“Şərait yetişməyib” ifadəsi o deməkdir ki... - Yetişsin, görərsiniz...

16.12.2015 11:29     Müsahibə     6693

Məscidlərə gedin, Allahla peyğəmbəri eyni sırada yazırlar.

Son günlər az qala hər açıqlaması, hər fikri qalmaqala səbəb olan, hətta bəzi radikal dindarlar tərəfindən ölümlə təhdid olunan ilahiyyatçı, araşdırmaçı Elşad Miri Reaksiya.az-a müsahibə verib.

Müsahibəni oxuculara təqdim edirik:

– Elşad müəllim, xoş gəlmisiniz. Müsahibəmizə ənənəvi sualla başlayırıq, amma maraqlıdır, adınız ətrafında bu qədər qalmaqalın, gərginliyin yarandığı günlərdə özünüzü necə hiss edirsiniz?

– Hər şey qaydasındadır, biz hər halımızla Allaha şükür edən insanlarıq. Uca Allah Quranın "Bəqərə" surəsinin 216-cı ayəsində buyurur ki, sizin şər kimi gördüyünüzdə xeyir, xeyir kimi gördüyünüzdə şər ola bilər. Ona görə də, bizə şər kimi görünənlərə də xeyir kimi baxırıq, hər halımıza şükür edərək həyata davam edirik... Bəzi məsələlər var ki, ilk baxışdan xeyir kimi görünməyə bilər, amma sonrakı mərhələdə sizə xeyir kimi qayıda bilər. Bu “sonrakı mərhələ” bu dünyada da ola bilər, axirətdə də. Buna görə də, xeyir geniş məfhumdur.

– Necə düşünürünüz, axirətlə bağlı stereotiplər, yəni, cənnət-cəhənnəm söhbətləri insanları bir qədər qorxutmur ki? İslamın sevgi dini olduğunu iddia edirik, amma bəzi ruhanilər təbliğat məsələsində daha çox qorxu amili yaradırlar...

– Axirətlə bağlı məsələlər insanda ümid yaradır. Uca Allah "Yusuf" surəsinin 87-ci ayəsində bildirilir ki, inananlar heç vaxt Allahdan ümidlərini kəsməzlər. Ancaq kafirlər Allahdan ümidini kəsərlər. Bu gün bəzi insanlar fikirləşir ki, əgər mən ölüb gedəcəyəm və torpaqda çürüyəcəmsə, o zaman niyə öz həyatımı yaşamayım? Sonra görürük ki, həmin insanlar güc əldə etdikdə, heç bir şəxsi nizam-intizam olmadan həyat sürür, başqalarının haqqına girirlər. İnanan insan isə fikirləşir ki, mən elədiklərimə görə ya bu dünyada, ya da axirətdə cavab verməli olacam. Yəni, insanlar Allah qarşısında məsuliyyət daşıyırlar.

Axirət məsələsi qorxu yox, düzgün həyat yaşaması üçün stimul yaradır. Bəzi insanlar da fikirləşir ki, mən ömrümü eşy-işrətə, tullanıb-düşməyə yox, ibadətə və doğru işlərə həsr edəcəm, Uca Allah məni o dünyada mükafatlandıracaq, Cənnətə gedəcəyəm...

– Cənnətdə də onu hurilər gözləyir...

– Huri siz nəzərdə tutduğunuz mənada deyil. Ona aydınlıq gətirəcəm. İnsan fikirləşir ki, biri zülm verir, vəzifəsi və imkanları var, bu cür də ölüb gedir. Əgər biri zülm edirsə, başqası da fikirləşir ki, bəs o zülm edənin sonu necə olacaq? O, Allah qarşısında ya mükafatlandırılmalıdır, ya da cəzalandırılmalıdır. Mükafat Cənnətdir, cəza Cəhənnəm. Burda qorxudan söz getmir. İnsanın bu dünyada yaşayarkən, nizam-intizamlı, ədalətli olması üçün əsas məsələlərdən biridir. Allahımız Quranda da buyurur ki, ədalətli olun, hətta yaxınlarınızın əleyhinə belə ədalətdən uzaqlaşmayın ("Nisə" surəsi, 4/135). Mən elə hərəkət edə bilərəm ki, başqaları bilməyə, şahid olmaya bilər. Lakin mən düşünürəm ki, bu əməllərimi Allah görür, sabah qarşıma çıxa bilər... Ona görə də, çalışıram riayət edim.

