"Gəl Bakıya, gör neyləyəcəyəm, sənin üçün" - "ONLAYN YAZAR"

04.09.2015 13:01     Müsahibə     3871

“ONLAYN YAZAR”ın bu günkü qonağı şairə, yazar Esmira Məhiqızıdır.

- Esmira xanım, istərdim ki, ilk əvvəl Şuşalı günlərinizdən danışaq. Son gününə qədər Şuşanın yanında ola bilmədiyiniz üçün heyfslənirsizmi?

- Şuşa mənim xatirimdə ən gözəl günlərimin, qayğısızlığımın, atalı-qardaşlı ömrümün bir gözəl nağılı kimi qalıb. Bulaqların başında adımızı yazdığımız daşlar, uçduğumuz qayalar, nənələrim ağ yaylıqlarını yuyub çiçəklərin üstünə sərəndə, o çiçəklərin yaylıqlara çıxan rəngləri... Gözəlliklər o qədərdi ki, Şuşa haqqında....Bilmirəm, hansından danışım. Onları danışmaq da olmur, ancaq gözlərinlə baxırsan Şuşaya bir film kimi... Əlbəttə, Şuşasızlıq elə bir ağrıdır ki, ürək gərək tab etməyə...

- Şuşa dərdi, ata dərdi, qardaş dərdi... Demək o üzdən yazırsınız ki, bir yola düşürəm yol dərdə çəkir... Hansı daha çəkilməzdir, dözülməzdir?

- Ermənistandan soydaşlarımız qovulanda, təəccüb edirdim ki, onlar görəsən necə dözürlər vətənsizliyə. Onda ağlıma da gəlməzdi ki, bu ağrını biz də yaşıyacağıq və vətənzislik başlayanda anladım ki, dözmək çox çətindir. Şuşa mənim ata yurdumdur, mən isə Ağdamda doğulub böyümüşəm. Birdən-birə iki vətəni itirmək, Qarabağı itirmək mənim üçün gözlənilməz oldu. Əvvəl alışa bilmirdim, sonra yavaş-yavaş vətənsizliyə, doğmalarsız həyata, dərdlərə alışdım... Alışdım deyəndə ki, başqa çarə yoxdu. Yaşamalısan, gülməlisən, yeriməlisən, hava almalısan, ağlamalı və hər gün ölüb-dirilməlisən. Sonra baxdım ki, elə dərdlər var, elə ağır taleli insanlar var, elə talelər var ki... Onlara təsəlli olmalı, onlara həyat gözəldir, deyə yalanlar uydurmalısan. Əslində, həyat çox gözəldir və mən həyatı çox sevirəm. Hər nə varsa, dərd, ayrılıq, ölüm-hamısının üzünə gülmək istəyirsən.  Bunun üçün güclü olmaq gərəkir və çalışıram ki, güclü olum, sınmağı sevmirəm.

- Esmira xanım, nədənsə şairlərin çoxu riyaziyyat üzrə ali təhsil alıblar. Sizdə də tam riyaziyyat olmasa da elə ona yaxın bir peşə üzrə təhsil almışınız. Rəqəmlərlə oynamaq çətin idi deyə sözlə oynamağı seçdiniz, yoxsa ki, sizin də xəmiriniz elə sözlə yoğrulmuşdu?

- Ən sevmədiyim fənn olub riyaziyyat, amma oxumağa çalışmışam birtəhər. Sinifimizdə Nərgiz adlı bir qız varıydı, riyaziyyatı çox gözəl bilirdi. Ona sinifdə "kəllə" deyirdilər. Elə bilirdim ki, Nərgiz riyaziyyatı bilir deyə, hər şeyi bacarar. Ona qeyr-adi baxırdım, həll elədiyi məsələləri, misalları gördükcə məəttəl qalırdım ki, Nərgiz doğrudan da kəllədir. Mənsə oynamağı çox sevərdim, bütün günü ağaclarda, çöllərdə qaçmaqlardaydım. Amma çox kitab oxuyan olmuşam,ən çox da nağıllarımızı. Nərgizlə rəfiqəydim, onlara gedər, bədii kitablar götürərdim oxumağa. O da mənə qəribə baxardı ki, dərslərdən necə vaxt tapırsan, bu qədər kitabı necə oxuyursan. O da mənə qeyri-adi baxırdı. Hə, bir də nənəm deyirdi ki, adamla az söz oynat. Deyəsən, söz oynadan olmuşam. Bir də bəhanələr uydururdum axı, özümü müdafiə etməyə. Onlar dağdan deyəndə, mən Arandan deyirdim. Yəni elədiyim uşaq dəcəlliklərinin üstünü ört-basdır eləmək üçün dəridən-qabıqdan çıxırdım.

