına Dövlət Agentliyinin tabeliyindəki “Azalternativenerji” MMC tərəfindən 6,7 mln. kVt/saat elektrik enerjisi istehsal olunub. Ümumilikdə, cari ilin 9 ayında elektrik enerjisinin istehsalına 3 milyard 701,5 milyon kubmetr təbii qaz sərf edilib. Mütərəqqi hal isə ondan ibarətdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1kilovat-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfi 18,6 qram azalıb, yəni 279,5 min ton şərti yanacağa qənaət edilib”.

Reaksiya.az

Şərhlər