İnsan həyatını qaraldan falçılar

21.04.2018 13:33     Sosreaksiya     2033

Onların qurbanları arasında sıradan insanlar da var, milyonerlər, siyasətçilər də...

Falçılarla bağlı dələduzluq faktları günbəgün artır. Bu qalmaqallardan biri “Yeni Müsavat” qəzetinin dünənki sayında yer alıb. Yanına gələn cavan qızların çayına dərman atıb onları zorlayan falçı ilə bağlı şikayətçilərin dedikləri gündəmin əsas mövzularından biridir.

Doğrudur, indi cəmiyyətdə zərərçəkmiş qızların dedikləri ilə bağlı şübhəyə düşənlər də var. Amma bilinən fakt odur ki, falçılıq ölkəmizdə dələduzluğun başqa bir adıdır və bu, təkcə pul itkisi yox, insan talelərinin zədələnməsi ilə müşayiət olunur. Bu barədəki faktlara qayıdacağıq. Hələliksə...

Qərbdə insanlar falçılara niyə inanır?

Çikaqo Universitetinin müqayisəli din üzrə mütəxəssisi Mirça Eliadanın araşdırmasına görə, hazırda Qərbin inkişaf etmiş ölkələrində də falçılığa meyl çoxdur. Hətta savadı və dünyagörüşü yüksək səviyyədə olan insanlar da bunu “yeni elmi cərəyan” adı ilə təqdim etməkdən çəkinmirlər. “Yeni əsr”in milyonlarla sakini gələcəyi öyrənmək, çoxsaylı suallarına cavab tapmaq üçün onların qapısını döyür. M.Eliada araşdırmasında onu da üzə çıxarıb ki, artıq insanlar təkcə bu şəxslərin xidmətindən yararlanmır. Eyni zamanda bu sahəyə aid elmi ədəbiyyatı oxuyur, hətta bəzən falçılıqla həvəskar səviyyəsində məşğul olurlar.

Türkiyəli psixoloq Gülçin Balkı isə açıqlayıb ki, son illər insanların falçılara, astroloji proqnozlara bu qədər meyl etməsinin səbəbi “bilinməzə” marağının artmasıdıır. Bu ehtiyacın mərkəzində isə insanların qərar vermədəki özünə inamsızlığıdır. Belə ki, falçıya gedən insanlar “gözlənilən” hadisələri başqasının dilindən eşitmək ehtiyacıdır. Bu isə məsuliyyətin paylaşılması istəyindən irəli gəlir. Psixoloqa görə, bunun adı insanın özünü aldatmasından başqa bir şey deyil. Belə ki, xarakteri güclü olan insan qərarlarını öz iradəsi ilə verir və bu məsuliyyəti də şəxsən özü paylaşır.

Bəs Azərbaycanda durum necədir? 2013-cü ildə İqtisadiyyat və Sosial Araşdırmalar mərkəzinin nümayəndəsi Vüqar Bayramov “Exo” qəzetinə açıqlamasıında demişdi ki, Azərbaycanda falçılıq və cadugərliyə 2012-ci ildə təxminən 200 milyon manat pul xərclənib. Onun sözlərinə görə, bu, əvvəlki illərə nisbətdə fantastik artımdır. “Əvvəllər bu göstərici daha aşağı idi. Xərclənən məbləğ heç 100 milyon manata çatmırdı. Ancaq ötən il apardığımız monitorinq bizi pis mənada təəccübləndirdi. Göstərici 2 dəfədən də çox artmışdı”, - deyə ekspert bildirmişdi.

Azərbaycanda falçılar insanları necə və neçəyə aldadır?

İndi isə keçək ölkəmizdə falçılarla bağlı yaşanan kriminal olaylara, məhkəmə proseslərinə.

