“PREZİDENTİN FƏRMANI PROBLEMLİ BORCU OLANLARIN 90-95 FAİZ HİSSƏSİNİ ƏHATƏ EDƏCƏK” - AÇIQLAMA

01.03.2019 14:36     Ecoreaksiya     960

"Prezidentin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzaladığı Fərman olduqca mürəkkəb xarakter daşıyan məsələnin həlli yolunu ortaya qoydu”.
 
Bunu "Sherg.az”a açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
 
Ekspert bildirib ki, prosesə ən geci 3 aydan sonra başlanılacaq və mexanizmlə bağlı problemin iştirakçısı olan tərəflər üçün aydın olmayan, izah edilməsi tələb edilən hansı məsələlər varsa, bu müddət ərzində cavabını tapacaq: 
 
"Fərman birincisi, problemli kreditlər məsələsində yalnız fiziki şəxslərə - vətəndaşlara aiddir. Fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi, qalığı ödəniləcək. Özü də "geri ödəniş” və yaxud kompensasiya milli valyutada, yəni manat şəklində ödəniləcək. İkincisi isə, kompensasiya bütün borcu olanlar üçün eyni cür deyil, üç qaydada, yəni ayrı-ayrı mexanizm əsasında həyata keçiriləcək. 2015-ci ilin fevralın 21-dək borc götürən şəxslərə 1 ABŞ dollarına 0,25 manat ekvivalentində, həmin ilin fevralın 21-dən dekabrın 21-dək olan dövr ərzində götürənlərə isə 1 ABŞ dollarına 0,6 manat qaydasında ödəniləcək. Çünki Mərkəzi Bank tərəfindən 2015-ci ilin fevralın və dekabrın 21-i tarixlərində olmaqla, rəsmən iki dəfə devalvasiya baş verib: birincidə, 1 dollar 0,78 qəpikdən 1 manat 5 qəpiyə, ikincidə isə 1 dollar 1 manat 55 qəpiyə qaldırılmaqla. Hazırda məlum olduğu kimi 1 manat 70 qəpikdir”.
P.Heydərovun sözlərinə görə, bütün bu qayda və mexanizmlər əsasında icra olunacaq ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının bağlanılmasına yönəldiləcək: 
 
"Qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək. Ümumiyyətlə, devalvasiyalardan sonra yaranmış çətinliyə baxmayaraq, kredit borcunu ödəyib qutarmış vətəndaşlar da kompensasiyadan kənarda qalmayacaq. Onlara da artıq ödədikləri vəsaitlərə görə bayaq qeyd etdiyim qayda və mexanizmlərə əsasən müvafiq geri ödəniş olacaq. Bu, sözügedən sənədin çox mütərəqqi xarakter daşıdığının ən bariz nümunəsi və mühüm göstəricilərindən biridir. Ümumiyyətlə, problemli kreditlərin həlli istiqamətində Prezidentin imzaladığı Fərmanla atılacaq addım balansın qorunması və bütün tərəflərin hüquqlarını təmin etmək baxımından, çox mükəmməldir. 
 
Təsadüfi deyil ki, hər bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 ABŞ dollarından, yəni buna manatla ekvivalentindən çox təşkil edə bilməyəcək. Yerdə qalan məbləğin də asan və yenidən razılaşdırılmış formada ödənilməsinə nail olmaq üçün isə, Fərmanla Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 milyon manat məbləğində güzəştli kredit vəsaiti veriləcək. Özü də dövlət zəmanəti ilə təmin edilmiş şəkildə. Üstəlik, kompensasiyaların ödənişi nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə də ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları müqabilində, yəni dəyərində xarici valyuta şəklində, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızlar verilməsi təmin ediləcək”.
 
İqtisadçı xatırladıb ki, bütövlükdə problemli kreditlərin məbləği 1 milyard 600 milyon manat ətrafındadır. 
 
Bunun da ABŞ dolları ilə olan hissəsinin həcmi 811 milyon manat məbləğindədir: "Yeri gəlmişkən, problemin həlli ehtiyatlı olmağı tələb edirdi və məsələni təkcə pul ayırmaqla həll etmək mümkün deyildi. Dövlət indiyədək çoxdan tələb olunan məbləğdə vəsaiti ayıraraq, problemi həll etmişdi. Lakin iqtisadiyyatın öz qanunları və ortada məsuliyyət, cavabdehlik məsələləri olduğundan, bunları nəzərə almaq lazım idi.
 
 Sözün qısası, borcunu ödəyib qutarmış vətəndaşlar artıq ödədiklərini geri almaqla yanaşı, borcunu hələ də ödəyən digərləri isə indiyədək artıq ödədiklərini geri ala biləcək, ödəyə bilmədiklərinə görəsə üzləşdikləri cərimə, dəbbə kimi məbləğlər vermək sarıdan bir çox çətinlik və sədlərdən xilas olacaqlar. 
 
O ki qaldı, banklara 10 min dollardan yuxarı məbləğdə borcu olanlar niyə nəzərə alınmadı sualına, məsələ bundadır ki, əhalinin problemli kreditlər adlı yükü belində daşıyan təbəqəsinin 10 min dollardan çox və yaxud 17 min manatdan yüksək borc götürən hissəsi həssas qrup və dairə deyil. Təqribi hesablamalara görə, Prezidentin fərmanı problemli borcu olanların 90-95 faiz hissəsini əhatə edəcək. Bu isə sözünü deyir”.

Şərhlər