"Allah lazım bilməsəydi, bizi millətlərə ayırmazdı" - Müsahibə

25.06.2015 12:50     Müsahibə     4186

Rövşən Abdullaoğlu: "Ramazan ayı fərdi inkişaf, iradə və möhkəm xarakter formalaşdırmaq baxımından böyük əhəmiyyət daşıyır"

Ramazan ayının ilin ən isti və uzun günlərinə təsadüf etməsi bir çox inanclı insan üçün sözün əsl mənasında sınaq oldu. Bütün çətinliklərə baxmayaraq, bu sınağa qatlaşmağa çalışanlar da oldu, özünü hazır hiss etməyərək, “inşallah, gələn il” deyənlər də. Lakin burda daha çox psixoloji hazırlıq amili nəzərə çarpır.

Bu və digər məsələlər, o cümlədən inanclı insanların psixoloji hazırlığı və mənəvi çətinliklərinə dair söhbət etmək üçün Reaksiya.Az-ın redaksiyasına tanınmış psixoloq, fərdi inkişaf üzrə mütəxəssis, bir neçə kitab müəllifi olan Rövşən Abdullaoğlunu dəvət etdik.

– Rövşən müəllim, əvvəla, Ramazan ayınız mübarək və düşərli olsun. İstərdik ki, söhbətimizə  Ramazan ayının fəzilətindən, faydalarından başlayaq. İnsanlarımızın maarifləndirilməsi baxımından, bu mövzuda sizin söz açmağınız yerinə düşərdi...

– İlk olaraq, müqəddəs Ramazan ayı hicri-qəməri ayları içərisində yeganə aydır ki, Qurani-Kərimdə adı çəkilib. Və hədislərdə qeyd olunub ki, bu aya “Müqəddəs Ramazan ayı” deyin. Həmçinin hədislərdə bu ayın Allahın ayı olduğu da deyilir. Ramazan ayı Qurani-Kərimin əsaslandığı və nail olduğu aydır. İrfani məfhum var: “Allaha yaxınlaşmaq”. Dini inanclarda insanın Allaha yaxınlaşması ən üstün məqam sayılır.  Qurani-Kərimdə də işarələr var və peyğəmbərimiz tərəfindən də buyurulub ki, Allaha yaxınlaşmaq üçün ən münasib ay Ramazandır.

Digər tərəfdən hədislərdə bildirilir ki, Allah-Təala Ramazan ayında günahların bağışlanması üçün bir ay möhlət verir və digər aylarda bu möhlət yoxdur. Bu ramazan ayında Allah təala tərəfindən bağış əldə edə bilməyən kəs həqiqətən çox bədbəxt insandır ki, Ramazan ayının fəzilətindən istifadə edə bilmədi.

– Yayın istisində, insanların həm də psixoloji cəhətdən gərgin olduğu bir zamanda onlar hansı sınaqdan keçirlər? İnanclı insanlar nə kimi güzəştlər və şərtlərlə üzləşir?

– Ramazan ayı dinimizdə ən üstün ibadətdlərin qərar tapdığı aydır. Hədislərdə qeyd olunub ki, müsəlmanın görəcəyi beş vacib üsuldan biri orucdur. Quranki Kərimdə də, Bəqərə surəsinin 183-cü ayədə deyilir: “Allah sizə orucu vacib etdi”. Bu da, birbaşa müqəddəs Ramazan ayında oruc tutmağı vacib edir. Yaxşı, istisnalar varmı? İstisnalar insanların daha çox səhhəti ilə bağlıdır. Əgər bir insanda cismi xəstəliklər yaranacaqsa, hansısa xəstəliyi güclənəcəksə, onun oruc tutması belə haramdır. Lakin istilərlə, susuzluqla əlaqədər güzəştlər barədə isə dini nöqteyi-nəzərdən güzəştlər və istisnalar içində heç nə göstərilməyib.  Yeganə istisna insanın cismində xəstəlik yaranması, xəstəliklərin şiddətlənməsidir. Təbii ki, insan səhərdən axşama kimi su içmirsə, yemək yemirsə, insanda müəyyən narahatlıq olacaq. Lakin Ramazan ayında, orucluqda bunlar üzr sayılmır.

