Fazil Mustafa: “Elektrik enerjisinə tətbiq olunan limitlə bağlı işlər başlanıb”

07.05.2019 12:56     Ecoreaksiya     1211

Natiq Cəfərli: “Limit tamamilə ləğv olunmalıdır”

Azərbaycanda əhalinin qaz istehlakına tətbiq olunan illik limit artırıldıqdan sonra diqqətlər elektrik enerjisi istehlakındakı limitə yönəlib. Qarşıdan isti yay mövsümünün gəldiyini nəzərə alsaq, bu məsələnin getdikcə daha da aktuallaşacağını söyləyə bilərik.

Azərbaycanda təbii qazda olduğu kimi, elektrik enerjisi istehsalı, ötürülməsi və paylanması dövlətin nəzarətindədir. Dövlət həm enerji istehsalının artırılmasına, həm paylayıcı şəbəkələrin gücləndirilməsinə irihəcmli vəsaitlər sərf edir. Bundan əlavə,  enerji istehsalı müəssisələrinin tikintisinə, ötürmə və paylama şəbəkələrinin təkmilləşdirilməsinə xaricdən alınan böyük həcmli kreditlərə dövlət zəmanəti verilir. Ötən ilin iyulunda Azərbaycanın enerji sistemində baş verən böyük qəzadan sonra enerji təchizatı sistemində irihəcmli işlərin görülməsinə başlanıb. Qəzadan sonra yaradılmış dövlət komissiyası Energetika Nazirliyinin dəstəyi və xarici mütəxəssislərin iştirakı ilə xüsusi reabilitasiya proqramı hazırlanıb. Üç illik dövrü əhatə edən proqramın maliyyə tutumu açıqlanmasa da, onun nəzərdə tutduğu tədbirlərin həyata keçirilməsi üçün ötən il ərzində “Azərenerji” ASC-yə 140 milyon manat vəsait ayrılıb. Bundan əlavə, enerji istehsalı müəssisələrinə qazın hər 1000 kubmetri 120 manata satılır. Ötən il dövlət xaricdən alınaraq bu müəssisələrə ucuz qiymətə verilən qaza görə SOCAR-a 300 milyon manat əlavə vəsait ayırıb.

Ölkənin  enerji balansından aydın olur ki, əhalinin illik elektrik enerjisi istehlakı 5-8 milyard kVtsaat ətrafındadır. Son 5 ildə ən yüksək istehlak - 8 milyard 71,5 milyon kVtsaat limitin tətbiq olunduğu 2016-cı ildə qeydə alınıb. 2017-ci ilə ev təsərrüfatları tərəfindən istehlak olunan elektrik enerjisi 7  milyard 134,6 milyon kVtsaata düşüb.

Əhali üçün təbii qazdan və elektrik enerjisindən istifadəyə limit tətbiq olunarkən Azərbaycanda qaz istehsalı daxili tələbatı təmin etməyə imkan vermirdi. Amma enerji istehsalı ilə bağlı bunu demək mümkün deyil, çünki istehsal daxili tələbatı tam qarşılamaq gücündəydi. İndi isə istehsal daha da artıb və artıq Azərbaycan xaricə elektrik enerjisi satmağa başlayıb. Bu ilin birinci rübündə xaricə 38,4 milyon dollarlıq elektrik enerjisi satılıb. Bu günlərdə verilən məlumata görə, Azərbaycan Yunanıstan, Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. Belə ki, artıq mayın 1-dən “Azərenerji” ASC Gürcüstan və Türkiyədən tranzit yolu ilə Yunanıstana, eyni zamanda Gürcüstan, Türkiyə və Bolqarıstandan tranzit yolu ilə Rumıniya və Macarıstana elektrik enerjisinin ixracına başlayıb. May ayı üçün enerji idxalı ilə bağlı Yunanıstandakı hərracda 7, Bolqarıstandakı hərracda 5 şirkət iştirakçı olub ki, onların hər ikisində “Azərenerji” uğur əldə edib. Dövlət şirkəti qarşıdakı aylarda Avstriya və İtaliyaya da elektrik enerjisi ixrac etməyi planlaşdırır.

Göründüyü kimi, ölkənin elektrik enerjisi ilə təminatı sahəsində hansısa problem yoxdur. Bu halda, əhalinin enerji istehlakına tətbiq olunan limitin artırılması, yaxud tamamilə ləğvi niyə də mümkün olmasın?

