Eldar Namazov: “Azərbaycanın daxilində qarşıdurma yaransa...”

12.06.2020 12:18     Müsahibə

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktorundan təhlükələr barədə ilginc açıqlamalar

Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov “Yeni Müsavat”a ilginc məqamlarla dolu geniş müsahibə verib. Siyasi təhlilçi pandemiya dövründə baş verənlərin fonunda dünyanın bir hissəsi olan Azərbaycanla bağlı gözləntilərini, təhlükələr, risklərlə bağlı müşahidələrini bölüşüb, xəbərdarlıqlar edib və risklərdən sığortalanmaq istiqamətində təkliflərini səsləndirib.  

- Eldar bəy, koronavirus pandemiyası bəşəriyyəti çətin sınaqlarla üz-üzə qoyub. Dünyanın bir hissəsi olan ölkəmizdəki durumu necə dəyərləndirirsiniz və situasiyaya baxışınız necədir?

- Bir qədim rəvayət var, müxtəlif müqəddəs kitablarda öz əksini tapıb. “Axirət gününün dörd atlısı” deyirlər buna. Qədim rəvayətə görə, axirət günü dörd atlı gələcək. Birinci atlı epidemiyalar, xəstəliklərlə bağlıdır. İkinci atlı aclıqla, müasir dillə desək, iqtisadi böhranla bağlıdır. Üçüncü atlı münaqişələr, konfliktlər, müharibələr deməkdir. Dördüncü atlı da artıq ölümün rəmzidir. Bu, axirət gününün dörd atlısı ilə bağlı hələ bir neçə min il bundan əvvəl yaranmış rəvayətdir və bunun ətrafında da çoxlu sayda bədii əsərlər yazılıb, rəsmlər çəkilib, həmçinin bunlar müqəddəs kitablarda öz əksini tapıb. İndi Azərbaycanın düşdüyü durumu və ölkəmizi gözləyən müəyyən riskləri araşdıranda həmin “Axirət gününün dörd atlısı” rəvayəti adamın gözünün qabağına gəlir.

- Yəni? Bəlkə fikirlərinizi bir az açıqlayasınız...

- Mənim gəldiyim qənaət ondan ibarətdir ki, Azərbaycanı təqribən yaxın bir ilin ərzində dörd çox ciddi, dövlətçilik üçün böyük təhlükə yarada biləcək risklər gözləyir. Artıq onlardan birincisini biz hiss edirik. Bu da epidemiya, xəstəliklərlə bağlı olan risklərdir. Pandemiya artıq bütün dünyada tüğyan edir, o cümlədən Azərbaycanda. İkinci risk - iqtisadi böhran həm də pandemiya ilə bağlıdır. Pandemiya nəticəsində həm dünyanın iqtisadi inkişafı dayanıb, böhranlar başlayıb, zavod-fabriklər uzun müddətdir işləmir, iqtisadi-ticari əlaqələr kəsilib, sərhədlər bağlanıb. Bununla yanaşı, ayrıca bir amil kimi də neftin qiymətinin kəskin aşağı düşməsi səbəbindən neft hasilatından asılı olan ölkələrin vəziyyəti daha ağırdır, o cümlədən də Azərbaycanın. Üçüncü, bizim üçün çox böyük təhlükələr vəd edən məsələ İran ətrafındakı proseslərdir. Çünki İranın nüvə proqramının qarşısını almağı özünə taleyüklü bir vəzifə sayan, “olum, ya ölüm” məsələsi kimi baxan İsrail və ABŞ hələ bu ilin əvvəllərində bəyan etmişdilər ki, bir il ərzində İran nüvə silahını yarada bilər, ona görə də bunun qarşısı təcili alınmalıdır. Bir neçə gün bundan əvvəl İsrail dünya ölkələrinə müraciət etdi ki, İrana qarşı yeni sərt sanksiyalar qəbul olunmalıdır, bu sanksiyalar İran dövlətini iflic vəziyyətinə salmalıdır. Əslinə qalsa, bu, müəyyən bir şantaj idi. O mənada ki, dünya ölkələri bunu etməsə, İsrail özü artıq addımlar atacaq. Bu addımların nədən ibarət olacağı haqda da artıq təsəvvür var. Ona görə ki, İranın bütün hərbi-sənaye obyektlərinə qarşı çox ciddi zərbələr endirə bilər. Təbii ki, ABŞ da bundan kənarda qalmayacaq. Xüsusən də nəzərə almalıyıq ki, pandemiyaya görə ABŞ prezidentinin reytinqi kifayət qədər aşağı düşüb, qarşıdan isə prezident seçkiləri gəlir. İtirilmiş nüfuzu bərpa etmək üçün xaricdə hərbi əməliyyatların keçirilməsi dünya siyasətində mümkün və məqbul bir variant sayılır.