- Burda inananlar deyəndə siz hansı kəsimi nəzərdə tutursunuz? Yəqin ki, ancaq müsəlmanları deyirsiniz...

- İnananlar deyəndə, ümumi nəzərdə tuturam. Bəziləri deyir ki, ancaq bizə Cənnətə “viza” veriləcək, bunu doğru saymıram. Bu məsələni Allahın ixtiyarına buraxmaq daha düzgün olar.

- Ümumiyyətlə, “əhli-kitab” anlayışı var... və indi “viza” məsələsinə toxundunuz. Məsələn, ömrünü monastırda, Allaha ibadətdə keçirən, günahlardan uzaq qalmağa çalışan bir rahibin şəri hökmü nədir?

- Allah özü Qurani-Kərimdə kafirləri ayırır, fərqləndirir. Məsələn, “Allah üçün üçüncüsüdür” deyənlər kafir olanlardır. Lakin kafirlər içində də “əhli-kitab” var. Bu gün bəziləri bunu xristianlar və yəhudilərlə məhdudlaşdırırlar. Lakin kitabı olan başqa dinlər də var ki, bura daxil edilməyib. Bir müsəlman xristian və ya yəhudinin kəsdiyi ətdən “bismillah” deyib yeyə bilər.

– Bu, stereotipləri dağıtmaq deyil?

– Quranda konkret ayə var. Əksini iddia edənin Qurandan xəbəri yoxdur. Allah “Maidə” surəsinin 5-ci ayəsində buyurur ki, Kitab verilənlərin yeməkləri sizə halal, sizin yeməkləriniz də onlara halaldır. Həmin ayədə müsəlman bir kişinin əhli-kitab olan qadınla evlənə biləcəyi də öz əksini tapıb. O sənin həyat yoldaşın, uşaqlarının anası, sirdaşın olur. Bu insan haqqında sən necə fərqli fikirləşə bilərsən? O, əqidəsində, düşüncəsində olan insandır. Müəyyən səhvləri varsa, onu sən çatdırmalısan. Əgər çatdıra bilmirsənsə, bu, sənin problemindir.

Şərqdəki müharibələrdən qaçaraq Avropaya sığınan, xristianların rəhbərliyi altında işləyən şəxslər bir müddət sonra deyəndə ki, sənin yaşayışın düzgün deyil, belə cavab alacaq: “Bəs sən niyə düzgün yaşaya bilmədin?”. Normal izah etmək lazımdır. Bu gün dünyada İslam adı terrorla assosasiya edilir. Xəbər saytlarında, axtarış sistemlərində terror barədə məlumatları görən şəxs ilk yanaşmada İslam haqqında necə xoş düşünə bilər?

– Bəs müsəlman qadının xristiana ərə getməsi qadağandır?

– Bu barədə Avropada da müzakirəmiz oldu. Səmimi bir ortamda biri sual verdi ki, “necə olur ki, bir müsəlman kişi yəhudi və ya xristian qızla evlənə bilir, amma xristian kişi müsəlman qızla evlənə bilmir?”. Cavab belə oldu ki, “Çox sadə, biz İsa peyğəmbəri qəbul edirik, xristian qızı alırıq, Musa peyğəmbəri də qəbul edərək yəhudi qızı alırıq. Siz də Muhəmməd peyğəmbəri qəbul edin və müsəlman qadınla ailə həyatı qurun”.

– Bəs, xristian və ya yəhudinin müsəlmanla ailə qurması üçün İslamı qəbul etməsi şərti varmı?