– Bəs fərdi inkişaf baxımından, psixoloji nöqteyi-nəzərdən insan hansı sınaqlardan keçir, nələr əldə edir? İstər ətraf mühitə, cəmiyyətə qarşı münasibətlərində, istərsə də xarakter və şəxsiyyətin formalaşmasında inanclı bir insan Ramazan ayından özünə nə götürməlidir?

– Bəqərə surəsində Allah-Təala orucu vacib edir. Burda orucluq çəkinmək mənası verən “siyam” kəliməsi ilə qeyd olunub. Sözün qəlibi “som”dur. Ərəblər “som” deyəndə çəkinmək başa düşür. Həzrət Məryəmin susmaq orucu də Qurani-Kərimdə bu kəlmə ilə verilib. Keçmiş ümmətlərdə də çəkinmək və oruc anlayışı olub, lakin müsəlman ümmətində olan formasında olmayıb. Məsələn, xristianlar müəyyən günlərdə süd məhsullarından çəkinir. Həmçinin yəhudilər də bəzi günlərdə müəyyən qida məhsullarının qəbulundan çəkinir. Oruc öz-özlüyündə çəkinmək anlamında olan bir ibadət növüdür və Allah-Təala bunu məhz insan fitrətinə görə vacib buyurub. Qurani-Kərimdə vacib biq nöqtə var.... Yaxşı bəs Allah-Təala insanlardan niyə insanlardan bir ay məhrumiyyətlərə qarşılaşmağı tələb edir? Sən yemək yedin, bundan fayda Allaha yox, bəndələr üçündür. Allah-Təala buyurur ki, sən oruc tutmaqla ona yaxınlaşırsan. Bunun fərdi inkişafla, insan psixologiya ilə əlaqəsi də ondadır ki, insanın iradəsi güclənir, oruc tutan adam bəzi qadağalara, məhrumiyyətlərə daha davamlı və hazır olur. Əgər insan bir ay içində zəruri şeylərdən çəkinmək üçün özündə iradə formalaşdıra bilərsə, sonra zərərli vərdişlərdən də çəkinmək üçün xarakteri formalaşmış olar. Dünya fəsləfəsinin və psixologiyanın fundamental prinsipi də ondan ibarətdir ki, insan faydalı işləri görmək və zərərli şeylərdən çəkinmək üçün özündə iradə tapmalı, özünü məcbur etməyi bacarmalıdır. Məsələn, idmanla məşğul olmaq və təhsil almaq faydalıdır, amma hər adam özündə davamlı iradə tapa bilmir. Ramazan ayı isə insandan zəruri şeylərdən imtina etməyi tələb etməklə, onun fərdi inkişafına yön verir, xarakterin möhkəmlənməsinə stimul yaradır.

Allahla yaxınlaşmanı qeyd etdik. Yaxınlaşma nə formada olur? Məhz psixoloqlarında qeyd etdiyi kimi ki, insanın iradəsinin inkişafına təsir enən əm mühüm amil onun zəruri şeylərdən çəkinmək bacarığıdır. İrfani təfəkkürdə, qədim teoloji bəhslərdə də ortaq mexanizm ondan ibarətdir ki, insan istədiyi kimi yaşadıqca süstləşir. Sonradan isə ona zərərli şeylərdən qaçmaq çətin olacaq.

– Fərdi inkişaf və psixologiyada şəxsiyyətin formalaşması, həyat tərzi və uğur qazanmaqla bağlı müxtəlif yanaşmalar var. Sizinlə yanaşı, kitab bazarında bir çox müəlliflərin kitablarına, tövsiyələrinə rast gəlirik. Burada daha çox maksimalizm təbliğ edən, qadağaları və sədləri aşmağa çağıran fikirlərlə daha çox üzləşirik. Siz isə qadağalardan danışırsınız... Qadağalar fərdi inkişafın qarşısını almır ki?

