“Report”: FED-in növbəti iclasına qədər 1 avro 1,2 dollara bərabər ola bilər - ANALİTİKA

04.02.2019 15:17     Ecoreaksiya     942

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) Açıq Bazar Əməliyyatları Komitəsinin yanvarın 29-30-da keçirilmiş son iclasında uçot dərəcəsinin 2,25-2,5% səviyyəsində saxlanılmasına qərar verildi.

“Report”un analitik qrupu hesab edir ki, bununla qurum maliyyə bazarlarında dolların bahalaşması prosesini bir qədər ləngitmək mövqeyi seçdiyini ifadə etdi.

Faizlərin sabit saxlanması ABŞ-ın aparıcı fond birjası indeksi “Dow Jones”un 25 min bəndlik psixoloji həddi keçməsi ilə eyni vaxtda baş verdi. Hətta ABŞ Prezidenti Donald Tramp “Twitter” sosial şəbəkəsindəki açıqlamasında diqqəti bu məsələyə yönəltdi. Bu isə belə düşünməyə əsas verir ki, dövlət başçısı ölkə iqtisadiyyatının vəziyyyətindən narahat deyil və uçot dərəcəsinin dəyişdirilməməsindən məmnun qalıb.

FED-in iclasından sonra mətbuat konfransı keçirən qurumun rəhbəri Cerom Pauel daha çox Böyük Britaniyanın Avropa İttifaqının tərk etməsi (“Brexit”) barədə danışıb və bu məsələnin ABŞ iqtisadiyyatına ziddiyətli siqnallar göndərdiyini bildirib. “FED maliyyə bazarlarında baş verən əksər hadisələrə reaksiya vermir, lakin hansısa dəyişiklik davamlı olduqda bu, düşüncə tərzimizə təsir edir”, – o deyib.

FED-in qərarı dünyada dolların mövqeyinə bir qədər təsir edib. Məsələn, Amerika valyutası avro qarşısında cüzi dəyərdən düşüb və USD/EUR nisbəti 1,15-ə yaxınlaşıb. Avropa valyutası ilə yanaşı, digər inkişaf etməkdə olan ölkələrin də milli valyutaları bir qədər dəyər qazanıb. Bu baxımdan İndoneziya rupisi, Çili pesosu və Türkiyə lirəsi ilk 3-lükdə yer alıb.

Dolların ucuzlaşması prosesi davam edəcək. USD/EUR nisbətinin FED-un növbəti iclasına qədər (19-20 mart) 1,2-ə çatması mümkündür. 

Reaksiya.az

Şərhlər