Yaxın zamanlarda böyük ticarət mərkəzlərinə ehtiyac qalmayacaq - İKT üzrə mütəxəssis

25.08.2015 16:08     Müsahibə     3368

İnformasiya Kommunikasiya Texnologiyalarının inkişafı həyatımızın hər sahəsində qarşımıza çıxır. Insanların əksəriyyəti bu və ya digər şəkildə İKT məhsullarından istifadə edir. Hətta, bu yazını oxuyursunuzsa, deməli siz də texnologiyanın imkanlarının genişliyindən yararlananlardan birisiniz.

Bu sürətli inkişaf ticarət sektorundan da yan keçməyib. Son illərdə elektron ticarət anlayışı meydana çıxıb. Evdən çıxmayaraq bəyəndiyin məhsulu evinə qədər gətirmək bir telefon və ya kompüter qədər yaxındır bizə. Xərclərin elektron qaydada ödənilməsi, online alış-veriş də bu sıraya aiddir.

Sosial şəbəkələrdən də bu məqsədlə çox geniş şəkildə istifadə edilir. Müxtəlif insanlar öz əl əməklərini, yaxud  xaricdən gətirdikləri məhsulları facebook və instagram hesablarında satışa çıxarırlar.

E-ticarət ölkəmizdəki vəziyyəti haqqında İKT üzrə mütəxəssis Azər Həsrət Reaksiya.az-a müsahibə verib. 

 

- Azərbaycanda e-ticarətin hazırki vəziyyəti necədir?

- Azərbaycan yeni texnologiyaların tətbiqində dünyadan geri qalmamağa çalışır. Elektron ticarət sahəsinə də aiddir. Şəxsən mən elektron ticarətin imkanlarından istifadə edirəm, müxtəlif sahələrdə ödənişlərimi edirəm. Düzdür, bəzən ödəmələri yerində gedib etməli oluruq, amma ümumilikdə düşünürəm ki, e-ticarət bizim hər birimizin həyatına daxil olub. Eyni zamanda xarici ölkələrdə  olan xidmət və ticarət malları haqqında müəyyən işlər görməyə də e-ticarət köməyimizə gəlir. Önümüzdəki illərdə bu sahədə e-ticarət daha geniş yayılacaq və insanlar bundan daha çox istifadə edəcək.

-E-ticarətin ölkəmizdə ən böyük çətinliyi nədir?

-E-ticarətin hazırda ən böyük çətinliyi insanların əsas psixoloji sərhədləri ilə üzləşməsidir. Bizim insanımız mühafizəkar və şübhəçidir. Malı gözü ilə görmədikcə onu almağa tərəddüd edir.Bu baxımdan onlayn satış xidmətləri həyata keçirən saytlardan ölkəmizə kütləvi satış həyata keçirilmir.  Amma zamanla bu da dəyişəcək. İnsanlar görəcək ki, internet üzərindən aldıqları məhsulların keyfiyyəti heç də real görüb aldığı məhsulların keyfiyyətindən fərqlənmir.

-Şirkətlərin insanları aldatmaq cəhdləri onları e-ticarətdən uzaqlaşdırırmı?

-Təbiidir ki, bəzən müxtəlif şirkətlər və şəxslər onlayn satış zamanı da insanları aldatmağa cəhd edir. Bir malı göstərib, başqa məhsulu  göndərirlər. Yaxud gələn malın keyfiyyəti çox zəif olur.  Bütün bunlar da qaydaların pozulması hallarıdır. Elə bir məhsul göndərən şirkətlər həmin mala görə cəriməni ödəyirlər. Xərcləri üzərinə götürərək sifariş edilmiş məhsulu yenidən göndərir. Lakin qaydaları bilmək haqqından istifadə edib-etməmək insanların öz əlindədir.

-E-ticarətin hansı cəhətləri zəif hesab edilir?

-Artıq kommunal xidmətlərdən tutmuş, internet , telefon ödənişləri və s. xidmətləri internet üzərindən həyata keçiririk. Mən heç xatırlamıram ki, sonuncu dəfə nə vaxt telefonuma kontur yükləmək üçün mağazaya getmişəm. Amma e-ticarətin bir zəif cəhəti var ki, elə şeylər var ki, onları e-ticarət ilə həyata keçirmək müəyyən qədər çətindir. Məsələn ərzaq mallarının alınması kimi. Amma iaşə məhsulları məsələsində keyfiyyət problemi olmur.  Keyfiyyətdə problem olduğu halda isə yenə deyirəm, geriyə qaytarmaq və dəyişdirmək şansı var. İstərdim ki, e-ticarətdən istifadə edərkən vətəndaşlar bu hüquqlarını unutmasınlar.

-Yaxın illərdə e-ticarətin geniş yayılması satış mağazalarına təsir edə bilərmi?

-Yeni texnologiyaların həyatımıza daha tez daxil olmağının tərəfdarıyam. Görürəm ki, bu texnologiyalar həqiqətən sürətlə həyatımıza daxil olur. Yaxın 3-5 ilə mağazalar yavaş-yavaş yerlərini əldən verməyə başlaya bilərlər. Yəni zamanla böyük bir ticarət mərkəzi açıb orda satış təşkil etməyin bir anlamı qalmayacaq. Çünki insanlar evdə oturub malı internetdən seçib evinə sifariş verə biləcəyi halda dükana gedib vaxt xərcləməyə dəyməz.  O baxımdan düşünürəm ki, supermarketlər filan öz yerlərini mal anbarlarına verəcəklər. Yaxud bütövlükdə istehlakçı şirkət özü mallarını müştərilərə tanıdaraq satış həyata keçirəcək və vasitəçilərə ehtiyac qalmayacaq. 3-5 il ərzində biz bu işlərin reallaşmağa başladığını müşahidə edəcəyik. 

Şərhlər