- Zamanında Məmməd Araz kimi söz allahından yüksək qiymət almışınız. Bu o zaman sizin üçün nə demək idi. Yoxsa ki, hələ sonralar dərk edəcəkdiniz o qiymətin aliliyini?

- Zamanında hər şeydən qaçırdım. Kimsə məni tərifləyəndə, ikinci dəfə məni axtarıb tapmazdı. Uğurlardan uzaq olmuşam, hər şeydən kənarda qalmağı sevərdim. Məmməd Araz bizim evdə çox sevilib. Ən çox da atam sevərdi, bütün kitablarını almışdı, şeirlərini əzbərdən oxuyardı. Və mən Məmməd Araza bir dağ, bir əlçatmaz dahi kimi baxmışam. Sonra tale elə gətirdi ki, mənim bir-iki yazımı öz jurnalında çap elədi və başqa qəzet-jurnallarda da onun tövsiyyəsi ilə yazılarım çap olundu. Bircə dəfə getdim yanına, heç nə danışa bilmədim. Ancaq əlindən öpdüm... Əlləri elə əsirdi ki... Rəfiqəm Rəsmiyyə Rzalı da mənimləydi. Elə hey ağlayırdım, sözsüz ağlayırdım. Sonra gedə bilmədim... Amma o əllər xatirimdən heç çıxmır.

- Məmməd Arazdan danışmışkən daha bir Məmmədi xatırladım. O Məmmədi ki, ona şeir də ithaf etmişiniz. Çox istərdim ki, indi də Məmməd Nazimoğludan danışasız. Özü ilə sözünü, sözü ilə özünü zirvəyə qaldırmış Məmməd Nazimoğludan...

- Məmməd Nazimoğlu bizim qəzetə gələrdi. Mən onda “Mingəçevir işıqları” qəzetində korrektor idim. Və mənim yazılarımı dəftərinə köçürərdi, hərdən də əzbər oxuyardı... Deyirdi ki, “gəl Bakıya gör neyləyəcəm sənin üçün”. Mən də Bakıya gəlirdim, amma ona gəldiyimi bildirmirdim, sonra biləndə ki, Bakıya gəlmişəm, inciyirdi. Xalasıgil Mingəçevirdə yaşıyırdı, Məmməd hər onlara gələndə, redaksiyaya gələr, bizim uşaqlarla görüşmədən getməzdi. Və mənim xətrimi çox istəyirdi. İndi oğlu Orxanla arada yazışıram, Məmməddən danışıram... Çox gözəl insan idi. Qəribə şeir deməyi var idi, heç yadımdan çıxmır. Niyə gözəl insanları belə tez itiririk, bilmirəm. Adamların yoxluqlarına inanmaq istəmirsən, adamlar var, həsrətləri ağırdır, adamlar var, istəyirsən qayıdıb gəlsin gedər-gəlməzdən, adamlar var onlarsız çox çətindir. Biz onların yoxluqlarının içində yaşıyırıq, guya yaşıyırıq da....

- Nədənsə qəm üstündə köklənir söhbətimiz...

- Bütün bunlara rəğmən, mən çox nikbin adamam və həyatı sevirəm. Həyat gözəldir.

- Esmira Məhiqızının Aşıq Pəri Məclisindən də yolu keçib. Bəlkə o yola bir nəzər yetirək.

