Rusiya şirkətləri Bakıya yerləşir

05.04.2019 14:15     Ecoreaksiya     1373

Ölkələrarası iqtisadi əlaqələrin güclənməsi nə vəd edir?

Aprelin 4-də Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana səfəri başlayıb. Səfərin ilk günündə prezident İlham Əliyev rusiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

D.Manturovla yanaşı, Bakıya iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən kənd təsərrüfatı, İKT, avtomobil istehsalı, kimya sənayesi və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox Rusiya şirkətinin nümayəndələri gəlib.

D.Manturovun səfəri çərçivəsində iki ölkənin sahibkarlarının iştirakı ilə tədbir keçirilib. Tədbirə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti v.i.e. Yusif Abdullayev və Rusiya İxrac Mərkəzinin baş direktoru Andrey Slepnev də qatılıb.

“Ölkə rəhbərlərinin siyasəti sayəsində bu gün Azərbaycanla Rusiya arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafına böyük diqqət ayrılması, bir sıra uğurlu layihələr həyata keçirilməsi çox sevindiricidir”.

Bunu Azərbaycan-Rusiya Biznes Şurasının sədri Səməd Qurbanov Bakıda keçirilən “Rusiya sənaye müəssisələrinin Azərbaycandakı biznes missiyası” tədbirində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiyanın biznes şuraları daim əlaqədə çalışırlar.

Ölkələrimizin işgüzar dairələri arasında əlaqələrin qurulması vacib istiqamətdir. Ən perspektivli vəzifələrdən biri isə üçüncü ölkələrin bazarlarına çıxış üçün birgə layihələrin həyata keçirilməsi və birgə müəssisələrin yaradılmasıdır”, - şura sədri bildirib.

Rusiya və Azərbaycan əməkdaşlıq üzrə geniş perspektivlərə malikdir.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Manturovun iştirakı ilə baş tutan tədbirdə deyib.

Ş.Mustafayev bildirib ki, bu günə qədər Rusiya Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya qoyub. Azərbaycana Rusiyanın yatırdığı investisiyaların məbləği 1,2 mlrd. dollardan çoxdur.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, İKT, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə 700-ə yaxın Rusiya kapitallı müəssisə fəaliyyət göstərir.

***

Rusiyalı nazirin Bakı səfəri çox ciddi müzakirələr doğurub. 5 ildir Qərbin sanksiyaları altında inildəyən şimal qonşumuzun 60-dan çox şirkətinin Bakıda yerləşməsinin, Rusiyanın ölkəmizə investisiya yatırmasının müsbət və ya mənfi nəticələrinin olub-olmayacağı yönündə müxtəlif fikirlər səslənir. Xüsusilə hər iki ölkənin sənayesinin birlikdə işlədilməsinin verə biləcəyi sonuclardan daha çox söz açılır. Rusiya tərəfindən Azərbaycana yatırılan investisiyaların gələcəkdə nələr vəd etməsi ilə bağlı səslənən fikirlər fərqlidir.

 

Samir Əliyev ile ilgili görsel sonucu

 

İqtisadçı-ekspert Samir Əliyev “Yeni Müsavat”a səfəri bu cür dəyərləndirdi: “Rusiyadan bir qrup nümayəndə heyəti gəlib və analoji proseslər əslində Azərbaycanda da gedir. Ölkəmizdən ayrı-ayrı şirkətlərin müxtəlif ölkələrə getdiklərini mətbuatdan tez-tez görürük. Belə baxanda burada qeyri-adi bir şey yoxdur. Hətta bunu normal da qarşılamaq olar. Çünki hər bir dövlət bazarlar axtarır. Rusiya bizim əsas ticarət tərəfdaşlarımızdan biridir. Ən böyük idxalatçı ölkədir. Eyni zamanda qeyri-neft ixrac etdiyimiz ən böyük ölkələrdən biridir. Bu baxımdan ticarət partnyorumuzdur. Amma istənilən halda son iqtisadi təmaslar müəyyən narahatlıqlar yaradıb. Çünki Rusiyaya ciddi sanksiyalar tətbiq olunur. Şimal qonşumuzun manevr imkanları getdikcə məhdudlaşır. Rusiyanın bazarlara çıxış imkanları da məhdudlaşmaqdadır. Əgər əvvəllər bu sanksiyalar uzunmüddətli borc bazarına çıxışla bağlı idisə, indi daha sərtdir. Təbii olaraq da belə suallar yaranır ki, bunun Azərbaycana təsirləri necə ola bilər? Hər bir halda Azərbaycana neqativ təsirləri mümkündür. Rusiya mövcud vəziyyətdən çıxış edərək çalışır ki, qonşu ölkələrlə əməkdaşlıq etsin, biznesinin müəyyən hissəsini həmin ölkələrə keçirsin. Azərbaycan da bu vəziyyətdə uğurlu təklif gələrsə, bunu dəyərləndirib faydalanmalıdır.

Ancaq bir şərtlə ki, bu əməkdaşlıq gələcəkdə Azərbaycana təhlükə yaratmasın. Belə hallarda gəlir əsas məsələ deyil. Çünki biz bilmirik ki, Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsi hansı istiqamətlər üzrə olacaq. Elə sanksiyalar ola bilər ki, rus şirkətləri ilə əməkdaşlıq edən ölkələr və ya şirkətlər Amerika, Avropa şirkətləri ilə əməkdaşlıq edə bilməsinlər. Yaxud da onlar bank hesablarından istifadə edə bilməsinlər. Bu tipli daha sərt məhdudiyyətlər qoyula bilər. Amma bu gün belə bir narahatlıq yoxdur. Lakin qarantiya vermək də mümkün deyil ki, sabah belə bir qərarlar verilməyəcək. Açığıb mən çox istərdim ki, Azərbaycan daha çox Avropa bazarlarına üz tutub orada yer tutsun. Məsələ burada odur ki, bizim Avropa bazarlarına çıxmaq potensialımız olsa da, imkanlarımız məhduddur. Söhbət keyfiyyətli məhsul istehsalından gedir. Avropa bazarlarına çox məhdud şəkildə çıxırıq. Amma Rusiyaya daha rahat çıxa bilirik. Bu bazar da kifayət qədər böyükdür. Bir çox ölkələr də bu bazara çıxmaq istəyir. Bundan istifadə etmək yaxşıdır, amma milli məsələləri də mütləq nəzərə almaq lazımdır ki, gələcəkdə problemlərlə üzləşməyək”.

İqtisadçı-ekspert Rusiyadan Azərbaycana yatırılan investisiyalara da toxundu: “Son məlumatlar onu göstərir ki, Azərbaycana qoyulan investisiyalarda azalma var. Buna da təəssüflənməmək mümkün deyil. Qoyulan investisiyalarda qeyri-neft sektoru üstünlük təşkil edirdi. Amma son vaxtlar bu sektora da qoyulan investisiyalarda azalmalar müşahidə olunur. Bu da ölkə iqtisadiyyatı üçün arzuolunan hal deyil. İnvestisiya qoyulan ölkələrə şərait yaratmalıyıq ki, gəlib yatızdırsınlar. Burada da qeyri-qanuni pullar istisna olunmalıdır. Rusiya əgər investisiya qoymaq istəyirsə, bu müsbət dəyərləndirilməlidir. Məncə, burada problem də yoxdur”.(musavat)


Reaksiya.az

 

Şərhlər