Oturaq həyat tərzi keçirənlər

22.04.2016 12:35     Maraqlı     1497

Müasir texnologiya bir tərəfdən işimizi asanlaşdırsa da, digər tərəfdən sağlamlığımıza zərər vurur. Televizor, internet və kompyuterlər oturaq həyat tərzi keçirməyimizə səbəb olur.
 
Həkimlər bildirir ki, günün çox hissəsini oturaraq keçirən insanların köklük və şəkər xəstəliyindən əziyyət çəkmək ehtimalları artır. Belə həyat tərzi şikəst uşaq dünyaya gətirmək və xərçəngə yaxalanmaq riskini də artırır.
 
Mütəxəssislər bildirir ki, uzun müddət hərəkətsiz qalan insanlar, heç olmasa, işdən sonra və həftəsonu aktiv həyat tərzi keçirməlidir. Gün ərzində 30 dəqiqədən bir qalxıb ən azı 5 dəqiqə hərəkət etmək, həftənin 2-3 günü 30-45 dəqiqə idmanla məşğul olmaq tövsiyə edilir.
 
Son illərdə, xüsusilə, uşaq və gənclərin hərəkətsizlik ucbatından sürətlə kökəlməsi mütəxəssisləri təcili tədbirlər görməyə vadar edib.
 
Onlar aşağıdakı məsləhətlərin uşaqları hərəkətsiz həyat tərzindən qoruyacağını düşünür:
* Ekran qarşısında 1 saatdan artıq vaxt keçirmələrinə imkan verməyin.
* Yataq otağına televizor və kompüter qoymayın.
* Oyun oynamalarına və idmanla məşğul olmalarına şərait yaradın.
* Kiçik ev işlərində ailə fərdlərinə kömək etsinlər.  
* Velosiped sürsünlər.
 
Yetkin insanlar isə aşağıdakı nüanslara diqqət etməlidir:
* Metro və avtobuslarda ayaqda dayanın.
* Liftdən istifadə etməyin.
* Ayaqüstü həll edə biləcəyiniz işləri görərkən oturmayın.
* Telefonla danışarkən yeriyin.
*Ev işləri görün.

Şərhlər