"Atam mənə adam olmağı öyrədib" - Səlim Babullaoğlu

20.08.2015 18:47     Müsahibə     4750

“ONLAYN YAZAR” rubrikasının bugünkü qonağı

“ONLAYN YAZAR” rubrikasının bugünkü qonağı şair Səlim Babullaoğlunu ədəbiyyatsevərlər yaxşı tanıyır.

Tanımayanlar isə sadəcə VİKİPEDİYA səhifəsinə daxil olub onun haqda arayış formasında nəsə oxuya bilər:

"Səlim Babullaoğlu 1972-ci il dekabrın 10-da Əlibayramlı (indiki Şirvan) şəhərində anadan olub. Şair, esseist və tərcüməçidir, yazıları bir çox dünya dillərinə çevrilib".

 

-Səlim bəy, siz peşənizi seçmisiniz, yoxsa peşəniz sizi? Şairlik çox da asan peşə deyil axı.

-Yaxşı ki, ikinci cümləni yazdınız, yoxsa soruşacaqdım ki, peşə deyəndə nəyi nəzərdə tutursunuz. Şairlik ümumiyyətlə peşə deyil...

-Düzəliş edim o zaman, şairlikmi sizi seçdi, yoxsa sizmi şairliyi?

-Hər şey necə olmalıydısa elə də oldu

-Hazırda qələbə hansınızdadır?

-Qələbə?! Qələbə qəlb qoyulmayan işlərdə olur adətən. Məsələn, idmanda. Şairlik də idman deyil.

-Yaxşı şair ola bilmək qələbə deyilmi sizcə?

-Bu mübahisəli məsələdir, şairə görə, ruhi məqama görə, şairliyə və şairlərə, o cümlədən siz dediyiniz o qələbə məsələsinə də münasibət fərqli ola bilər. Quranda "Şairlər" surəsində bu haqda yaxşı bilgi və bu suala mükəmməl cavab var.

- Atanız çox maraqlı və dəyərli insanlardandır. Allah can sağlığı versin. Şair olmağınızda onun hansısa təsiri olubmu?

-Bəli, atam şeir yazıb, olduqca istedadlı şeirlər yazıb, ədəbiyyat sevgisi böyük olub. Doğru deyirsiniz, mənə şeirə sevgini və həvəsi aşılayan əsas adam atam olub. 

-Atanızdan sonra şeir yazmaq çox çətin olmadı ki?

-Əgər biz şairlər Nizamidən sonra yazmaq kimi cəsarəti özümüzdə tapırıqsa, görünür ata məsələsi bu halda o qədər də önəmli deyil. Bir şeyi deyim, atam mənə şeirdən daha vacib bir şeyi öyrədib: adam olmağı, gərəkli adam olmağı.

-Evinizdə oğul böyüyür. O şair olsa, necə qarşılayarsınız?

-Əgər o, belə seçim edərsə, mən normal qarşılayardım.

-Marağı varmı şeirə?

-Var, bir neçə maraqlı şeir də yazıb. Hərçənd ki, bayaq adını çəkdiyim Şeyx Nizaminin oğluna nəsihətini ona xatırladardım: “Şeirlə ucalıq umma dünyada,  çünki Nizamiylə qurtardı o da”. Rəssamlıq istedadı daha qabarıqdır.

-Etiraf edək ki, şairliyinizi sanki ikinci planda saxlamısınız. Sizi daha çox tərcüməçi, naşir kimi tanıyırlar. Ümumiyyətlə, bu, nə ilə əlaqədərdır?  Şeirdə uğur qazana bilmədiniz, yoxsa şeir hobbiyə çevrildi artıq?

-Mən heç nəyi heç harda saxlamamışam. Kimsə bunu belə görmək, belə fikirləşmək istəyirsə, qoy elə də olsun. Mən də onların belə xoşbəxtliyinə mane ola bilmərəm. Adi bir məqam. Sizin ilk sualınız şairliklə bağlı idi və mənə də şair kimi müraciət eləmisiniz. Halbuki, tərcümə ilə bağlı sualdan da başlaya bilərdiniz. Deməli elə deyil.

-İndi də tərcümədən danışaq bir az.

-Azərbaycanda ümümən tərcümə sahəsində canlanma müşahidə olunur.

-Sizin də qərb ədəbiyyatından yetərincə tərcümələriniz var. Ancaq nədənsə müasir dünya ədəbiyyatı baxımından kasadlıq hiss olunur.

-Ola bilsin. Dünyada o qədər dil, o qədər maraqlı ədəbiyyatlar var ki, nə qədər tərcümə eləsən, yenə azdır.

-Oxucular hazırda tərcümələrin bolluğuna sevinsələr də keyfiyyətindən çox narazıdırlar. Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi rəhbəri kimi bununla bağlı nə deyə bilərsiniz?

-Zəif tərcümələr də var, yaxşıları da var. Bilirsiniz,  burada birmənalı söz demək olmaz. Birmənalı şəkildə yalnız onu demək olar ki, prosesin getməsi belə yaxşı haldır.

-Ümumiyyətlə, tərcümə işlərini tənzimləyən bir mexanizm yaradıla bilərmi? Bəlkə təcrübəli tərcüməçiləri bir yerə toplayıb ictimai şura yaratmaq lazımdır?

-Bilirsiniz ki, Nazirlər Kabineti yaninda mərkəz var, həmçinin, bizim mərkəz var. Lap elə sabah bir şura da yaratmaq olar. Əgər bu strukturlar nəzarətə göturmək və tənzimləmək funksiyalarını yerinə yetirməyəcəklərsə, bu, fiasko olacaq. Bizdə təhsil müəssisələri var, tərcüməçilər yetişdirilir. Bu istiqamətdə təhsili gücləndirmək lazımdır. Tərcüməçilər xarici ölkələrdə ixtisaslarını artırmalıdırlar. Bədii tərcümə yaradıcı sahədir, burada inzibati amirlik ola bilməz. Amma əlbəttə ki, hansısa ümumi qaydalar olmalıdır.

-Və son sual: "Kitabçı"nın işləri necədir? Növbəti nömrələrdə nələri gözləyək? Ümumiyyətlə, yeni nəşrlərlə bağlı nə kimi planlarınız var?

-Akutaqavadan soruşurlar ki, sizin planlarınız var? Deyir yox, mənim əsəblərim var....

-Burada əsəbiləşdirən tərəf mən oldummu?

-Yox, bu fikir ona görə deyilmir ki, mən hazırda əsəbiyəm. Bu ona görə deyilir ki, adam plan qura bilər, amma o plan alınmaya da bilər. Həm də insan hissiyyatla hiss edən, həmçinin, əsəbiləşən varlıqdır.

Şərhlər