Gələn il “qara qızıl”ın qiyməti üzümüzü ağardacaqmı?

15.11.2019 15:44     Ecoreaksiya     932

2020-ci ilin birinci yarısında dünya bazarında neftin qiymətləri 60 dollar/barel ətrafında dəyişəcək. Bu barədə “Report”a rusiyalı ekspert, Moskva İdarəçilik Məktəbinin eksperti Yekatrina Qruşevenko bildirib. O, neftin qiymətinin dəyişməsi proqnozu ilə bağlı səbəblər arasında dünya iqtisadi artımına dair mənfi proqnozları, o cümlədən ABŞ ilə Çin arasında davam edən ticarət müharibəsini misal göstərib. “2020-ci ilin birinci yarısında ABŞ-ın Permian hövzəsindən şist neftinin nəqli ilə bağlı yenə də çətinliklərlə üzləşəcəyi gözlənilir. Bununla yanaşı, OPEC+ ölkələri də neftin qiymətlərini saxlamaq üçün kvotaları artırmağa hazır olduqlarını bildirirlər”, – deyən ekspert üstəlik də neft hasilatının ən sürətli artdığı Braziliyanın qeyri-rəsmi də olsa, OPEC+ üzvü olmağa razılıq verməsinin də neft qiymətlərinə təsirsiz ötüşməyəcəyini dilə gətirib. 

Qeyd edək ki, ekspertlər 2020-ci ildə bütün dünyada neftin ucuzlaşacağı barədə proqnoz verir. Nüfuzlu beynəlxalq təşkilatların proqnozlarını nəzərə alan Azərbaycan hökuməti 2020-ci ilə dövlət və icmal büdcədə neftin bir barelinin qiymətini 55 dollar səviyyəsində nəzərdə tutub, 2019-cu il üzrə isə bu göstərici 60 dollar olub. Rusiyanın energetika naziri Aleksandr Novak oktyabr ayında neftin 50 dollar səviyyəsindəki qiymətini ədalətli saydığını bildirmişdi. 

 

ABŞ Enerji Departamentinin saytında yerləşdirilən yaxın gələcəyə dair proqnoza görə, 2020-ci ilin ikinci rübündə “Brent” markalı neftin qiyməti 57 dollar təşkil edəcək. Buna səbəb olaraq dünya neft ehtiyatlarının artması göstərilir. Beynəlxalq Valyuta Fondu 2020-ci ildə “Brent” markalı neftin orta illik qiymətini 57,94 dollar, Dünya Bankı isə 58 dollar səviyyəsində gözləyir. 

Bununla belə, ABŞ ekspertləri sonrakı dövrdə qiymətin 62 dollaradək artacağını da istisna etməyiblər. 

İlham Şaban ile ilgili görsel sonucu

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, növbəti il neft qiymətlərinin 60 dollardan aşağı düşməsi gözlənilmir: “Son bir həftənin durumun baxsaq, ötən həftənin cümə axşamından etibarən, Amerika Birləşmiş Ştatlarının neft ehtiyatlarının azalması ilə bağlı rəqəmləri açıqlanması, Amerika ilə Çin arasında ticari münasibətlərdə müəyyən irəliləyişlərlə bağlı informasiyalar hesabına neftin qiyməti 63 dollara qədər artdı. Hazırda neftin qiyməti 62, 5 dollar ətrafında dəyişir. Əvvəlki həftələrlə müqayisədə neftin qiyməti 2 dollar artıqdır. Bu bazar üçün normal bir qiymətdir”. 

Ekspertin sözlərinə görə, OPEK-in gözlənilən toplantısı da qiymət artımı üçün bazara müsbət impulslar verə bilər: “OPEK-in cari ildə sonuncu konfransı dekabr ayının ilk həftəsində olacaq. Bununla bağlı bazara müəyyən ümidverici siqnallar göndərilir ki, hasilat azaldıla bilər. Bununla bağlı müəyyən fikirlər səsləndirilib. Bu da neftin qiymətinin bir qədər artmasına gətirib çıxaran meyllərdir. O cümlədən Rusiyada da hasilatın azalması meylləri açıqlanıb. Bu kimi hallar neftin qiymətinin xari ilin sonuna qədər 60-dan yuxarı olacağını əsaslandırır, nəinki aşağı”.

İqtisadçı ekspert Rəşad Həsənov ile ilgili görsel sonucu

İqtisadçı ekspert Rəşad Həsənov da musavat.com açıqlamasında vurğuladı ki, gələn il neft qiymətləri 60 dollardan yuxarı ola bilər: “Neftin qiymətinin formalaşmasına təsir göstərən bir neçə faktor var ki, bu faktorlar istiqamətində hadisələr proqnozlaşdırılan deyil. Ticarət savaşları adı altında alovlandırılan ABŞ-Çin münasibətləri də buraya daxildir. 2020-ci ildə dünya iqtisadiyyatının artım tempi ilə bu məsələ arasında çox ciddi əlaqə var. Eyni zamanda “Brexit”in də hadisələri hansı istiqamətə apara biləcəyi, Avropa iqtisadiyyatında  nələrin dəyişəcəyi də önəmli olacaq. Bunlar əsas faktorlardır və proqnozlaşdırma aparılması indiki şərtlər daxilində mümkün deyil. Buna baxmayaraq beynəlxalq enerji təşkilatları və maliyyə institutları öz növbəsində müəyyən proqnozlar açıqlayırlar. ABŞ Enerji Administrasiyası da bu günlərdə 2020-ci il üçün öz proqnozunu açıqladı. Hətta müəyyən artımlar da gündəmə gəldi. Proqnozlar neftin bir bareli üçün 63 dollardan yuxarı oldu. Beynəlxalq Enerji Agentliyinin özü də neftin qiymətinin 64-65 ABŞ dolları ətrafında proqnozlaşdırır”. 

R.Həsənovun sözlərinə görə, vəziyyətə bu günün mənzərəsindən baxmış olsaq, 2020-ci ildə neftin proqnoz qiymətləri Azərbaycan üçün əlverişli görünür: “Dövlət büdcəsində neftin 1 bareli 55 dollardan götürülüb. Bu o deməkdir ki, əgər proqnozlar baş tutarsa, əlavə olaraq fiskal gəlirlərə neft satışından 13 faizə əlavə vəsait daxil ola bilər. Ancaq neftin qiymətinin proqnozlaşdırılması çox risklidir. Bu baxımdan indiki göstəricilərin müsbət istiqamətdə olmasına baxmayaraq, həm dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması istiqamətində, həm də növbəti dövrlər üçün fiskal planlamada daha ehtiyatlı mövqe ortaya qoyulmasına ehtiyac var”. 

Reaksiya.az

Şərhlər