2017-ci ilin iyunun 1-də Bakı şəhər sakini 2 nəfər polisə müraciət edərək bir qadın tərəfindən fala baxmaq adı ilə aldadılaraq ümumilikdə 1100 manat pullarının alındıqlarını bildiriblər. Təxirə salınmadan keçirilən əməliyyat tədbirləri nəticəsində həmin dələduzluq əməlini törədənin Bakı şəhər sakini Roziya Jelandinovna olması müəyyən edilib və görülən tədbirlərlə o tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Roziya Jelandinovnanın digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

2016-cı ilin iyun ayında naməlum şəxs Masallı şəhəri, Heydər Əliyev prospekti mənzil 3-də yaşayan Tünzalə Yusif qızı Alışovanın evinə gəlib. O, baxıcılıq və falçılıq etdiyini, bu evdə yaxın zamanda “bədbəxt hadisələrin” olacağını bildirib. Sonradan evə daxil olan qadın ev sahibinə iddia etdiyi hadisələrin qarşısını ala biləcəyini də söyləyib. Naməlum şəxs qadını aldadaraq, etibarından sui-istifadə etməklə evdə olan üç min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirib.

Sonradan aldadıldığını başa düşən T.Alışova Masallı Rayon Polis Şöbəsinə (RPŞ) şikayət ərizəsi ilə müraciət edib.

Rəsilə Mirələm qızı Abdullayeva ile ilgili görsel sonucu

Masallı RPŞ-dan bildirilib ki, dələduzluqda şübhəli bilinən falçı qadın tutulub:  “Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini, 36 yaşlı Rəsilə Mirələm qızı Abdullayeva şübhəli şəxs qismində saxlanılaraq ifadəsi alınıb. O, əməlini etiraf edib”.

2015-ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Saraxanım Babayevanın (1949-cu il təv.) CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

Saraxanım Babayeva özünü “ilahi qüvvəyə malik falçı” kimi təqdim edib, vətəndaşların etibarından sui-istifadə etməklə onlara məxsus pulu mənimsəyib. Təqsirləndirilən şəxs baldızı qızının vasitəsi ilə tanıdığı Turanə Məmmədli adlı qadına evlərində baş verəcək faciənin qarşısını alacağını vəd edərək sonuncunun 1500 manat pulunu ələ keçirib. Daha sonra gələcəkdə evləri söküləndə T.Məmmədliyə böyük məbləğdə pul veriləcəyinə inandıraraq onu öz yaşadığı evə qeydiyyata saldırmaq adı ilə əlavə 5500 manat pulunu alıb.

Saraxanım Babayeva ile ilgili görsel sonucu

Bundan başqa S.Babayeva tanış olduğu Təranə Mərdanovaya yüksək vəzifəli şəxslərlə tanış olduğunu deyərək onu dövlət idarələrinin birində şöbə müdiri vəzifəsinə işə düzəldəcəyinə söz verib və bunun müqabilində ondan 25000 manat pulunu və külli miqdarda qızıl-zinət əşyalarını dələduzluq yolu ilə ələ keçirib. Qadın daxil olan şikayət əsasında Səbail RPİ 8-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaqın gedişatında onun yaşı və səhhəti nəzərə alınmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Məhkəmə prosesində Saraxanım Babayeva ona elan olunmuş ittihamla özünü qismən təqsirli hesab edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və o, məhkəmə zalında dərhal həbs olunub.

2016-cı ilin sentyabrında vətəndaşlardan daxil olan çoxsaylı müraciətlər əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb.  Bakı şəhəri Binə qəsəbəsində yaşayan 39 yaşlı Vüsal Hüseynov ona müraciət edən şəxslərin talelərini şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını və ruzilərinin bol olacağını vəd edib. Saxlanılan şəxs belə hüquqazidd əməllərinin müqabilində ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Nizami rayon 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub. Hadisə bu yaxınlarda baş verib.

Məmurlara yaxın olduğunu iddia edən 1949-cu il təvəllüdlü Saraxanım Süleyman qızı Babayeva 7 il müddətinə azadlıqdan məhrum olunub.