– Xeyr, belə bir şərt yoxdur. Hətta bəzi kəndlərimizdə belə adət var ki, sünnilər şiələrə, şiələr də sünnilərə qız vermir. Adicə məzhəb fərqinə görə qohum olmurlar. Bu da müsəlmanların çoxunun İslamı düzgün bilməməsindən irəli gəlir. Biz Yaponiyada doğulsaydıq, özümüzü sintoist adlandıracaqdıq, Çində doğulsaydıq isə buddist. Bu gün Azərbaycan əksəriyyət İslama kiçik toy və kəbin prizmasından yanaşır. Adicə kəlmeyi-şəhadəti çox az insan bilir, ibadət edənlər isə ondan azdır.

Sən kimisə sənin kimi düşünməyə məcbur edə bilməzsən. Allah insanların surətlərinə deyil, qəlblərinə önəm verir. Bir insan İslamı nəyə görə qəbul edirsə, onun əslini biz bilə bilmərik. Əgər bir insan Azərbaycan vətəndaşı olubsa, onun planlarını qabaqcadan bilə bilmərik. O, sonra məlum olacaq.

Allahın bəşərə ilk əmr “Oxu”dur. Amma BMT-nin statistikasına görə, dünyada oxuyub-yazmağı bilməyənlərin çoxu müsəlman ölkələrindədir. Biz Allahın ilk əmrini yaddan çıxarıb, digər hökmləri irəli çəkirik. Gəlin, ilk əvvəl elə oxumaqdan başlayaq.

– Qara bayraqla bağlı nə deyə bilərsiniz? Şiələrdə də, sünnilərdə də qara bayraq amilinə xüsusi yer verirlər. Osmanlı dönəmində qara bayraq xilafət bayrağı hesab olunurdu və belə bir iddia var ki, bu, peyğəmbərin bayrağıdır.

- Peyğəmbərimiz ilk olaraq hamı kimi insan olub, sonra isə Allahın elçisi seçilib. Həmçinin, o, ərəblərin içində yaşayan ərəb olub, ərəb adətlərinə uyğun da həyat sürüb. İslamda bayraq və rəng anlayışı yoxur. Bu gün “Azərbaycan bayrağında yaşıl rəng İslamI bildirir” demək də doğru deyil, Avropada yaşıla başqa məna verirlər. Qara rəngə qaldıqda isə, bu rəng qaragüruh, bədbinlik, qara ab-hava yaradır. Qara rəngdən imtina etmək lazımdır, insanlara xoş gələn açıq rənglərdən faydalanmaq lazımdır. Peyğəmbərimiz ağ rəngdə geyinib. Bu, həm yaşadığı Ərəbistan yarımadasının şəraiti ilə də əlaqələnə bilər, həm də müsbət aura ilə. Saqqal, geyim, hamısında belə məsələ var. Deyir ki, siz bığınızı qısaldın, saqqalınızı uzadın. Amma burda səliqə əsas amildir. Bəzi şeylər ərəblərdə olan adətlər idi, hər şeyi də sünnə kimi qələmə vermək lazım deyil. Peyğəmbərimizin baş örtüsü də indiki ərəblərin baş örtüsünə uyğun deyildi – bu baş örtüsündən qismən İranda və Osmanlıda istifadə olunub. Əgər bu adətlərin hamısını sünnə kimi götürməliyiksə, onda gərək soyuq bir iqlimdə ərəblərin geyimi olan cələbiyyə ilə gəzək. Bəziləri hədisləri öz mənfəətinə görə istifadə edir, ya da özündən hədis uydurur. Hətta Peyğəmbərimizin vəfatından sonra kim qara toyuğun yumurtasını alsa, cənnətə gedəcək kimi hədislər də uydurulmuşdu ki, yumurtaları satılsın.

– Bəzi ruhanilərimiz, xüsusilə də son zamanlar populyarlaşan Hacı Şahinin dilindən bəzi hədislər, rəvayətlər eşidirik ki, dinləyəndə absurd təsəvvür yaranır. Məsələn, Kəbənin danışdırmaq, Allahla Kəbənin dialoqu ilə bağlı rəvayətlər, eləcə də digər məsələlərdə qeybə aid olan şeylər barədə hökm yürütmək... Bu iddialardan hansılar nə dərəcədə düzgün sayıla bilər?

