TANAP Azərbaycana nə verəcək və bu, kimə sərf etmir?

11.06.2018 12:25     Müsahibə     1533

Trans-Anadolu qaz kəmərinin (TANAP) açılışı möhtəşəm iqtisadi hadisədir. 

Bu mühüm hadisə ərəfəsində Oxu.Az bununla bağlı bəzi maraqlı suallara cavab tapmaq üçün iqtisadi şərhçi Fuad Əlizadəyə müraciət edib:

- İyunun 12-də açılışı gözlənilən TANAP son illər mütəmadi olaraq müxtəlif ekspertlərin və jurnalistlərin müzakirə mövzusu olub. Nə baş verir? 

- Həqiqətən, bəzi ekspertlər öz iftiralarında o qədər uzağa gediblər ki, Azərbaycan və Türkiyənin birgə layihəsi olan TANAP-ı Rusiya maraqlarına təhlükə kimi təqdim edirlər. Ancaq onlar Azərbaycanın strateji tərəfdaşı olan Rusiyanın maraqlarına hansı təhlükələr törətdiyini açıqlaya bilmirlər. 

Bununla əlaqədar, elə təəssürat yaranır ki, yalançı mütəxəssislərdən ibarət bəzi qüvvələr Azərbaycan və Rusiya arasındakı dostluğa xələl gətirməyə çalışırlar. 

Bundan başqa, “Azərbaycan TANAP vasitəsilə Rusiyaya zərər verir” uydurmaları ilə onlar erməni maraqlarını dəstəkləyir. Məhz Yerevan aqressiv münasibətləri səbəbindən regiondakı layihələrdən kənarda qalıb və buna görə erməni ekspertlər bu tip layihələrə çəpəki yanaşır. 

TANAP Rusiyanın cənub istiqamətindəki qaz layihəsinə ciddi rəqib hesab edilmir. 

- TANAP nədir?

- TANAP Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsidir və Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutub. Layihə dörd mərhələdən ibarətdir – “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi, Cənubi Qazqaz boru kəmərinin genişləndirilməsi, TANAP-ın və TAP-ın tikintisi. 

İlk mərhələdə “Şahdəniz”dən bu boru kəməri vasitəsilə altı milyard kub metr qaz Türkiyəyə, 10 milyard kub metr Avropa ölkələrinə göndəriləcək. 

Bundan başqa, qeyd etmək istərdim ki, Rusiyanın “LUKOIL” şirkəti bu layihənin 10 faizinin sahibidir. 

Bütün bunları nəzərə alaraq, Rusiya “maraqlarını” müdafiə edən həmin ekspertlərə xatırlatmaq istərdim ki, hətta Rusiya prezidenti Vladimir Putin öz açıqlamalarında heç vaxt Cənubi Qafqaz Dəhlizi layihəsinə qarşı əks fikir səsləndirməyib. 

O, başqa məsələdən danışır. Bununla yanaşı, Almaniya kansleri Angela Merkellə Soçidə keçirdiyi görüş zamanı rus lider bildirib ki, Avropa Birliyi ölkələrində hasilatın düşməsi və AB ölkələrində tələbatın artması ilə əlaqədar rus qazına tələbat artır. 

- Daha dəqiq desək, kimlər bu layihəyə qarşıdır?

- Bu, Ermənistan üçün sərfəlidir. Moskva və Bakının yaxşı münasibətləri, eləcə də, Moskva və Ankara arasındakı əlaqələr məhz onu razı salmır. 

Ermənistanda yaxşı başa düşürlər ki, “Akkuyu” AES-in tikintisi artıq başlayıb, Türkiyə Rusiyadan S-400 zenit-raket sistemləri alıb, milyonlarla rus turist istirahət üçün Türkiyə kurortlarını seçib, Ankara və Moskvanın yaxınlaşması üçün çoxlu addımlar atılıb. 

Ancaq bəzən ermənilər Rusiyanın regiondakı maraqlarını qurban verməklə də olsa, öz əməllərindən çəkinmirlər.  

Reaksiya.az

Şərhlər