- Deməli, Azərbaycan üçün növbəti risklər yaranır...

- Belə olan halda Azərbaycana bir neçə təhlükə yarana bilər. İranda böhran yaransa, insanların həyatına təhlükə yaransa, bu ölkədə yaşayan yüz minlərlə soydaşımız ilk növbədə Azərbaycana, öz soydaşlarının yanına üz tutacaqlar və heç kim də onların qarşısını zorla ala bilməz. Belə olan halda ölkəmizə yüz minlərlə, bəlkə də milyonlarla qaçqın ordusu gələ bilər.

Eldar Namazov: “Bunların qarşısını almaq üçün çox ciddi tədbirlər görməliyik”

Dördüncü təhlükə isə Qarabağ ətrafında gedən proseslərlə bağlıdır. Artıq rəsmi danışıqlar dayandırılıb, erməni tərəfin ardıcıl olaraq atdığı təxribatçı addımlarla Minsk Qrupu çərçivəsində aparılan danışıqlara demək olar ki, son qoyulub. Bunu Ermənistan rəhbərliyi bilərəkdən edirdi. Onların bütün son dövrlərdə atdığı addımlar, verdiyi qərarlar ona yönəlmişdi ki, bu danışıqları pozsunlar. Təbii ki, danışıqlar pozulanda Azərbaycanın da öz torpaqlarını qaytarmaq üçün hərbi əməliyyatlar keçirməkdən başqa yolu qalmır. Ancaq burada çox vacib məqam var, ölkə mətbuatında bu haqda heç nə deyilmir. Söhbət ondan gedir ki, əslinə qalsa, Qarabağla bağlı yaranmış vəziyyətdə hərb yolu təkcə Azərbaycan üçün yox, eyni zamanda torpaqlarımızı işğal edən ölkə üçün də bəzi məqamlarda məqbul bir variant kimi sayıla bilər. Onun arxasında duran Rusiya üçün də.

- Söhbət nədən gedir?