- Ümumiyyətlə, məzhəblərin çoxu nağılların üzərində qurulub. Nağıllara dini don geydirib insanlara təqdim edirlər. Məsələn, “Boynumdan babam öpüb, qılıncı ordan yox, başqa yerdən vur, kəsəcəksən”, yaxud, “Bir qılınc zərbəsi ilə 500 nəfəri yerə sərdi”... Və ya, Kərbəlanı Kəbədən daha müqəddəs bilmək. Bu gün də o nağıllar davam etdirilir. Bunun dini əsası nədir, mənbəyi nədir, Quran bu barədə nə deyir, insanlar soruşmur, araşdırmırlar. Bu gün Azərbaycanda özünü “müsəlman” adlandıran insanların 99 faizi Quranı oxumayanlardır. Oxuyanların da çoxu, sadəcə savab üçün oxuyur ki, “ölənlərinin ruhuna göndərsin”. Məqsəd savab qazanmaq üçündür. Amma yaşamaq üçün oxumaq lazımdır. Məsələn, məşhur səhabələrdən nəql olunur ki, öz dillərində olan “Bəqərə” surəsini 8 ilə öyrənib. Bu, bilirsinizmi, nə deməkdir? Yəni, yaşadım... Sadəcə əzbərləmədim. Başa düşmədiyin bir şeyə baxmaqla, əzbərləməklə insan zəkasında nəsə dəyişirmi? Quranı başa düşərək, diqqətlə oxumaq lazımdır.

– Deyilir ki, Məhəmməd peyğəmbərdən əvvəl gələn peyğəmblərin heç biri ərəb olmamışdı...

– Bunu bütün peyğəmbərlərə şamil edə bilmərik. Quranda cəmi 25 peyğəmbərin adı çəkilir. Niyə məhz 25 peyğəmbərin və o bölgədə yaşamış peyğəmbərlərin? O adlar bölgədə yaşayan ərəblərə tanış idi. Səhv anlaşılmasın, əgər peyğəmbərimiz Yunanıstanda məsələn, Sokrat adlı bir peyğəmbərdən danışsaydı, deyərdilər ki, “bu yalançıdır, nə danışır?”. Çünki onların Yunanıstandakı və ya Amerikadakı elçidən, peyğəmbərdən xəbərləri və məlumatları yox idi.

– Bəs onda bizim bölgə? Biz axı fərqli coğrafiyada yaşayırıq.

–  Quranda deyilir ki, hər xalqa onun dilində danışan xəbərdaredici göndərilib. 124 min və 224 min sayları da da var, amma bu da dəqiq deyil. Qurani-Kərimdə dəqiq say göstərilmir. Hər xalqa öz dilində danışan rəsul və nəbilər göndərilib.

– Baxın, elə bu barədə soruşmaq istərdik... Nəbi ilə rəsul arasındakı fərq nədir?

– İlahiyyatda öyrədilən anlayış bir az fərqli idi. Deyilirdi ki, nəbi özündən öncəki peyğəmbərləri qəbul edən, amma öz şəriəti olmayan şəxsdi. Ama bu, tamamilə yanlış anlayışdır. Quranda İbrahim peyğəmbər də, Məhəmməd peyğəmbər də həm rəsul, həm də nəbi kimi yada salınır. Rəsul Allahın elçi kimi qəbul etdiyi, kitab göndərdiyi şəxsdir.

Hərbi xidmətdə olan bir əsgər öz xidmətini bitirəndən sonra vətəndaşdır.

Peyğəmbərlərin hamısı nəbidir, amma Allahın ayələri nazil olduqda, onu əhaliyə çatdırarkən rəsulluq funksiyasını yerinə yetiriblər.

Onların hamısı həm də insandır. Sən tanımadığın şəxsə necə inana bilərsən? Allah Quranda buyurur ki, əgər yer üzündə gəzib-dolaşanlar mələklər olsaydı, Allah peyğəmbər olaraq mələk göndərərdi. Allah kənardan bir peyğəmbər göndərmir.

