Eldost Bayram : "Təsadüfi adamları televiziyaya cəlb etmək olmaz"

06.06.2015 16:10     Müsahibə     2288

Müsahibimiz uzun illər Azərbaycan radiosunda çalışan peşəkar diktor, Azərbaycan Respublikasının əməkdar aristi Eldost Bayramdır.

 

-Eldost bəy, televizyaya və radioya gələn gənclərin səviyyəsi sizi qane edirmi?

-Çox ziddiyyətli məqamdır. Məni əsas maraqlandıran Azərbaycan dilinə olan münasibətdir. Təəssüf ki, bu gün televizyalarda və radiolarda pəltəklər də var,  qeyri-etik danışanlar da var, amma buna rəğmən, səsi gözəl olub Azərbaycan dilini təbliğ edənlər də var.

-Bəs televiziya aparıcılarının heç bir məktəb görmədən dərhal aparıcılıq etməsinə münasibətiniz necədir?

-Təəssüf ki, başqa çarə yoxdur. Bu məktəb indi yalnız AZTV və Azərbaycan radiosunda qalıb.

-Eldost bəy, başda siz olmaqla peşəkar diktorlar bəs niyə pedoqoji fəaliyyətlə məşğul olmur?

-Bu sualı mən yox bu işlə məşğul olan şəxslər və qurumlar cavablandırmalıdır. Mənə bu barədə heç bir təklif olmayıb. Təklif olsa etiraz etmərəm. Mən bu cəhətdən özümü şanslı sayıram ki, tarix fakultəsini bitirəndə Ədil İskəndərovun kinorejissorluq kursunda təhsil almışam və bu dövrdə mənimlə eyni vaxtda rəhmətlik Telman Adıgözəlov Ömür Nağıyev təhsil almışdı. Bu günsə hər hansı bir gəncin efirdə qüsurlu danışığı bir professonal ömrünün 43 ilini bu sahəyə ayıran birisi kimi mənə təsir edir.

-Sizcə televizya sahəsində senzura olmalıdır, yoxsa yox?! Bu barədə mövqeyinizi öyrənmək istərdim.

-Bəli, mənim fikrimcə, 100% senzura olmalıdır. Çünki, bəzi radiolarda bu problemdir. Adını bilmədiyim bir aparıcı sanki efir aparmır, dinləyici ilə söhbət edir. Gülə - gülə, hırıldaya- hırıldaya tamaşaçıya və radioya aidiyyatı olmayan söhbətlər edir.  Tinlərdə aparılan danışıqlar artıq televizyaya, radioya çıxır. Mən yalnız bunun əleyhinəyəm, küçə söhbətlərin televizyaya və radioya çıxması təbii ki, mənfi haldır. Buna görə də mütləq şəkildə senzura lazımdır.

-Xəbər aparıcılarının xəbərləri ləhcə ilə aparması və reaksiyalarını qışqıra - qışqıra çatdırmasında sizcə günahkar kimdir? Aparıcı, yoxsa kanal rəhbərliyi?

-Bu sahədə fikrimcə ciddi nəzarət olmalıdır. O şertlərki kanalın xəbər aparıcıları  onlara nəzarət edən şəxslərin peşəkarlığna güvənməli onların dediklərini nəzərə almalıdırlar.  Fikrimcə bu sahədədə aparıcılara nəzarət mütləqdir .

-Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtetində tələbələrə səhnə danışığı tədris edilir. Lakin tələbələr radioda, televiziyalarda, teatrlarda çalışanda həmin dil qüsurları təkrar olunur. Sizcə bu tədrisin niyə effekti olmur?

-Bunun əsas səbəbi seçimin düzgün olmamasıdır. Seçim düzgün aparılarsa, istedadlı gənclər çoxdur. Bu cəhətdən kanallar da maraqlı olmalıdır, baxımlı və reytinqli kanalın danışığında problem olan birini kanala gətirməyi də zənnimcə doğru deyil.  Belə hallar kanalı da gözdən salır.

-Müğənnilərin aparıcılıq etməsinə münasibətiniz necədir?

-Çox pis. Müğənni müğənniliyini etməlidir. Aparıcılıq tamam başqa sahədir. Müğənni hələ mahnısını düzgün oxusun, sonra aparıcılıqla maraqlansın. Azərbaycan dilini səlis, gözəl bilənlər qıraqda qalıb, amma müğənnilər aparıcılıq edir. Diktorluq sənətinə qaldıqdaysa, artıq bu sənət təəssüf ki, bəzi hallarda qeyri-peşəkarların əlində qalır. Təsadüfi adamları televizya və radiolara cəlb etmək olmaz.

-Bu sahəyə yeni gələn gənclərə nəməsləhət görərdiniz?

-Bu sahəyə çox məsuliyyətlə yanaşmaq lazımdır. Azərbaycan dilini teleradio sahəsində çalışanlar mükəmməl səviyyədə bilməlidir. Dilimizi gözəl bilib onu təbliğ etmək bilavasitə bu sahəyə yeni gələn gənclərin üzərinə düşür.

 

Söhbətləşdi: Əşrəf

Advertisement Banner

Şərhlər