– Əgər qadağalar insanın fərdi inkişafının, tərəqqisinin qarşısını alacaqsa, bu, ümumiyyətlə ictimai inkişafa qarşıdır. Lakin bəzi qadağalar var ki, insan tərəqqiyə nail olmaq üçün üzləşir, fərdi inkişaf üçün, sınaqlardan üzüağ çıxmaq naminə bu qadağalara tab gətirməli, özündə iradə tapmalıdır. Məsələn, hazırda I avropa Oyunları gedir, hansısa idmançı hazırlıq və ya yarış müddətində özünün qida rasionunda və həyat tərzində müəyyən qadağalardan keçməli və şərtləri icra etməlidir. Daha çox məşq etməli, spirtli içkilər və siqaretdən çəkinməli, daha çox vitaminli qida məhsulları, meyvələr yeməlidir. Bu qadağalar və şərtlər onun inkişafının qarşısını alırmı? Əksinə, idmançının daha yaxşı formalaşmasına, yüksək nəticələr əldə etməsinə rəvac verir.  Belə qadağalar inkişaf üçün müqəddimə olur. Qadağa əgər fərdi inkişafın qarşısını alırsa, o zaman pis qadağalardan sayılmalıdır. Orucun şərtləri isə inkişaf üçün müqəddimə sayılan qadağalardandır.

– Siz  hər halda müxtəlif filosof və psixoloqların da əsərləri, yanaşmaları ilə dərindən tanış olmusunuz. Lakin məhz sizin yanaşmanızda psixologiya ilə dinin sintezi nəzərə çarpır. Dini-psixoloji və elmi-psixoloji yanaşmalar arasında nə kimi ziddiyyətlər, yaxud kəsişmə nöqtələri ortaya çıxır? Bu barədə danışardınız...

– Psixologiya XIX əsrin sonlarında mütsəqil bir elm kimi formalaşarkən, ortaya çıxan suallardan biri də o oldu ki, psixologiya ilə din arasında necə rabitə var? Onlar bir-birini inkar edir, yoxsa təsdiqləyir? Erix Fromm, Karl Qustav Yunq, Alfred Aqner, Ziqmund Freyd kimi pisxoloqların əsərlərində psixologiya və din haqqında geniş bəhslər var.

Erix Fromm “Psixoanaliz və din” əsərində bu məsələyə geniş toxunub, o, əsərində iki yanaşmanı göstərir: Birinci, Freyd və tərəfdarlarıdır ki, psixologiya və dini qarşı-qarşıya qoyur və dinlə rabitəni inkar edirlər. Fromm digər qütbdə Karl Qustav Yunqu və tərəfdarlarını göstərir. Vaxtilə Freydin tələbəsi olmuş Yunqun fikrincə, din və psixologiya eyni sistemin fərqli şöbələridir. O, özünün “Psixologiya və din” əsərində bildirir ki, psixoterapevtlər insanın psixikasının müalicəsi ilə məçğuldur, dinlər də eyni vəzifəni görür, lakin bizim psixika dediyimizə dinlərdə “ruh və mənəviyyat” deyilir. O, sual verir ki, keşişlər və ruhanilərlə psixoterapevtlər eyni işi öz öhdələrinə götürdükləri halda, olmazmı əl-ələ verək və birgə fəaliyyət göstərək?

Daha sonra, Yunq mühazirələrindən birində qeyd edib ki, onun yanına gələn pasientlərin inanclı olub-olmadığını öyrənməyə çalışır. Çünki inanclı insanların psixikası inancsızlarınkından fərqlənir.  Elə anlayışlar var ki, inanclı insanlar üçün dəyər və ya günah mənası daşıyır. İnancsız insanlar isə həyata fərqli baxırlar. Yunq onlara yanaşma müəyyən etmək üçün, onların inancını da müəyyən etməyi, nəzərə almağı, dinləri də bilməyi və öyrənməyi vacib bilib.

Psixoterapiyada belə bir qayda var ki, o, insanlara öz etiqadını, fikirlərini aşılamamalıdır. Fridrix Perlzın əsasını qoyduğu geştalt-terapiyada da deyilir ki, sən pasientə doğru yolu tapıb özünün ayağa qalxması üçün istiqamət verməlisən. Lakin sən ona öz fikirlərini təlqin edə bilməz.

Bəzi kitablarda görürük ki, psixoloq insanlara öz təlimini, fikirlərini təlqin etməyə, öyrətməyə çalışır. Biz azad insanıq və doğru yolu özümüz seçməliyik. Eyni zamanda, başqalarının yoluna da ehtiram bəsləməliyik.

– Müstəqillik illərindən sonra, gənc nəsil ilə yaşlı nəsil arasında qopmalar, milli təfəkkürün deqradasiyası daha çox hiss olunur. Bir incə qırılma var və bu qırılma nəticəsində tabu olan bütün anlayışlar getdikcə şəklini dəyişir, başqa cür təqdim olunur...