– Peyğəmbərlərin hamısı möcüzə göstəribmi?  Məsələn, deyirlər ki, Məhəmməd peyğəmbər ayı barmağı ilə parçalayıb...

– Quranın heç bir ayəsində möcüzə sözü yoxdur. Bu söz ərəb sözü olmasına baxmayaraq Quranda bu ifadəyə rast gələ bilməzsiniz. Quranda «ayə» sözü bizim anladığımız möcüzə anlamında işlədilir. “Möcüzə” sözü çox sonralar ortaya çıxıb. Quranda peyğəmbərlərə özlərini isbat edəcək bizim anladığımız möcüzələr verildiyi halda Muhəmməd peyğəmbərə möcüzənin verilmədiyi qeyd edilir. Quranın «İsra» surəsinin 59-cu ayəsində buyurulur ki, Bizim möcüzələr göndərməkdən vaz keçməyimizə səbəb ancaq əvvəlkilərin onları yalan hesab etmələri idi…Quranda “Şəqqül-qəmər”, yəni ayın bölünməsi keçən ayə qiyamətlə bağlıdır. Məhəmməd peyğəmbərə Qurandan başqa möcüzə verilməyib.

– Sünni alimləri də, şiə aliməri də qəndil gecələrini qəbul edirlər...

– Qəndil gecələri sonradan ortaya çıxıb. Onların yaşı bir neçə əsrdir. Nə peyğəmbər, nə səhabələr, nə tabinlər, nə ətbait-tabinlər dövründə olub...

- Müsahibədən əvvəl söhbət zamanı mən İŞİD-in cəza üsullarına toxundum və “İmport İslam” ifadəsi işlətdim. Siz isə dediniz ki, yox, bu elə ənənəvi İslamdır. Mümkünsə, bu məsələyə aydınlıq gətirərdiniz. Onların edam üsulu və ya idarə üsulu nə ilə fərqlənir...

- Bir neçə gün əvvəl sosial şəbəkələrdə məni təhdid edən bir video yayıldı. Həmin videoda danışan şəxs deyir ki, Elşad Miri Səudiyyə Ərəbistanında yaşasaydı, bu fikirlərinə görə əvvəl həbs edilər, sonra tövbəyə dəvət edilər, sonra da edam olunardı. İyirmi birinci əsrdəki Səudiyyə Ərəbistanından söhbət gedir. Keçmişdə İmam Əbu-Hənifə necə öldürüldü? Dövlətin verdiyi vəzifəni qəbul etmir, yanlışları dilə gətirir, sonra ona qarşı alimlərə fətva verilir, sonra isə tövbəyə dəvət olunur, “tövbə etmədikdə” isə edam olunur. Ənənəvi İslam budur.

Biri var Allahın göndərdiyi İslam, biri də var insanların uydurduğu İslam. Bu gün İŞİD-in etdiklərini sorğulasan, sənə xeyli hədislər gətirəcəklər. Halbuki, Quranda baş kəsməklə bağlı hökm yoxdur. Dindən döndü, başını kəs. Biri zina etdi, daş-qalaq et. Həm də yalnış tərcümə və təfsir belə üsullar ortaya çıxarır.

- Bəlkə, ərəblər üçün bu normaldır?

- Ərəblər üçün normal olanları Allahın rəsulu gəlib darmadağın elədi. Ərəb üçün normal olan adətlərdən biri şirk idi, bu gün Azərbaycanda da var ki, ölmüşlərin qəbrindən kömək istəyirlər. Bunu indikilər bilmədən edirlər, amma o vaxt bilərəkdən, İslamdan kənar olaraq sitayiş edirdilər.

Bütün bunlar hamısı keçmişdən qalanlardır. Əgər keçmişdə hər şey doğru olsaydı, niyə Allah insan yaranandan bəri peyğəmbərlər göndərib?

Bu gün həqiqətən bu insanların əlinə fürsət düşsə, Azərbaycanda İslam hakimiyyəti qurarlar. Onların dediyinə görə, mən bu dəqiqə edam olunmalıyam. Bəs İslamda vicdan və fikir azadlığı harda qaldı? Peyğəmbərin dediklərini sorğulayan səhabələr də olub ki, bu, sənin sözündür, yoxsa Allahın sözü, deyə?

- İŞİD hazırda “novator” kimi yada düşür. Dağdan atmaq, diri-diri suya salıb boğmaq, yandırmaq... Bunlar nəyə əsaslanır?

- Hamısını hədislərə əsaslandırırlar. Deyirlər ki, bir nəfər “livata”, yəni, homoseksuallıq edirsə, onu dağdan atmaq lazımdır. İmam Əlinin adından da hədis var ki, guya, ona “ilah” deyənləri yandırıb. Rəcmlə bağlı da hədislər uydurublar.

– Bu hədislərin səhihliyi bəs?

– Peyğəmbərin dövründə belə edam üsulları olmayıb. Bir çox hədislər peyğəmbərin vəfatından əsrlər sonra uydurulub. Quranda da belə ciddi məsələ ilə bağlı hökm yoxdursa, sən hardan çıxarırsan?

Belə bir hədis var ki, peyğəmbərə 9 kişinin gücü verilib, 9 xanımıyla bir gündə olub. Bunu peyğəmbər özü deyib ki, bilirsiniz, mən bu gün 9 xanımla birlikdə olmuşam? Yoxsa, kimsə gedib onu güdüb? Peyğəmbər necə 9 kişinin gücünə malik olub ki, Uhud döyüşündə onun ağzı yaralandı, səhabələr onu qoruyurdu... Sonra deyirlər ki, peyğəmbərin arxada gözü olub. Peyğəmbərin “mən də sizin kimi bəşərəm” sözünü danırlar. Məscidlərə gedin, Allahla peyğəmbəri eyni sırada  yazırlar. Kəlmeyi-Şəhadətdə  də deyilir ki, Məhəmməd Allahın elçisi və quludur. “Xristianlar Həzrət İsanı ilahiləşdiriblər deyə, biz də peyğəmbərimizi qaldıraq” anlayışı ilə peyğəmbəri üstün göstərməyə çalışırlar.

- Azərbaycan sələfilərinin rəhbəri sayılan Qamət Süleymanovun “Youtube”dakı videolarını izləmişəm, ona təkfir barədə sual verirlər. Tam cavab vermədi, amma belə ifadə işlətdi ki, əhalinin çoxuna şamil etmək olar, amma hazırda şərait yetişməyib...

- Mənim dediklərimi də təkfirə bağlayırlar. Təkfir odur ki, onun malı, ailəsi başqalarına halaldır. Bu, ciddi təhdid deyilmi? Əmmamə altından zopa göstərməkdir. Harun Yəhyadan da “Siz Mehdisiz?” soruşanda cavab vermişdi ki, “mən özümə Mehdi demirəm, Mehdi də özünə Mehdi deməyəcək”... “Şərait yetişməyib” ifadəsi isə o deməkdir ki, yetişsin, görərsiniz...

- Belə çıxır ki, 20-30 ildən sonra, onların çevrəsi gücləndikdə “şərait” yetişəcək?

- Mən inanıram ki, dövlətimiz güclüdür, özünü və vətəndaşlarını qorumaq mexanizmi var. İnanıram ki, bu mexanizmi daha fərqli metodlarla, insanları ikrah hissi oyadacaq deyil, əksinə, sevdirəcək üsullarla həyata keçirəcək. Müşahidə etmişik ki, məsələn, ANS-in efirə çıxardığı ilahiyyatçıların 99 faizi iranyönümlüdür. ANS yeganə kanaldır ki, İranda akkreditə olunub, ordakı informasiyaları xaricə satır. Həmçinin digər telekanallar, mənə çoxunda qadağa qoyublar. Görünür, kiminsə biznesinə çomaq soxuram. Ötən həftələrdə bir neçə məsciddə özüm də namazda olduğum vaxtda əleyhimə xütbələr oldu. Nardaran hadisələri qalıb kənarda, məndən danışırlar.

- Hansı məscidlərdə?

- İlahiyyat məscidində, Qaraçuxur məscidində.. Sanki o hadisələri törədib gəlmişəm namaza. Özüm də şübhələndim ki, deyəsən, Nardaran hadisələrini mənim üzərimə yıxacaqlar. Əgər onlara bu göstəriş verilməsə, kiminsə əleyhinə danışmazlar. Bu göstərişi verən QMİ-də oturan rəhbər şəxslərdir.

- Üzbəüz bir söhbət olmayıb? Sizi QMİ-də kimsə söhbətə “dəvət” etməyib?

- Yox, üzbəüz bir söhbət olmayıb.

- Bir tərəfdə Seyid Qutub var, bir tərədə Əli Şəriəti... 1990-cı illərdə qəfil radikallaşma getdi. “Əl-Qaidə” fəallaşdı, digər ekstremist qüvvələr ortaya çıxdı. Nə oldu, İslam niyə belə birdən-birə radikallaşdı? Nə üçün vəhdət yaradacaq, məzhəblərarası ədavəti söndürəcək bir təbliğat yoxdur ortada?

- Vəhdət nə ilə bağlı ola bilər? Qurani-Kərimdə deyilir: “Alahın ipindən hamılıqla möhkəm yapışın”. Bizi Quran birləşdirə bilər, vəhdət Quran ətrafında olacaq. Allah Quranda buyurur ki, firqələrə bölünməyin. Bu gün özünə “sələfi”, “şiə” və ya başqa məhəb və təriqət adını götürənlərdə firqələrə bölünənlərdir. Biz daha çox Qurana dönsək, Allahın kəlamlarını düşünsək, daha doğru yolda olarıq. Yoxsa, insanların çağırışı ilə, vəhdət bərpa olunmayacaq.

- Tenqrizm haqqında nə düşünürsünüz?

- O da populist çıxış formasıdır, qədim türklərlə əlaqəli bir din iddiası ilə ortaya çıxarılıb.

- Son dövrlər Orta Asiya ölkələrində, Rusiyada geniş yayılıb...

- Deməzdim, o qədər... Bu, sadəcə informasiya təbliğatıdır. Bundan müəyyən qrupları idarə etmək üçün istifadə edirlər...

- Düşünürsünüz, tenqrizm bir layihədir?

– Bəli, bu sadəcə müəyyən maraqlar üçün ortaya çıxarılmış layihədir.

– Axı türklər özü təktanrıçı olub?!

- Ona qalsa, biri də ortaya atsın ki, alban tarixində xristianlıq olub, bir başqası zərdüştlüyü ortaya atsın... O dövr keçib. Artıq insanların düşündüyü, araşdırdığı dövrdür. Məsələyə bu aspektdən yanaşmaq lazımdır.

–Allah dilədiyinə hidayət verir...

- O, səhv tərcümədir. Allah diləyənə hidayət verir, diləyəni də azdırır. İstəyən adamı doğru yola çatdıra bilər... Tərcümələrdə elə xətalar var, bu, insanları da çaşdırır. “Fatihə” surəsini oxuyursan. “Maliki yəumid din”. Bu 3 sözdən ibarət olan ifadəni Allah Özü “İnfitar” surəsinin 3 ayəsi ilə açıqlayır. Quran Allah tərəfindən açıqlanan kitabdır.

- Belə çıxır ki, təfsirlər boş şeydir?

- Boş deməzdim, əstəğfürullah, Quranın anlaşılması üçün yaxşı cəhdlərdir. Sadəcə bəzən çox çətinləşdirmədən... Bəzən elə olur ki, “Fatihə” surəsini 200-300 səhifə ilə izah edirlər. Bunu insanlara 2-3 səhifə ilə çatdırmaq olar, 200-300 səhifəyə ehtiyac varmı? Bunu nəzərdə tuturam.

 

Söhbətləşdi: Oktay Hacımusalı, Rüfət Əhmədzadə

 

Şərhlər