Bütün günü yorğunam, yuxum gəlir... - Halsızlığın ağlagəlməz gizli səbəbləri

20.04.2018 12:37     Maraqlı     2020

Yorğunluq, halsızlıq hətta aktiv işlə, idmanla məşğul olan adamı da yaxalaya bilər.

Son zamanlar çox insan halsızlıqdan şikayətlənir. Bunu yaz aylarına bağlayanlar da var. Amma əslində yorğunluq insanı getdikcə tənbəlləşdirən, depressiyaya salan, səhhətində ciddi dəyişikliklər yaradan köklü səbəbləri olan bir simptomdur.

Reaksiya.az Medicina.az-a istinadən xəbər verir ki, əgər son 3 aydır səbəbli-səbəbsiz yorğunluq halı sizi tərk etmirsə, o zaman aşağıdakı səbəbləri araşdırın:

- Yediyiniz qidalar

- Qəbul etdiyiniz dərmanlar, onların yan təsirləri- xüsusən antihistamin preparatlar

- Alkoqol

- Pəhriziniz

Əgər bu hallardan ikisi varsa, o zaman onları korrektə etməlisiz. Daha sağlam qida rejiminə keçməli, dərmanla bağlı həkiminizlə məsləhətləşməli, özbaşına saxladığınız pəhrizi yox, dietoloqun təyin etdiyi pəhrizi seçməli.

Əgər bunlar yoxdursa, o zaman yorğunluq və yuxululuğun səbəblərini xəstəliklərdə axtarın.

Anemiya (qanazlığı)

Müraciət etdiyiniz ilk terapevt sizi qan analizinə göndərib, hemoqlobinin səviyyəsini yoxlayacaq. Anemiya əslində heç xəstəlik də deyil, bu, bir vəziyyətdir, hansı ki, toxumalara lazımi qədər oksigen çatmır. Qanda hemoqlobin zülalı az olduqda eritrositlər oksigeni daşıya bilmir, oksigen aclığı yaranır, burdan da halsızlıq, yorğunluq, əsnəmək başlayır.

Anemiyanın əlamətləri: dərinin rənginin ağarması, saralması, təngnəfəslik, başgicəllənmə, baş ağrıları, soyuq ovuclar və ayaqlar. Ola bilər ki, qanda hemoqlobin normal görünsün, amma gizli dəmir çatışmazlığı olsun. Bunun üçün xüsusi ferritin zülalına analiz vermək lazımdır ki, orqanizmdə dəmirin səviyyəsini öyrənəsiz. Həmçinin B12 vitamin əskikliyi də anemiya yaradır.

Qalxanabənzər vəzin disfunksiyasının pozulması

Həm hipotireoz, həm də hipertireoz daimi yorğunluq verə bilər.

Hipotireozda zəiflik, çəki artımı, dəridə qurulur, titrətmə, qəbizlik, əzələ, oynaqlarda ağrılarla sintez olunur.  

Əgər müalicə olunmasa, zob yaranır. Belə adamlarda xroniki depressiya, yaddaş pozğunliğu və diqqət yayqınlığı yaranır.

Hipertireozda insan xroniki olaraq gücsüzlük hiss edir, səbəbsiz arıqlayır, iştah itir, nəbz, ürək ritmi artır, tez tərləyir, yuxusuzluq, nevroz olur. Qadınlarda menstruasiya pozulur. Bu xəstəlik vaxtında müalicə olunmazsa görmə pozulur, sümüklər əriyir, ürəyin fəaliyyəti azalır.

Depressiya

Depressiya əhvalı kəskin aşağı salmaqla yanaşı, halsızlıq da yaradır.

Gündəlik ən adi hərəkətlər, işlər belə insana yorucu gəlir. Insanın idmana, hobbisinə, əyləncəyə enerjisi qalmır. Əgər qan analizi, hormonal müayinə orqanizmdə fiziki dəyişiklik göstərməsə, o zaman depressiya və sinir xəstəliklərindən şübhələnmək lazımdır.

Xroniki yorğunluq sindromu – Fibromialgiya

Əgər yorğunluq tibbi baxımdan heç bir simptomla, səbəblə izah olunmursa, o zaman insana xroniki yorğunluq sindromu diaqnozu qoyulur. Bu xəstəlik adətən ağrı sindromu olan Fibromialgiya ilə yanaşı gedir.

Bu diaqnozu təyin etmək elə də asan deyil. XYS-da baş ağrıları, spazmalar, qıcolmalar, qarında diskamfort, əzələ, oynaq ağrıları çox olur. Bu diaqnozu terapevt və psixiatr qoyur.

Vəziyyəti yumşaltmaq üçün massaj, iynəbatırma, tənəffüs gimnastikası, yoqa, idman və s. seçilir. Belə xəstələrə dərman təyinatı da ciddi olmalıdır, hər sakitləşdirici və antidepressant vəziyyəti kəskinləşdirə bilər.

Digər səbəblər də az deyil: şəkərli diabet, ürək xəstəlikləri, xərçəng, başda travma və bir sıra xroniki xəstəliklərdə də yorğunluq verə bilir. Ona görə vaxt ayırıb yorğunluq və halsızlığın səbəblərini həkim müşahidəsi altında araşdırmaq lazımdır. Bu halın keçib getməsinə, öz-özünə düzəlməsinə ümid etmək olmaz.

Reaksiya.az

 

Şərhlər