- Ordan da qaçmışam... Aşıq Pəri qızları məni yaxşı xatırlayırlar. Vallah Hüseyn Arif özü çağırmışdı məni. Narınc Xatunu kənarlaşdırıb, məni onun yerinə aparıcı qoymuşdu. Mən də filarmoniya da bir neçə dəfə məclisi apardım, sonra gördüm ki, mənlik deyil, getmədim. Daha doğrusu, nəsə axtarırdım, sığışmırdım heç nəyə, heç yerə. Elə bil başqa nəsə var idi, ora məni çəkirdi, amma bilmirəm nə... Hələ də bilmirəm, nədir məni çəkən, nədir bu belə. Amma onu bilirəm ki, nəsə var, nəsə... Aşıq Pəri mənim həyatımın janrı deyildi. Orada qala da bilərdim, televiziyaya çıxa da bilərdim və hamı da məni tanıyardı. Amma televiziyada çıxışlar olanda bir dəfə də gəlmədim. Hüseyn Arif  redaktorumla ha danışdı, ha məni yola gətirmək istədisə, alınmadı. Bir daha Aşıq Pəriyə gəlmədim. Sonra neçə dəfə teleqramlar vurdu redaksiyaya ki, televiziyada çıxış olacaq, redaktorum da məni danladı, axırda gördü ki, getmirəm dedi ki, “bu uşaq dəlidir”.

- Sizin yazı üslubunuz da fərqlidir, daha çox sərbəst formada yazırsınız. Nəzmi nəsrləşdirirsiz sanki. Aşıqlarda da əsas heca, qafiyə önəmlidir. Bəlkə də buna görə duruş gətirə bilmədiniz orda?

- Ola bilər, sanki qəlib deyilən bir şey var. Birdən hiss edirsən ki, onun içindəsən və ürəyin sıxılır. Azadlıq, dəlilik, divanəlik istəyirsən, qəlibdən çıxıb qaçırsan... Hara gəldi qaçırsan, qaçırsan, Baxırsan ki, yenə də elə o qəlibin içindəsən. Adam çatdıyır eyyyy və bəlkə də qəlib olmayan bir yer var. Uşaqlıq. Heyiffff, nə az ömrü oldu.

- Dəlilik dediniz bir xarakteriniz ağlıma gəldi. Axı siz həm də çılğın xanımsınız. Sovet hökuməti vaxtında partiya biletini cıracaq, sovetləri tənqid edəcək, Yazıçılar İttifaqının sədrini üzünə qarşı tənqid edəcək. Bu xarakterinizin əzabını çəkmisiniz daha çox, yoxsa ki, üstünlüklərini yaşamısınız?

- Evdə bir-iki dəfə döyülmüşəm belə şeylərin üstündə. Nənəm deyirdi ki, bu qız bizi nəsillikcə Sibirə yolladacaq. Bəli, partiyaya təzə daxil olmuşdum, gördüm ki, bu partiya bizi aldadır, bu partiya üzv olmalı partiya deyil. Redaksiyada, bütün işçilərin gözü qarşısında ayağa durdum və partbiletimi cırdım. Dedim ki, “uşaqlar siz də cırın bu bileti, bu partiya bizim düşmənimizdir”. Surxay Hüseynli, Fərman Nəbiyev və bir çox iş yoldaşlarım hamısı qorxdular ki, sən neynirsən. Halbuki, biz birlikdə danışardıq bu partiyanın çürüklüyü haqqında. Onlar biletlərini cırmayanda mən sarsıldım. Həmişə elə bilmişəm ki, əməllərin də dediyin kimi olmalıdır. Sonra heç kim cırmadı biletini... Və yenə məni ora-bura çağırdılar, danladılar. İndiki kimi yadımdadır, yazıq redaktorum o vaxtlar necə qorxu keçirirdi. Axırda mənə dedi ki. “mənə deyən gərək belə dəlini niyə işə götürürsən”. Çünki Fidail Abdullayev özü çağırıb mənə iş vermişdi redaksiyada. Sonra da bəzi şeylər oldu, atam da, qardaşım da partiyanın üzvüydülər deyə, narahatlıqlar yaşadıq. Mənə dedilər ki, “günahını yumaq üçün yalvar, nəsə yaz”, atam o qədər hirsləndi ki, qardaşım da həmçinin. Amma heç nə yazmadım. Yazıq redaktorum da daha heç nə demədi. Bildi ki, heç nə yazmayacam...