– Hər bir milləti başqa millətlərdən ayıran milli təfəkkür və müəyyən xətlər var. SSRİ-nin dövründə bizdən bəzi xətləri almışdılar, müəyyən qədər boşluqlar yaranmışdı. SRRİ-nin dağılmasından sonra, Azərbaycanda milli köklərə qayıtmaq, milli dəyərləri bərpa etmək təfəkkürü yarandı. Lakin bu təfəkkür də özünü lazımi səviyyədə doğrultmadı, xətlərin müəyyən olunmasında gah Avropa təfəkkürünü, gah da Şərq ölkələrinin təfəkkürünü irəli sürənlər oldu. Millət olaraq öz xətlərimizi müəyyən etməkdə, tamamlamaqda müəyyən qədər gecikdik. Həqiqətdə, bizim keçdiyimiz dövr assimilyasiyadan başqa bir şey deyildi.  Milləti məhv etmək üçün, heç də kütləvi qırğın silahlarına  ehtiyac yoxdur. Bir millətin təməl keçid xətlərini düşünülmüş şəkildə aradan qaldırırsan, o milləti məhv etmək asan olur.

İslama görə də, millətlər, qövmlər olmalıdır. Qurani-Kərimdə də bildirilir: “Sizi qövmlərə ayırdıq ki, bir-birinizi tanıyasınız”. Millətlər bir-birini tanımalı, fərqlərini bilməlidir. Allah lazım bilməsəydi, bizi millətlərə ayırmazdı.

Hər bir millətin özünün dəyərləri, özünəməxsusluğu, milli və mənəvi dəyərləri qorunmalıdır.

– Siz “bir-birini tanımalıyıq” dediniz, təbii ki, özünü tanımağı da nəzərdə tutursunuz. Lakin dində də millətin özünü tanımağı baxımından müxtəlif yanaşmalar var. Bir millət kimi özümüzü tanıyarkən, harda ifrata, harda təfritə varırıq? Dini ehkamlar müsəlmana, inanclı insana vətən və millət dəyərlərində hədlər, xətlər müəyyənləşdirirmi?

– Bu da çox vacib məsələdir. Özünü tanımağın ifrat və təfritləri var. İfrat həddi aşmaqdır, bu isə şovinizmdir. Dini təfəkkür bir milləti digər millətdən üstün tutmağa hədd qoyur. Lakin digər tərəfdə də təfrit və ya minimalist yanaşma var. Bəzi insanlar öz millətini həqiq görür, başqaları ilə müqayisədə milli qürur hissi olmur. Bu, milli natamamlıq kompleksidir. Milli natamamlıq kompleksi olanlar isə həmişə söykənməyə istinad axtarır. Kimsə öz millətinin nicat yolunu Avropa mədəniyyətini mənimsəməkdə görəcək, kimlərsə də hansısa müsəlman ölkəsinin mədəniyyətini və dəyərlərini mənimsəməyə çalışacaq... Hər ikisini dinimiz qəbul etmir, inancla yanaşı milli təfəkkürü də qorumağa çağırır. Nə başqa millətləri aşağıla, nə də öz millətini başqalarından aşağı bil. Peyğəmbərimiz deyib ki, Allah-təala insanları darağın dişləri kimi eyni yaradıb. Beləliklə, millət kimi də bərabər yanaşmanı qorumaq lazımdır.

– Sosial şəbəkələr sizin də, bizim də dadımıza yetir – məlumatları və yazılarımızı paylaşmaq üçün. Lakin görünür ki, cəmiyyətdəki ideoloji boşluqlar sosial şəbəkələrin populyarlaşması zamanı bir çox fəsadlar ortaya çıxardı. Siz nə kimi fəsadlar, nə kimi insan tiplərinin təzahürünü görürsünüz?

