İki neft ölkəsinin iqtisadi ittifaqı

15.11.2019 15:39     Ecoreaksiya     935

Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət münasibətləri böyüməkdədir. Belə ki, bu günə qədər BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 mln. ABŞ dollarından çox sərmayə yatırılıb.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Sultan bin Səid Əl-Mansuri ilə görüşdə səsləndirib. Belə ki, BƏƏ nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 13-də Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyasının həmsədri Mikayıl Cabbarovla görüş keçirib.

 

M.Cabbarov görüşdə Azərbaycan-BƏƏ siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və BƏƏ beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər. Azərbaycanın iqtisadiyyat naziri qeyd edib ki, ölkələrimiz arasında zəruri müqavilə-hüquqi baza yaradılıb, müxtəlif sahələrdə 30-dan çox sənəd imzalanıb.

İkitərəfli əlaqələrdə investisiya əməkdaşlığının önəmini vurğulayan Mikayıl Cabbarov BƏƏ tərəfindən Azərbaycan iqtisadiyyatına 2,2 mlrd. ABŞ dolları, Azərbaycandan isə BƏƏ-yə 350 mln. ABŞ dollarından çox sərmayə yatırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, nəqliyyat, xidmət və s. sahələrdə 340-dan çox BƏƏ şirkəti qeydiyyata alınıb. 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 38 faiz artıb. Artım tendensiyası bu ilin 9 ayında da davam edib və 22,5 faizlik artım müşahidə olunub.

Görüşdə iki ölkə arasında enerji, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, qida təhlükəsizliyi, İKT, ticarət, investisiya, maliyyə, gömrük, kiçik və orta biznes, turizm, humanitar və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Bu görüşü  və iki ölkə arasında inkişaf edən münasibətləri dəyərləndirən iqtisadçı alim , sabiq maliyyə naziri Fikrət Yusifov bildirdi ki, BƏƏ ilə Azərbaycan arasında bir çox məsələlərdə bənzərlik var: “Birləşmiş Ərəb Əmirlikləri əhalisinin sayı və ərazisinin ölçüləri baxımından Azərbaycanla, demək olar ki, eyni sırada dayanan bir ölkədir. Bizdə olduğu kimi, iqtisadiyyatı neftlə bağlı olan BƏƏ-nin gündəlik neft hasilatı 2,2 milyon barrelə çatır. Hər il bu ölkəyə gələn turistlərin sayı 18 milyon nəfəri ötür. Təbii ki, turizmin əsas istiqaməti BƏƏ-nin kommersiya mərkəzi sayılan Dubaydır. Birləşmiş Ərəb Əmirliklərinin ümumi daxili məhsulu 400 milyard dollardan çoxdur. Adambaşına düşən ÜDM-un həcmi 38 min dollardan çoxdur. Bu göstəriciyə  görə, Birləşmiş Əmirliklər dünya ölkələri arasında 19-cu yeri tutur”.

F.Yusifovun sözlərinə görə, son illərdə BƏƏ iqtisadiyyatının qeyri-neft sektoru  üstün sürətlə inkişaf edir və ümumi iqtisadiyyatda real sektorun payı durmadan artır: “Azərbaycanla son illər iqtisadi əlaqələrin zəifləməsi müşahidə olunur. Belə ki, əgər BƏƏ ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsi 2012-ci ildə 115,8 milyon dollara çatmışdısa, ötən 2018-ci ildə bu göstərici iki dəfədən çox azalaraq cəmisi, 54,4 milyon dollar təşkil edib. Azərbaycanın BƏƏ ilə qarşılıqlı ticarət əlaqələrini genişləndirmək imkanları kifayət qədər böyükdür. Biz aqrar sektorda istehsal etdiyimiz bir çox ərzaq məhsullarının bu ölkəyə ixracını genişləndirə bilərik”.

Sabiq nazir onu da vurğuladı ki, ölkəmizə investisiya cəlb edilməsi baxımından BƏƏ ilə iqtisadi münasibətlərin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir: “Nəzərə alaq ki, BƏƏ-nin ərazisində şirin su problemi həmişə var və bu gün həmin problem dəniz suyunu şirinləşdirmək üçün tikilən nəhəng qurğular hesabına həll edilir. Heç şübhəsiz, bu qurğuların tikintisinə dövlət milyardlarla dollar vəsait xərcləyir. Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi və maliyyə gücünün düzgün dəyərləndirilməsi, bu ölkənin Azərbaycanda fəaliyyət göstərən müəssisələrinin sayının artırılması və bu yolla əlavə investisiyaların ölkə iqtisadiyyatının real sektoruna cəlb edilməsi istiqamətində işlər qarşılıqlı münasibətlərin inkişafında piroritet təşkil etməlidi”.

Reaksiya.az

Şərhlər