- Adətən bizim bütün təbliğatımız ona yönəlib ki, biz torpaqlarımızı itirmişik, ərazilərimiz işğal altındadır və əraziləri azad etmək hüququmuz var. Ancaq gəlin 90-cı illərin əvvəllərinə qayıdaq. O müharibədə üç tərəf iştirak edirdi: Azərbaycan, Ermənistan, Rusiya. Tərəflərin qarşısına qoyduğu məqsədlər nə idi? Azərbaycan bir tərəfdən öz torpaqlarını qorumaq istəyirdi, digər tərəfdənsə öz müstəqilliyini. Biz bu vəzifələrin birini yerinə yetirə bilmədik, torpaqlarımız işğal olundu. Ancaq ikinci vəzifəni yerinə yetirdik, müstəqilliyimizi qoruduq. Rusiyanın konkret məqsədləri var idi. Azərbaycanda öz hərbi bazalarını yerləşdirmək, Azərbaycan-İran sərhədinə öz qüvvələrini yeritmək, Azərbaycanın neft müqavilələrinin ancaq rus şirkətləri ilə imzalanmasına nail olmaq və Azərbaycan neftini nəzarətə götürmək. Ermənistana verilən bütün dəstəyin arxasında Rusiyanın bax, bu maraqları dayanırdı. 90-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan müharibəsindən Rusiyanın arzu-istəyi bundan ibarət idi ki, Ermənistandakı modeli Azərbaycanda da tətbiq etsin. Ruslar buna nail ola bilmədi. Onların planları tam həyata keçmədi, Azərbaycan atəşkəsə imza atanda nə Rusiyanın hərbi bazaları ilə bağlı təklifinə, nə rus sərhədçilərinin burada yerləşdirilməsinə, nə də Azərbaycan neftinin rus şirkətləri ilə birgə işlənməsinə razılıq verdi. Deməli, Rusiya da öz işini yarımçıq sayır, öz istəyinə tam nail ola bilməyib. Ermənistan torpaqlarımızı işğal etməyi qarşısına məqsəd qoymuşdu. Ancaq onun ikinci məqsədi də var idi ki, Azərbaycan bu işğalla barışmalıdır, kapitulyasiya olunmalıdır, sənədlərə imza atmalıdır, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi rəsmiləşdirilməlidir, həm Azərbaycan, həm də dünya ölkələri tərəfindən. Qarabağ müharibəsinin son aylarında ruslarla ermənilərin həyata keçirməyə cəhd etdikləri Tərtər, Bərdə istiqamətində hücumlar iki ay davam etdi. 5-6 böyük hərbi əməliyyat keçirdilər, Tərtər-Bərdə istiqamətində cəbhəni yarıb Yevlağa çıxmaq, gələcək neft magistralını-Bakı-Tiflis magistralını kəsmək, bununla da Azərbaycanı diz üstə qoymaq üçün. Onda həm erməni, həm Rusiya tərəf tam istədiklərinə nail ola bilərdilər. Ancaq Tərtər döyüşlərində Azərbaycan Ordusu aramsız hücumların qarşısını aldı. Rus-erməni birgə planlarına elə güclü müqavimət göstərdi, Ermənistan da o dövrdə elə itkilər verdi ki, heç bir şərtsiz atəşkəsə imza atmağa məcbur oldular. Deməli, Ermənistan da, Rusiya da hesab edir ki, hələ nəzərdə tutduqları planları tam həyata keçirə bilməyiblər. 90-cı illərin əvvəllərində də onlar özləri üçün Yevlax yoluna çıxıb, Bakı-Tiflis magistralını kəsməyi əsas strateji hədəf qoymuşdular. Mən əminəm ki, onlar üçün imkan yaransa, bunun üçün münbit şərait görsələr, o zaman da yenidən belə bir hərbi planları həyata keçirməyə cəhd edə bilərlər.

- Eldar bəy, kifayət qədər ciddi məsələlərə toxunursunuz. Bu, hansı hallarda baş verə bilər? Münbit şərait deyərkən nəyi nəzərdə tutursunuz?