“Həzrət Sabir” kimi tanınan falçı Sabir Abbasov ile ilgili görsel sonucu

“Həzrət Sabir” kimi tanınan falçı Sabir Abbasov da həbs edilib. “Cənnət Parapsixologiya Mərkəzi” MMC-nin direktoru, dövrümüzün “Şeyx Nəsrullahı” sayılan “Həzrət Sabir” əlil arabasında olan əlilləri əllə müalicə etdiyini söyləməklə külli miqdarda vəsait mənimsəməkdə ittiham edilir.

Azərbaycan qanunvericiliyi isə bu məsələdə olduqca sərtdir. Belə ki, Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüqquqlarını əldə etmə - dələduzluq cinayətinin əlamətləridir. Falçılar insanların onlara göstərdiyi etibardan sui-istifadə edirlər. Xəstəni müalicə edəcəyi, itkin insanı tapacağı vədini verən şəxs bütün hallarda qarşı tərəfi aldatmış sayılır. Məqsəd yenə də haqsız qazanc təmin etmək, başqasının əmlakını ələ keçirməkdir. Əvvəlcədən insanı aldadıb və ya etibarından sui-istifadə edib, həlli mümkün olmayan vəd verməklə pulunu almaq artıq dələduzluq hərəkətidir.

Siyasətçilər falçıların köləsinə çevrilərsə...

Amma dünyada baş verən proseslər onu göstərir ki, falçılar zaman-zaman ölkədə ciddi problemlər yaradıblar. Məsələn, İraq DİN 2016-cı ildə bəyan edib ki, “şarlatan falçılara qarşı kampaniyaya başlayır”. Nazirlik sehrbazları ölkənin çətin durumundan sui-istifadə etməkdə ittiham edir.

Nazirlik mediaya bildirib ki, falçılıq ölkə qanunları ilə qadağan edilib və fırıldaqçılıq əməli sayılır. DİN bunu da əlavə edir ki, qara magiya və falçılığın kökü yalnız vətəndaşların iradəsi ilə kəsilə bilər.

Buna baxmayaraq, belə görünür ki, falçılıq çox sayda insanı öz cazibəsinin əsiri edə bilib. “Əl-Ərəbi əl-Cədid” qəzeti yazır ki, bazarda satışda olan tilsimlərdən ən bahalısı “güllədən qoruyan tilsimdir” və 1000 dollara satılır.

Qəzet yazır ki, belə tilsimləri yaxalarından siyasətçilər və hərbçilər də asırlar.

Şri Lanka prezidenti Mahinda Rajapaksan ile ilgili görsel sonucu

Şri Lanka prezidenti Mahinda Rajapaksanın nümunəsi olduqca əyləncəlidir. Maraqlıdır ki, falçısının məsləhəti ilə sürpriz erkən seçkilərə gedən və seçkilərdə uduzan prezident mediaya açıqlamasında özünü məhz bu cür müdafiə etmişdi: “Hətta Nostradamus da səhv edə bilər. Mənim falçım da istisna deyil. Səslərin cəmi 41 faizini alacağımı heç vaxt təxmin etməzdim”.

Bu uğursuzluqdan sonra falçı Sumanadasa Abeygunavardena isə prezidentlə yollarını ayırmalı olub. Çünki sonuncu bu fiaskosunu şəksiz falçısına “borclu idi”. Üstəlik, məlum hadisədən sonra falçının da populyarlığı sıfıra enmişdi.

Rusiya prezidenti Vladimir Putinin, eləcə də Venesuelanın sabiq prezidenti Uqo Çavesin də zaman-zaman falçı xidmətindən istifadə etdiyi mediada yer alıb. Onlar daha çox mənfi enerjini qovmaq, magiyadan qurtulmaq üçün bu yola baş vurub.

Sevinc TELMANQIZI

Reaksiya.az

Şərhlər