Müştərisi nazir olan usta: “Ölmüş tariximizi döyə-döyə dirildirik” - REPORTAJ, - FOTOLAR

08.05.2016 19:41     Maraqlı     1704

Bakıya gələn turistlər şəhərin daha çox qədimi məhəllələrinə, antik əşyalara maraq göstərirlər. Təsadüfi deyil ki, turistlərə adətən İçərişəhər ərazisində rast gəlmək olur. Lakin köhnə Bakı təkcə İçərişəhərdən ibarət deyil və turistlər də bunun fərqinə varıblar...
 

Bakının “Kubinka” kimi tanınan məhəlləsinin qısa tarixi...

Bakının qədimi məhəllələrindən biri də “Kubinka”dır. Hazırkı durumundan danışmazdan öncə, ilk olaraq “Kubinka”nın keçmişinə aid onu deyə bilərik ki, bu məhəllə Sovet dövründə ən kriminal yerlərdən biri sayılıb. 
 
Məhəllənin sakinləri ilə söhbətimiz zamanı onlar bildirdilər ki, keçmişdə bu məhəllədə türməyə düşməyən adama yaxşı baxmazdılar. Eyni zamanda öyrəndik ki, o dövrlərdə burada qadınlar da həyat yoldaşlarının “srok” yatmaları ilə qürur duyublar. Elə buranın qadınları da kişilərdən geri qalmayıb. 
 
Misal üçün kriminal aləmdə “Qara Volqa” adı ilə tanınan bandanın üzvlərindən biri Klara da məhz burada yaşayıb. Əsl adı Klara Yusifzadə olan bu qadın Azərbaycanın tanınmış inqilabçılarından olan Ağababa Yusifzadənin qızı olub. 
 
İlk dəfə 15 yaşında həbs edilən Klara ömrünün 32 ilini dəmirbarmaqlıqlar arasında keçirib. Məhəllə sakinlərinin sözlərinə görə, keçmişdə hər hansı bir mübahisə olan zaman kişilərlə birlikdə Klara da həmin söhbətə qatılıb, öz sözünü deyərmiş.
 
Lakin “Kubinka”nı tanıdan təkcə kriminal aləmin insanları olmayıb. Keçmişdə bura sanki bir ticarət mərkəzi olub. Sakinlərdən öyrəndik ki, məhəllədə hazırda türklərə aid liseyin yerləşdiyi ərazidə əvvəllər balıq satılıb. Bu ərazi o zamanlar sakinlər tərəfindən “Balıqçılar məhəlləsi” adlandırılıb və hər kəs buranı bu adla tanıyıb. 
 
Bir qədər yuxarıda kömür satıldığı üçün “Kömürçülər məhəlləsi”(indiki “Əbilov” küçəsi), daha sonrakı dalanda daha çox seyidlər yaşadıqları üçün həmin ərazi də “Seyidlilər məhəlləsi” kimi tanınıb. 
 

“Kubinka”da keçmişdən bu günə qədər yaşadılan sənət...

Yuxarıda qeyd etdiyimiz kimi, turistlər Bakıda daha çox qədimi əşyalara və yerlərə maraq göstərirlər. “Kubinka”da illərdir, fəaliyyət göstərən qalayçılar və misgərlərin dükanları da onların ən çox baş çəkdikləri yerlərdəndir. Sakinlər bildirdilər ki, məhəllədə elə keçmişdən bu günə qədər dəyişilmədən qalan misgərlərin dükanlarıdır. 
 
Hazırda “Kubinka” ərazisində qalayçıların sıra ilə düzülmüş dükanları var ki, burada daha çox qədimi əşyalar təmir olunur. Əlləri işləməkdən qabar olmuş qalayçıların çoxu danışmağa meylli deyillər. Onların bəziləri ilə çox çətinliklə də olsa, söhbət edə bildik. Söyləyirlər ki, işləri danışmaq deyil, yararsız vəziyyətə düşən qazanları, qabları düzəltməkdi. Öyrəndik ki, burada fəaliyyət göstərən misgərlər daha çox Lahıcdan gələnlərdir. 
 
Lakin onların arasında Ağdamdan gəlmələr də var. Misgərlərin sözlərinə görə, keçmişdə misgərlik sənəti Ağdamda çox inkişaf edibmiş. Maraqlı hal ondan ibarətdir ki, bu peşənin əsasında qoyunçuluğun dayandığını söylədilər. Belə ki, tərəkəmələr Laçın və Kəlbəcərə gedərkən Ağdamdan keçərmişlər. Misgərlər də ona görə Ağdama yığışıblar ki, həmin elatlar buradan keçən zaman onların sınmış qablarını təmir etsinlər.
 
“Kubinka”da qalayçıların qarşısında daha çox samovarlar olduğunu gördük. Lakin orada yerləşən bəzi qalayçıların dükanlarında qədim çalğı alətlərinə, müxtəlif cür çıraqlara və digər bu kimi əşyalara rast gəlmək olar. Qalayçılar onu da bildirdilər ki, qədimi əşyaları turistlərə satmırlar. 
 
1992-ci ildən Ağdamdan Bakıya gələn misgər Şəmsəddin Soltanov bizə aşağıdakıları anlatdı: “Əvvəla bura gələnlər bir şeyi anlamırlar ki, qalayçı ilə misgərin arasında fərq böyükdür. Mən qalayçı deyiləm, misgərəm. Misgər odur ki, misdən qab düzəldir. Qalayçı isə sadəcə olaraq yararsız hala düşən qabı yenidən təmir edir. Hazırda mis olmadığı üçün hamımız qalayçılıqla məşğuluq. Əlimizdə elə olur ki, 1 əsrə qədər yaşı olan qab olur. Onu yenidən təmir edib, əvvəlki vəziyyətinə qaytarırıq. Yəni bir növ ölmüş tariximizi döyə-döyə dirildirik. Ancaq manatın dəyərdən düşməsindən sonra bizim də müştərilərimizin sayında azalma var. Artıq əvvəlki kimi köhnə qablara maraq göstərən yoxdur”.
 
Şəmsəddin usta ad çəkməsə də bildirdi ki, müştərilərinin arasında nazirlər, deputatlar da var: “Onlar da insandırlar də... Yararsız hala düşən antik əşyalarını gətirib təmir etdirirlər. 53 ildir bu sənətdəyəm. Qala Əntiq Əşyalar muzeyində mənim çoxsaylı əl işlərim var. Hər kəs o işlərlə maraqlanır. Ancaq oranın keçmiş direktoru Şahid Həbibullayev həmin əşyaları televiziya kanallarına öz adından təqdim etmişdi. Heç axtaran da olmadı ki, ay bala, bu əşyaları kim düzəldib. Yəni biz burada işləsək də, illərdir ki, zəhmət çəksək də qiymətləndirən yoxdur”.
 
Usta Bakıya gələn turistlər barəsində isə aşağıdakıları söylədi: “Turistlərə birmənalı olaraq köhnə qab satmırıq. Çünki bunlar bizim tariximizdir. Tariximizi sata bilmərik. Ona görə də onlar sadəcə olaraq gəlirlər, baxırlar foto çəkib gedirlər. Biz də öz fəaliyyətimizə davam edirik. Ölənə qədər da davam edəcəyik”.
 
Elə biz də Şəmsəddin ustanın fotosunu çəkib, “Kubinka”nın “Misgərlər məhəlləsi”ndən ayrıldıq.
 
 























Şərhlər