Xatırladaq ki, hazırda əhali qrupu üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Artıq bir çox mənbələr elektrik enerjisi limiti ilə bağlı hökumət tərəfindən işlər aparıldığına dair məlumatlar yaymaqdadılar.

Deputat Fazil Qəzənfəroğlunun “Yeni Müsavat”a dediyinə görə, enerji limiti ilə bağlı da müəyyən addımların atılması gözlənilir: “Bizdə olan məlumata görə, bu sahədə müəyyən işlər başlanıb, müəyyən addımları atılması gözlənilir. Bu işlərin yekunu olaraq hansı addımın atılacağını söyləmək çətindir -  limit nə qədər artırılacaq, yaxud ləğv olunacaq. Amma hesab edirik ki, bu, vacibdir. Qarşıdan yay gəlir, əhali kondisionerdən istifadə etdikdə limitin keçilməsi qaçılmaz olur ki, bu da borcların yaranmasına səbəb olur. Elektrik enerjisi limiti aylıq olduğu üçün borcları ödəməyən insanların enerji təchizatının dayandırılması təhlükəsi yaranır. Qazdan istifadə olunmayan, yaxud qaz təchizatında müəyyən çətinliklər olan ərazilərdə yaşayan insanlar qışda da böyük xərclərlə üzləşirlər. Çünki onlar istilik üçün də elektrik enerjisindən istifadə etməyə məcbur olurlar”.

Deputatın fikrincə, qaz və elektrik enerjisinə limit müəyyənləşdirilərkən əhalinin ödəmə qabiliyyəti nəzərə alınmalıdır:“Bu vətəndaşın qaza-işığa xərclədiyi puldan əlavə, qidalanmağa, sağlamlığına xərcləməyə də pulu qalmalıdır. Bir çox insanların əmək haqları, digər gəlirləri yetərli səviyyədə deyil. Bundan əlavə, işsizlik problemi də var. Ona görə də bu kimi məsələlərdə hökumət mütləq vətəndaşın durumunu nəzərə almalıdır”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Natiq Cəfərli isə hesab edir ki, ümumiyyətlə, Azərbaycanda əhalinin istifadə etdiyi qaz və enerjiyə limitin tətbiq olunması yanlış addımdır: “Azərbaycan kimi ölkələrdə limitlərin tətbiqi doğru yanaşma deyil. Çünki Azərbaycan özü enerji ölkəsidir -  qazı da, enerjini də özü istehsal edir. Və bu, özəl sektorun deyil, dövlətin əlindədir. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına infrastruktur qurulur. Bir vergi ödəyicisi kimi hamımız dövlət büdcəsinin formalaşmasında iştirak edirik. Yəni dolayısı ilə qazın və elektrik enerjisinin istehsalı xərclərində iştirak etməklə, artıq aldığımız qaz-işığın bir hissəsinin pulunu ödəmiş oluruq. Buna görə də təbii qaz və elektrik enerjisinə limitin tətbiq olunması kökündən yanlış addım idi. Bu yanlışın bir hissəsini təbii qaz limitini artırmaqla müəyyən qədər aradan qaldırıblar. Aşağı-yuxarı, illik 2200 kubmetrlik limit əhali istehlakçılarının 80-85 faizini qaneedəcək səviyyədədir. Çünki 100 kvmetrə qədər olan mənzillərin istiliklə təchiz olunmasına yetəcək. Mənzillərinin sahəsi bundan yuxarı olan 15 faizədək istehlakçılarda problem azalsa da, tamamən aradan qalxmayacaq”.

N.Cəfərli bildirir ki, elektrik enerjisi limitinin aylıq tətbiq olunması insanları ciddi çətinliklə üzləşdirir: “Çoxuşaqlı ailələr var ki, aylıq limiti keçməyə məcburdurlar. Bu isə onların büdcəsi üçün ciddi yük yaradır. Elektrik enerjisinə tətbiq olunan limit tamamilə ləğv olunmalıdır. Çünki limitsiz istehlaka tətbiq olunan qiymət  - hər kVtsaat üçün 7 qəpik bizim regionumuz üçün kifayət qədər yüksək qiymətdir. Bu baxımdan, limitin ləğv olunması vacibdir. Ləğv olunarsa, əhalinin illik azı 100 manat əlavə vəsait xərcləməsinin qarşısı alınmış olar”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar