DOĞULMAYAN KÖRPƏNİN ŞƏHİD TALEYİ

30.06.2017 21:28     Müsahibə     3751

"...Oğlumun söylədiklərinə indi çalışıram əməl edəm. Başımı dik tutmağa çalışsam da, göz yaşlarımı tutmağı bacara bilmirəm... " ...Kəndimizə çatar - çatmaz üz tuturam, qonşu Peştəsər kəndinə. Ora məni çəkib aparan, 2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin təxribatının qarşısını alan zaman qəhramancasına həlak olan vətənimizin şəhid oğlu, baş leytenant Nəzərov Şahlar Yaşar oğlunun tükənməz vətən sevgisidir. "Torpaq, uğrunda ölən varsa, Vətəndir"-deyib, şairimiz. "Şəhid-şəhid çiçəklənən" vətənimizin uğrunda canını fəda edənləri unutmamaq, bacardıqca onları yaşatmaq, bizim müqəddəs borcumuzdur. Elə bu amalla, şəhidimizi oxucularımıza tanıtmaq üçün, öncə yolumu şəhid qardaşımızın təhsil aldığı məktəbdən salıram. Məktəb həyətində bizi kitabxananın müdiri qarşılayır. Gəlişimizin səbəbini deyəndən sonra, o bizi "müəllimlər otağı"na dəvət edir. Otaqda stolun üstündəki, qarşısında Azərbaycan bayrağı və çiçəklər olan şəhidimizin şəkili nəzərimdən qaçmır...

Elə ilk müsahibim Peştəsər kənd kitabxanasının müdiri Yaqubov Təbriz Ağamalı oğlu olur. O, Şahlar haqqında xatirələrini belə bölüşür:

- Doqquzuncu sinifə kimi bizim məktəbdə oxuyub. Yaxşı, əla qiymətlərlə oxuyub. Öz biliyilə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Oranı bitirdikdən sonra, hərbi akademiyaya qəbul olub. Bacarıqlı olduğu, hərbi sirlərə dərindən yiyələndiyi üçün, ixtisasartırmaq məqsədilə Türkiyəyə göndərilib. Oranı da müvəffəqiyyətlə bitirdikdən sonra, Azərbaycan ordusunun kəşfiyyat bölüyünə yazılıb. Dəfələrlə kəşfiyyatda uğurlu xidmətləri olub. Növbəti kəşfiyyat xidmətini yerinə yetirərkən, döyüş yoldaşlarından biri (bizim qonşu Nisəqala kəndindən olan Şakir kişinin oğlu) minaya düşür. Şahlar oğlumuz onu həmin təhlükəli yerdən çıxarır. Bir dəfə də kəşfiyyata keçib ermənilərin 6 əsgərini məhv ediblər. Kəşfiyyatda xidməti müddəti ərzində bir növ ermənilərin kabusuna çevrilib.  Hətta ermənilər Şahların başına  pul da qoyurlar. Şahların belə şücaətlikləri çox olub. Onun döyüş yoldaşları söyləyirlər.

Sonda şəhid oldu. Şəhidlik ali məqamdır! Hər adama qismət olmur. Kəndimizin, elimizin fəxridir. O, təkcə Yaşarın oğlu deyil, bütöv Azərbaycanın oğludur. Yardımlı rayonunda ilk zabit şəhidimizdir.

Kitabxanamızın fəal oxucusu olub. Məktəbdə oxuyarkən çox məsuliyyətli idi. Kitbalarını səliqəli saxlayırdı...

Ölüm xəbərini televizorda eşitdim. Fevralın 25-i idi... Tam dəqiq olub-olmadığı üçün, valideynlərinə bildirmədik. Uşaqlar ermənilərin paylaşdığı görüntüləri izləyiblər. Çox dəşhətli görüntülərdir...-deyə Təbriz müəllim bizi məlumatlandırır.

Həmin kənd orta məktəbin riyaziyyat müəllimi Nərimanov Yusif  Yaşılxan oğlu isə bildirir ki:

- Şahlara 5-ci sinifdən 9-cu sinifə kimi dərs vermişəm. Çox ağıllı, tərbiyəli şagird idi. Dərslərini əla qiymətlərlə oxuyurdu. Məktəbimizin bütün ictimai işlərində fəal iştirak edirdi. Şərəf lövhəsində şəkili var idi. Divar qəzetində yazıları çıxardı...

Yusif müəllim, məktəbiniz hal-hazırda heç bir ad daşımır. Şahların təhsil aldığı məktəbə istərdim ki, şəhidimizin xatirəsini əbədiləşdirmək üçün elə onun adı verilsin. Siz necə düşünürsünüz? -sualıma:

 

- Çox gözəl təşəbbüsdür! Şəhidimizi təzə torpağa tapşırmışıq. Dəfnində rayon icra hakimiyətindən də nümayəndələr iştirak edirdilər. Mən də müəllim yoldaşlarıma bu təşəbbüsü söyləyəcəyəm. İmza toplayacağıq və aidiyyəti orqanlara müraciət edəcəyik. Dövlətimiz hər zaman şəhidlərimizə yüksək qiymət verib. Əminəm ki, şəhidimizin adını əbədiləşdirmək üçün, məktəbimizin adını daşımasında  dövlətimiz bizə lazımı köməkliklər göstərəcək. - deyə Şahların müəllimi vurğulayır.

 

...Sonra üz tuturam Şəhidimizin ata ocağına. Məktəbin həyətindən boylandıqda, bir xeyli aralıda - kasıb bir daxmanın üstündə vüqarla bir bayraq dalğalanır. Həyətə çatıram. Şəhidin atası Yaşar dayı bizi qarşılayır. Gəlişimizin səbəbini deyirəm. Evinə dəvət edir. Digər bir bayrağın da həyətdə ucaldığını görürəm...

 

...Otağa daxil oluruq. Yaşar dayı əvvəlcə şəhidimizin nənələrini danışdırmağımı istəyir. İki yaşlı nənənin yanında yerdə əyləşirəm. Şəhidimizin ana nənəsi Ağayeva Firoza Şahlar qızına sualımı ünvanlayıram:

 

    Nənəcan, "nəvə daha şirin olur" deyirlər. Şahlar nəvəniz haqqında nə deyə bilərsiniz?

 

- Şahlar nəvəmdən doymadım ki...İndi onu xatırladıqca, göz yaşlarımı saxlaya bilmirəm. Hər kəsə mehriban idi. Evdə, qonşuda, məktəbdə hər kəs hörmətini saxlayırdı. Çox tərbiyyəli, ağıllı, qoçaq nəvə idi. Allah heç ata-anaya, nənəyə belə övlad dağı çəkməsin! Çox ağır itkidir. Çox çətindir bu ağrıya dözmək...

 

...Firoza nənənin göz yaşları söhbəti davam etdirməyə imkan vermir. Təsəlli verməyə çalışıram. Bir az sükutdan sonra növbəti sualımı ünvanlayıram:

 

Nəvənizə Şahlar adını kim qoymuşdu ?

 

- Rəhmətlik babası qoymuşdu. Birinci nəvəsi idi...

 

...Sonra söhbətimi şəhidimizin ata anası Əzimova Zülal Əzim qızı davam etdirir:

 

-Vətən yolunda canını qurban verdi... Vətənə canım qurban! Danışa bilmirəm, bala... Çox incidir nəvəmin yoxluğu...

 

Ağlayır Zülal nənə... Göz yaşlarını dəsmalı ilə qurudur, söhbətinə davam edir:

 

Amma neyləyək. Vətənimiz dardadır. Torpaqlarımızı azad etmək lazımdır. Vətən sağ olsun! Əsgərlərimiz sağ olsun! Allah bütün balalarımızı qorusun! Mənim nəvəm ölməyib. Vətənə canını qurban verib. Şəhid olub balam, şəhid.

 

Nəvənizin şəhid xəbərini nə vaxt, necə öyrəndiniz ?

 

- Mənim şəkər xəstəliyim olduğu üçün, məndən gizlədiblər. Balamın ölüm xəbərini dörd gündən sonra, meyidi həyətə gələndə bildim...

 

Şəhidin əmisi Nəzərov Heybət Şahmurad oğlu isə qeyd edir ki:

 

- Şahlar həqiqətən bizim başımızın tacı idi. Yaşının az olmasına baxmayaraq, deyərdim ki, 70 yaşında bir insan qədər hörməti var idi. Allah- Təala "Qurani-Kərim"də şəhidlərə ölü demir. Fəqərə surəsi 154-cü ayədə "Onlara ölü deməyin, onlar diridirlər. Lakin siz bunu başa düşmürsünüz"-buyurur.

Şahlar ölü deyil, o diridir. O Azərbaycan xalqının qəlbində yaşayır. Allah yanında onun uca bir məqamı var- Şəhidlik! Bu məqam hər insana nəsib olmur. Allah sevdiyi insanlara onu nəsib edir...

Bir şəxs deyə bilməz ki, Şahlar mənə belə bir acı söz deyib. Hamımız onu itirməkdə heyfslənirik. Amma şəhidlik məqamını dərk etdikdə, bir yandan da sevinir. Haqq yolunda, vətən yolunda şəhid oldu. Təki vətənimiz - Azərbaycanımız sağ olsun! Allah bizə nəsib etsin, ermənilər üzərində qələbə çalaq və Azərbaycan bayrağını inşəallah keçmiş Azərbaycan torpağı olan İrəvanımızda ucaldaq...

 

...Şəhid anasını danışdırmaq mənimçün daha ağır olur. Salamımı göz yaşıyla alır. Şəhid anası Şirinova Zərxanım Mirzəkişi qızından:

 

Oğlunuz sizi Şəhid anası etdi. Şəhid anası olmaq necə bir hisdir? - deyə soruşuram:

 

- Onun şəhidliyinə qurban olum! Bütün şəhid analarına baş sağlığı verirəm. Onların balaları da mənim balamdır. Bütün balalarımızın canı sağ olsun. Övladlarımız vətəninə layiqli övlad olsunlar. Şəhid anası olmaq...

 

Şəhidimizin anası göz yaşlarını saxlaya bilmir. Suallımın cavabını anamızın göz yaşlarından alıram...

 

Şahlar uşaqlıqda anasını incitmirdi?

 

- Heç incitməzdi. Kaş ki, incitsəydi... Bəlkə bu qədər heyfslənməzdim. Çox sakit uşaq idi. Zəhmətkeşliyi ilə bizi heyran edərdi. Biz valideyn olmağımıza baxmayaraq, elə bil o bizim böyüyümüz idi...

 

Şahlar yuxunuza gəlirmi?

 

- Yox. Gəlmir. Əvvəl tez-tez gələrdi...İndi çox arzulayıram, yalvarıram yuxuma gəlsin, amma gəlmir ki, gəlmir.

 

Görünür, Şahlar anasını yuxuda da incitmək istəmir ?!

 

- Şəhid olmamışdan öncə, bir dəfə yuxuma gəlib mənə dedi ki, "şəhid olacam. Tabutuma sarılıb, ağlamazsan. Başını hər zaman dik tutarsan..."

Oğlumun yuxuma gəlib, mənə söylədikləri çin oldu... Oğlumun söylədiklərinə indi çalışıram əməl edəm. Başımı dik tutmağa çalışsam da, göz yaşlarımı tutmağı bacara bilmirəm... Bir dəfə də Şahlarla televizora baxırdıq. Orda şəhid xəbərlərini göstərəndə heyfsləndim. O zaman mənim belə hərəkətim Şahlara acıq getdi. Dedi ki, sən heyfslənmə, onlarçün fəxr elə...

Oğlum, Allah şəhidliyini mübarək etsin! Allah qalan qeyrətli, namuslu balalarımızın, əsgərlərimizin canını sağ etsin. Bizim təsəllimiz onlardır. Əminəm ki, qisasımızı düşmənlərdən alacağıq...

 

Şəhidin xalası (həm də ki, şəhidin qaynanası) Şirinova Nurxanım Mirzəkişi qızı:

 

- Nə deyim, bala?! Heç nə danışa bilmirəm. O qədər bizimçün ağırdır, o qədər çətindir ki... Şahlar ailəsinə layiq olduğu kimi, vətəninə də layiq oldu. Elə körpəlikdən ədəbi, tərbiyyəsi, əxlaqı ilə seçilirdi. O şəhid olub. Heç inana bilmirəm. Yeddi ay idi ki, toyu olmuşdu. Heç mən onu qonaq da aparmamışdım. Ayağını açmamışdım...

Elə oğullar tarixdə çox az-az yaranır. Cəmi şəhidlərimizin analarına, qohumlarına, Allahdan səbr diləyirəm. Vətən oğulları Şahların qanını yerdə qoymayacaq. Bəlkə onda biz bir az toxtadıq. Çox çətindir Şahların yoxluğu ilə barışmaq. Haçan məzuniyyətə gələrdi, deyərdim ki, özünü qoru düşmənlərdən. Gündə oğullarımız şəhid olur. Deyərdi ki, mən onlardan artıq oğul deyiləm. Hər zaman canımı vətən yolunda qurban verməyə hazıram. Elə də oldu. Allah cəmi şəhidlərimizə rəhmət etsin!

 

Şəhidin o biri xalası Şirinova Hafizə Mirzəkişi qızı da bacısının sözlərini təsdiq edib, əlavə edir:

 

- Şahların haqqında nə qədər xoş söz danışsan, nə qədər tərifləsən qurtarmaz. Çünki, tərifə layiq oğul idi. Sağlığında necə hörmətli idisə, elə indi də elə hörmətlidir...

 

Əvvəlcə hamını, sonra özünün danışdırmağımı istəyən şəhidin atası Nəzərov Yaşar Məşədi Şahmurad oğlu isə oğlu haqqında belə danışır:

 

- Doğrudan da cəmiyyətə, vətənə, xalqa layiq övlad oldu. Mən oğlumla fəxr edirdim, hər zaman da fəxr edəcəyəm. Allah cəmi şəhidlərimizə rəhmət etsin! Valideynlərinə də səbr diləyirəm. Vətən sağ olsun! Vətən qorunmalıdır! Torpaq qorunmalıdır! Torpaq işğal altında qalmamalıdır!

Şahların üçü sübh tezdən, "taqqıltı" səsinə evdən çıxdım. Gördüm ki, kiçik oğlum (11-ci sinif şagirdidir. Rayonumuzda "Kaspi" də oxuyur) xalası oğlu ilə birlikdə evimizin üstündə yüksəklikdən gördüyünüz Azərbaycan bayrağını asırlar. Baxdım, baxdım kövrəldim. Və əmin oldum ki, bunlarda da vətənpərlik hissi var. Ona görə sübh tezdən durub soyuqda onu düzəldib ucaldıblar...

Allah ordumuza kömək olsun! Düşmənlərimizi zəlil etsin! Haqq gec - tez öz yerini tapacaq. Torpağımız tapdaq altındadır. Azad edəcəyik! Hərbiçilərimiz Şahların dəfnində mənə söz verdilər ki, tezliklə bayrağımızı Xankəndindən, Şuşadan, bütün işğal olunmuş torpaqlarımızdan asacağıq. İnşəallah bayrağımızın birini də, mən o torpaqlardan asacağam! Allah sizin də köməyiniz olsun, yad edib gəlirsiniz. Şəhidlərimiz elimizin başının ucalığıdır...

 

Şahların uşaqlığı atasının yaddaşında necə qalıb?

 

- Şahlar uşaqlıqdan mənimlə yoldaş kimi olub. Hələ yadıma sala bilmirəm ki, nə vaxtsa ona acıqlı bir söz demişəm. Heç vaxt ona dərsini oxu deməzdim. Dərslərində çox məsuliyyətli idi, yəqin müəllimləri sizə söyləyib. Dərslərinə gecikməzdi. Məktəbdən qayıdıb dərslərini hazırlayar, sonra təsərüfat işlərində mənə kömək edərdi. Yadımdadır, Şahlar birinci sinifdə oxuyardı. Televizorda erməni vəhşiliyini göstəriləndə, deyərdi: " Ata, bunlar hardadı? Götürək tüfəngi gedək biz də öldürək onları."  Deyərdim axı uzaqdadırlar. Deyərdi ki, " ata, gecə gedək. Onların xəbəri olmadan yüzünü öldürək."

Hey belə şeylərin arzusu ilə yaşayardı. Arzuları demək olar ki, çin oldu...

O vaxt Naxçıvanskiyə daxil olmaq istəyirdi. Mənə bildirdikdə, mən ona "sənə çətin olar" -deyə söyləmişdim. O isə çox pis olmuşdu. Sonra ta mən onun qəlbinə dəyməmişdim...

Oxudu, çalışdı, sonra Naxçıvanskiyə daxil oldu. Oranı müvəffəqiyyətlə bitirdikən sonra, akademiyaya daxil oldu. General ona televizor, hərbi formalar da hədiyyə etmişdi...

İkinci kursda oxuyarkən bir gün mənə zəng etdi ki, "ata həkimlərin, psixoloqların da müsbət rəyi nəzərə alınaraq, 16 nəfər kəşfiyyat bölümünə seçilib. O 16 nəfərin tərkibində mən də varam."  " Oğul özün fikirləş, seçimini özün et" -dedikdə, "ata, elə mənim arzum kəşfiyyarçı olmaq idi..." Xeyir-duasını verdim. Yəni özü seçdi o yolu. Türkiyədə də üç ay təlim keçdi. Təlim keçdiyi müddətdə xeyli fəxri fərmalar, diplomlarla təltif olundu. Sonra qayıtdı vətənimizə. Çoxlu uğurlu əməliyyatları olub. Ona görə onu bölük komandiri təyin etdilər. Keçən il fevral ayında general onu bölük komandiri təyin edəndə, Şahlar özünün gənc olduğunu, hələ bu adı daşımaq onun üçün daha tez olduğunu bildirsə də, general ona "gənc olsanda, fiziki, döyüş hazırlığın, bacarığın, sağlamlığın, uğurlu əməliyyatların imkan verir ki, sən bu şərəfli adı daşıyasan."

İndi mən təsəlli tapıram ki, dünyamı dəyişəndə, məni oğlum gözəl əhval-ruhiyyə ilə qarşılayacaq. Günahlarımızın bağışlanmasına vasilə olacaq...

 

Axırıncı dəfə evlə nə vaxt əlaqə saxlayıb?

 

- Fevral ayının 24-də. Şəhid olduğu gün. Günorta təxminən saat 1-də. Həmişə Şahlar zəng edəndə birinci anasına zəng edib, hal-əhval tutar, sonra mənimlə danışardı. Yenə həmin gün zəng edib anasına. Hal-əhval tutandan sonra "evdə kim var?"- deyə soruşub. Anası "heç kim yoxdur. Atan, Könülün (Şahların həyat yoldaşı) dişi ağrıyırdı, onu həkimə aparıb" -deyib.

...Evə qayıdanda anası dedi ki ; - Şahlar zəng etmişdi, səni soruşurdu.  Dedim ; - axı onunla, elə dünən axşam zəng edib danışdım. Hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı bildirmişdi. Bəs sənə nə dedi, səndən nə soruşdu? Dedi ; - heç, hal-əhvalı xəbər aldıqdan sonra evdə niyə təksən?! soruşdu. Mən də həkimə getdiyinizi ona dedim. Sonra qayıtdım ki; - bəs nə əcəb,  mənə zəng eləməyib, maraqlanmayıb?! Nə isə qəlbimdə şübhə doğdu...

Axşamçağı saat təxminən 6-7 olardı. Şahlara zəng etdim. Gördüm zəng çatmır...

Yatmışdım.  Gecənin bir aləmi yuxudan oyandım. İşığı yandırdım. Saat hardasa 03:20 olardı... Yuxuma gəlmişdi oğlum.  Gördüm mənimlə gəlib görüşür. Məni elə bir yerdə əyləşdirib deyir ki - sənin ayaqların ağrıyır. Burda əyləş, müalicə al. İki gündən sonra, mən səni götürüb gedəcəm. Gəl görüşək.

Gülə-gülə mənimlə vidalaşıb getdi...

Durub yuxumu evdəkilərə danışdım. Qaynanam da bizdə idi...

O yuxu hələ də gözümün önündən getmir...Elə bilirəm həqiqətən o mənimlə görüşüb, halallaşıb, sonra gedib şəhid oldu...

Yəqin mənim əzab çəkdiyimi duyub oğlum. Ona görə keçən cümə axşamı da yuxuma gəlmişdi. Mənə deyir ki, "üzmə özünü. Dur ayağa, qonaqları qarşıla..."

 

...Sonra Yaşar dayıdan şəhidimizin fəxri fərmanlarını bizə göstərməyini xahiş edirəm. O heç kimi Şahların otağına buraxmadığını , amma bizim üçün o qapını açacağını bildirir. Hələ də toyundan nişanə olan qapısının cəftəsinə qırmızı lent bağlanmış otağın qapısını bizim üçün açır. Yaşar dayı düz yeddi ay bundan önca, 2016-cı il avqust ayında bu otağa Şahlar üçün gəlin gətirmişdi...

Otağa daxil oluram. Şəhidimizin fəxri fərmanlarını, diplomlarını, medalını, digər hədiyyələrini fotoaparatla çəkib, oranı tərk edirəm.

 

... Şəhid ailəsini danışdırmaq çox çətindir. Onlar cümlələrdəki bütün durğu işarələrini göz yaşları ilə qoyarlar. Şəhid övladlarından xatirə qalan əsgər paltarları ilə qurdarlar göz yaşlarını. Çox zaman danışmazlar, onlar. Susqunluqları adamın qulağını batırar. Baxışları anladar, dərdlərini, nələr çəkdiklərini... Övlad acısı qamətlərini büksədə, saçlarına vaxtsız dən, sifətlərinə vaxtsız qırışlar salsa da, əyilməzlər, sınmazlar. Başlarını dik tutmağa çalışarlar... Onlar torpaq qoxuyarlar, torpaqlaşan şəhidlərimiz kimi...

 

...Artıq yavaş- yavaş axşam düşməyə başlayır. Şəhid ailəsinə Allahda səbr diləyib, üz tuturam, şəhidimizin məzarı üstə... Qəbirstanlıq məktəbin aşağısında yerləşir. Məktəbin yanından keçərkən, düşünürəm, gələcəkdə bu məktəbin şagirdləri dəfətlərinin üstündə bəlkə belə yazacaqlar:

"Şahlar Yaşar oğlu Nəzərov adına Peştəsər kənd orta məktəbin N sinif şagirdi Flankəsov Flankəsin ana dili dəftəri".

 

....Şahların məzarından ailəsinin yaşadığı ev də görsənir. Bu yaxınlarda doğulacaq körpəsinin xəbərini indi o burdan alacaq...

                                                       

Söhbətləşdi:

Sərvər Kamranlı

Reaksiya.az

Şərhlər