- Azərbaycanın daxilində qarşıdurma, böhran yaransa... Ya daxili çəkişmələrin nəticəsində, ya İran ətrafında gedən proseslər inkişaf etməyə başlasa, Azərbaycana yüz minlərlə, milyonlarla   qaçqınlar gəlsə, təbii ki, bu, Azərbaycanın həm resurslarını, həm inzibati gücünü, həm də hüquq-mühafizə orqanlarının işini çox çətin duruma sala bilər. Belə bir əlverişli məqamlar olanda adətən ermənilər hücuma keçirdilər, torpaqlarımızı işğal etməyə çalışırdılar. Biz buna şərait yaratsaq, ölkə daxilində sabitliyi pozsaq, qarşıdurmalara rəvac versək, İran ətrafında gedən bu proseslərlə bağlı cənub bölgəsində bizim üçün çox böyük risklər yaransa, dövlətin resurslarının, imkanlarının böyük bir hissəsi buraya yönəlsə, onda ermənilər fürsətdən istifadə etməyə çalışacaq. Burada vacib bir məqam ondan ibarətdir ki, əgər 90-cı illərin əvvəllərində hədəf Tərtər, Bərdə istiqamətində cəbhəni yarıb Yevlax yoluna çıxmaq idisə, son dövrlərdə biz atəşkəsin pozulmasını Qazax-Ağstafa istiqamətində görürük. Bu da təsadüfi deyil. Ona görə ki, 90-cı illərin əvvəllərində Tərtər-Bərdə istiqamətində cəbhəni yarıb, Yevlax istiqamətindən magistrala çıxmaq üçün ermənilərə təqribən 60-70 km-lik məsafə qət etmək lazım idisə, Qazax istiqamətindən Bakı-Tiflis-Ceyhan magistralını kəsmək üçün 20-25 km-lik məsafə dəf etmək lazımdır. Fikir verirsinizsə, son dövrlərdə atəşkəsin pozulması, ermənilərin yeni hərbi postların tikməsi və sair hamısı Qazax istiqamətində baş verir. Mən bunu təsadüfi saymıram. Xüsusən də nəzərə alsaq ki, Xəzər dənizi ilə bağlı konvensiya imzalanandan sonra Türkmənistan qazının da Avropa bazarına çıxması layihəsi artıq indi ciddi müzakirə predmetidir. Türkmənistanın qaz ehtiyatları da dünyada ilk beşliyə daxil olan ehtiyatlardır. Türkmən qazının da Azərbaycan və Gürcüstan ərazisindən Avropaya çıxması Rusiyanın Avropada enerji strategiyasını iflic vəziyyətinə sala bilər. Ona görə də 90-cı illərin əvvəllərində bu yolu kəsmək yalnız Azərbaycan nefti ilə bağlı bir strategiya idisə, indi Türkmənistan qazının da Avropa bazarına çıxması Rusiyanın bütün enerji strategiyasına ölümcül zərbə vura bilər. Ona görə də Rusiyada bu məsələ ilə bağlı maraq və siyasi motivasiya yaranır.

- Belə olan halda çıxış yolu nədir?

- Biz bu məsələlərə ciddi yanaşmalıyıq. Xüsusən də nəzərə alsaq ki, bilmirəm hansı səbəbdən Qazax istiqamətində Ermənistan sərhədlərindən Azərbaycanın ordu hissələri çəkilib və  sərhədin həmin hissəsi Sərhəd Qoşunlarının öhdəsinə verilib. Nəzərə almaq lazımdır ki, bu, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən və hərbi risklər baxımından çox əhəmiyyətli bir yerdir. Azərbaycan-Gürcüstan-Türkiyə enerji magistrallarını kəsmək baxımından ermənilər üçün ən qısa yol məhz Qazax istiqamətindədir. Ona görə də bu istiqamətə çox ciddi diqqət yetirilməlidir. Yuxarıda sadaladığım 4 amil qarşıdakı zamanlarda bizim milli təhlükəsizliyimiz üçün çox riskli təhlükələrdir. Mən qarşıdakı dövrü kritik bir dövr kimi qiymətləndirirəm. Hesab edirəm ki, bu amillər üst-üstə düşsə, eyni vaxtda baş versə, bir tərəfdən pandemiya, bir tərəfdən iqtisadi problemlər, digər tərəfdən İrandan qaçqın axını, üstəlik də ermənilərin və rusların birgə hərbi avantüraları Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükə yarada bilər. Ona görə də biz bu məsələləri atdığımız addımlarda, qurduğumuz planlarda nəzərə almalıyıq. Bunların qarşısını almaq üçün çox ciddi tədbirlər görməliyik.      

Reaksiya.az

Advertisement Banner

Şərhlər