– Sosial şəbəkə özlüyündə pis bir şey deyil, fərdlər arasında rabitəni bərqərar edir. Lakin bizdə bir sıra gərəkli institutların fəaliyyətinin olmaması gənclərin sosial şəbəkələrə aludəçiliyinə səbəb olur. Düşünürəm ki, bəlkə də Avropada aludəçilik bu qədər deyil, sosial şəbəkələrə rabitə vasitəsi kimi bu qədər önəm vermir. Bəzi institutların olmaması, variantların azlığı özünü sübut etməyə ehtiyac duyan müxtəlif insanları sosial şəbəkəyə toplayıb. Xarici ölkələrdə sosial şəbəkələrlə bağlı araşdırmalar, psixolji tədiqat və maarifləndirmə işləri aparılır, amma təəssüf ki, Azərbaycanda buna yetərincə diqqət yetirilmir. Özünü həyatda tapmayan fərdin sosial şəbəkələrdə şəxsiyyətini isbat etmək üçün göstərdiyi fəaliyyət bir müddət sonra onun şəxsiyyətində ikiləşməyə gətirib çıxarır. Bəzi hallarda aşırı aqressiya da müşahidə olunur. Bir tanışım var, deyir ki,  bir gün telefonum işdə qalmışdı, bir gün ərzində dəhşətə gəldim, mənim nə qədər boş vaxtım varmış... İnsanlar bəzən öz enerji və vaxtlarını sərf etmək üçün başqa yerləri yox, məhz sosial şəbəkələri seçirlər, qısa statusları oxumaq, mübahisələr və müzakirələrə qoşulmaqla vaxt keçirirlər...

– Son zamanlar sosial şəbəkə istifadəçilərinin sayı artıb, informasiya axını və istehlakı da güclənib. Lakin ciddi əhəmiyyətə malik olan, bədii-fəlsəfi yükü olan materiallar paylaşdıqda gənclər o qədər əhəmiyyət vermir...

– Bilirsiniz, gənclərimizin çoxu kiçik həcmli statuslara daha çxo diqqət yetirirlər. Gündə 4-5 min status oxusalar belə, onlar bunun yükünü hiss etmir. Lakin ciddi yazılar, faydalı yazılar heç də həmişə insanlar tərəfindən maraqla qarşılanmır. Bəli, təəssüf ki, gənclərimiz daha çox əyləncəli mövzulara üstünlük verirlər. Lakin burda müxtəlif insanlar var və hər mövzunun da öz auditoriyası var.

– Kitab bazarından danışaq bir az... Siz özünüz NLP mütəxəssisi, fərdi inkişafla bağlı kitablar müəllifi olaraq, oxucu kütləsindən, auditoriyanızdan razısınızmı? Ümumiyyətlə, insanlarımızın yerli müəlliflərə, bədii və elmi ədəbiyyata münasibəti barədə nə deyə bilərsiniz?

– Son zamanlar fərdi inkişaf üzrə kitabların satışı baxımından irəliləyiş hiss olunur, lakin hələ kitab bazarımız istənilən səviyyəyə gəlib çatmayıb. Təəssüf ki, oxucuların əksəriyyəti əcnəbi imzalara doğru qaçır, yerli müəlliflərə ikinci plandan yanaşırlar. Bu da milli natamamlıq kompleksindən irəli gəlir, sanki bizim müəlliflərdə o potensial, istedad ola bilməz. Mənim bir kitbaım Türkiyədə də nəşr olunub və satılır, amma orda daha çox satış reytinqlərində yerli müəllifləri görürük. Etiraf etmək lazımdır ki, biz bu məsələdə Türkiyədən də geri qalırıq, yerli müəlliflərə münasibət dəyişməlidir.

Digər tərəfdən, Azərbaycanda oxucular xarici ölkələrə nisbətən, akademik mətnlərə, araşdırmalara az maraq göstərir. Ciddi bədii ədəbiyyata da maraq azdır.  Avropa ölkələrində tez-tez oxucuları qalın və akademik məzmunlu kitablarla görə bilərsiniz, lakin bizim cəmiyyətdə bu cəhətdən oxucuların marağı çox azdır. Bu istiqamətdə bir qədər dəyişikliklərə ehtiyac var. Oxucularımız öz mütəliə bucağını genişləndirsə, rəngarəng etsə, daha faydalı olar. Mütaliə şəxsiyyətin formalaşması üçün də yaxşıdır. Ancaq fərdi inkişaf kitabları oxumaq da yetərli deyil...

Söhbətləşdi: Rüfət Əhmədzadə, Oktay Hacımusalı

Reaksiya.Az

 

 

Şərhlər