Azərbaycan bankları pandemiya güzəştlərinə niyə getmir? - ŞƏRH

09.07.2020 18:50     Ecoreaksiya     11262

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış iqtisadi böhran davam etdikcə Azərbaycan dövləti və hökuməti əhalinin sağlamlığının qayğısına qalmaq, ölkə iqtisadiyyatını aşağı neft qiymətlərinin təsirindən qorumaq, makroiqtisadi sabitliyi təmin etmək üçün daha çox güc sərf etməli, daha geniş "əl-qol açmalı" olur.

Bu da səbəbsiz deyil. Çünki pandemiyadan təsirlənən iqtisadi sahələrin əhatə dairəsi getdikcə genişlənir və Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun qeyd etdiyi kimi, dövlətdən dəstək və yardım istəyənlərin sayı artır. Bu baxımdan banklardan kredit götürmüş fiziki və hüquqi şəxslər də istisna deyil.

Odur ki, bir çox ekspertlər dövlətin dəstək siyahısına bank sektorunu da daxil etməyi vacib bilirlər ki, sektor kredit ödənişlərində müştərilərinə güzəşt etsin. Amma hələ ki, bu məsələ müzakirə olunmur və heç ehtiyac da yoxdur. Əksinə, yaranmış vəziyyətdə bank sektorunun özünün bir sıra güzəştlərə getməsi tələb olunur ki, əslində, bu daha düzgün yoldur. Hansı ki, bu, özünü bankların müştəriləri ilə aralarındakı münasibətlərdə büruzə verməlidir.

Belə ki, ya kreditlərin verilməsi prosedurunda, ya da geri ödənişdə müxtəlif güzəştlərin tətbiqi yolu ilə... Odur ki, dövlətin bank sektoruna dair hər hansı güzəşt paketinə və sairəyə baxmasına heç bir ehtiyac yoxdur.

Lakin sual olunur ki, banklar özləri, heç olmasa, hər hansı güzəştlərə getməyə hazırdırlarmı? Xeyr. Məsələ bundadır ki, real vəziyyət göstərir ki, təəssüf, hətta pandemiya şəraitində də banklar buna hazır deyillər !..

Əvvəla, bank sektoruna pandemiya təsirini belə tez göstərə bilməz. Bunun üçün bir az vaxt lazımdır. Bundan əlavə, lap əgər hansısa göstəricilərdə mənfi fəsadlar və meyllər ortaya çıxmış olsa da belə, bu, koronavirus səbəbindən deyil, sektorun vəziyyətindən irəli gəlir.

Bizdə, bank sektorunu sağlamlaşdırmağa hələ əvvəldən ehtiyac var idi.

Mövcud iqtisadi şərait isə hər şey daha əyani üzə çıxartdı.

Üçüncüsü, lap tutaq ki, pandemiya hər şeyi korlayıb. Bank sektoru iqtisadiyyatın spesifik sahəsidir və o əgər sağlam vəziyyətdədirsə, kənar və subyektiv təsirlər ucbatından dərhal pis vəziyyətə düşə bilməz. Sözügedən sektor və yaxud sistem gərək "xəstə vəziyyətdə" olsun ki, kənar mənfi şoklar da sektoru dərhal silkələnsin.

Azərbaycanda bank sektoru isə əvvəldən sağlam vəziyyətdə deyildi.

2015-2016-cı illərdəki böhrandan sonra ölkənin bank sistemində 11-dən çox bank bağlanmışdı. Proses hələ davam edəcəkdi, sadəcə hökumətin və dövlətin üzləşdiyi problemlər və çətinliklər digər bankların ləğvi prosesini dayandırdı.

Çünki başqa əlac yox idi.

Böhrandan sonra ölkə iqtisadiyyatı 2017-ci ildən etibarən bərpa olunmağa başlasa da, bank sektoru iflic vəziyyətində qalmaqda davam etdi.

Yalnız dövlət başçımızın təşəbbüsü və birbaşa müdaxiləsi yolu ilə problemli kreditlər məsələsi həllini tapdıqdan sonra banklar özlərinə gəlməyə başladılar ki, bu, bir növ onların koma vəziyyətindən çıxmalarına bənzədi.

Bəli, bank sektorunun ən böyük problemi vaxtı ötmüş kreditlər məsələsi idi ki, dövlət keçən buna müdaxilə etdi və Prezident tərəfdən bir növ xalqa hədiyyə yolu ilə bu məsələ həllini tapdı.

Xatırladım ki, problemli kreditlərin həcmi həmin vaxt 2 milyard manata çatırdı.

Problemli kreditlər azalıbmı?

Və indi hansı tendensiya əsasında dinamika nümayiş etdirməkdədir?

Məsələ bundadır ki, sektorda problemli kreditlər məsələsi gah azalan, gah da artan tendensiya üzrə dinamika nümayiş etdirir ki, bunu cari ilin yanvar-may aylarının göstəriciləri də təsdiq edir. Bu il yanvarın 1-nə vaxtı ötmüş kreditlərin həcmi 1273.1 milyon manat təşkil edirdi ki, fevralın 1-nə bu rəqəm 1306.9 milyon manat, martın əvvəlinə 1297.8 milyon, aprelin əvvəlinə 1386.8 milyon, may və iyun aylarına görə isə müvafiq olaraq 1232.4 milyon və 1084.8 milyon manat olub.

Ümumiyyətlə, ilin əvvəlinə nisbətən problemli kreditlər artsa da, son 1 ildə azalıb.

İş bundadır ki, banklar qeyri-neft sektorunu maliyyələşdirə bilmirlərsə və bu sahəyə kredit vermirlərsə, yenidən "koma"ya düşə bilərlər.

Çünki onları bu vəziyyətə istehlak kreditləri salmışdı.

"Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik",- deyə, Prezident müşavirələrin birində vurğulamışdı.

Yeri gəlmişkən, daha bir fakt ondan ibarətdir ki, ölkədə fəaliyyət göstərən 26 bankdan 21-i verdiyi kreditlərin 58 faizə qədərini təminatsız ötürüb...

Belə şəraitdə, koronavirusla bağlı dövlətin banklara kreditlərin geri ödənişi ilə bağlı güzəşt paketindən söhbət gedə bilərmi?

Lazımdırsa, bunu banklar özləri niyə etməsinlər ki?!(musavat)

Reaksiya.az

Şərhlər