- İndi nə yazırsız, nədən yazırsınız?

- Çox istədiyim bir qız var, Gilə Quliyeva, bu sualı o verəndə dedim ki, mən xatirəçiyəm. Xatirələrdən yazıram, çox gözəldilər... Yazanda öz-özümə danışıram, hərdən gülürəm. Anam deyir ki, “uşaq ağlı başındadır bunun”. Anam güldüyümü görür, mən heç kimin yanında ağlamağı sevmirəm, hətta anamın da. Anam sərbəsti sevmir, heca xoşlayır. Arada mənə deyir ki, “birdən məndən yazarsan ha, o sijilləmələrdə”. Xəbəri yoxdu ki, elə sijilləmələrin çoxu anamla bağlı xatirələrdəndi. Tuflisindən yazıram, paltar tikən maşınından yazıram, evi şirələməyindən yazıram, məni döyməyindən yazıram, özü də sərbəstdə, amma xəbəri yoxdur. Bilsə, məni öldürəcək.

- Roman da yazmısız, hekayə də, şeir də. Ruhunuz daha çox hansına köklənəndə rahat olursunuz?

- Romanı gəncliyimdə yazmışdım, Şuşa həyatından. İtdi, tapmadım, bilmirəm, necə oldu. Hekayələr də ara-sıra olur, elə onlar da xatirələrdəndi. Şeirə gəlincə, bəlkə də şeir mənim həyatımdır. Belə bir şey yazmışam, kəndimizdə bir dəli var, hirslənəndə deyir ki, “başımdan şeir töküb özümü odduyajam”. Məni uşaqlıqdan, kənddən tanıyan bir-iki dost var, deyirlər, “o hansı dəlidir heylə bizim kənddə”. Cavab verirəm ki, kim olajax, elə mən...)

- Şeir həyatınızdırsa, bəs həyatınızın şeiri hansıdır?

- Bir xışma xəyalam...

- Elə bir cümləlikdirmi? Esmira Məhiqızı bir cümləyə sığarmı ki?

- Yox, böyük şeirdi, amma utanıram deməyə. İlk sevgidəndi... Hələ o şeirə Rövşən Nicat musiqi də bəstələyib. Qəşəng musiqisi var. Bir qızın xatirə dəftərində görüb şeiri, oxuyub görüb ki, şeir musiqidir. Amma bilməyib müəllifi kimdir. 10-15 il  sonra oğlu internetdə tapıb ki, müəllif mənəm. Bir də gördüm yazdı ki, “xanım, bəs sizin şeirə musiqi bəstələmişəm”. Uşaq kimi sevindim. Mən şair adına, belə şeirə musiqi bəstələməyə, nə bilim bəzi şeylərə qəribə baxmışam. Yəni indi də mənə şair deyəndə bir az utanıram. Bundan sonra mənim başqa şeirlərimə musiqi bəstələməsələr belə, bircə o nəğmə mənim bəsimdir.

- Qəribə demişkən, şeirlərinizdə qəribə bənzətmələrə çox rast gəlmək olur. Məsələn, müharibə deyəndə donu kola ilişmiz qız canlanıb, sevinmək təzə dona bənzədilib, ümidlər durna-durna səfə düzülüb, sevgilər bənövşələnib. Bu qəribəliklər nədən qaynaqlanır? Bəlkə elə Esmira xanımın daxili dünyasındakı qəribəlikdi şeirlərinə sirayət edən?

- Bir şey də deyim, ən vacibini. Mənim düşəncəmə görə, əlinə qələm alan hər bir kəs çalışıb özünü başqa bir qələm əhlinə bənzətməməlidir. Ya yazmalıdır, ya da yazmamalıdır. Yazanda da, özü kimi, xasiyyəti ki, görünən, görünməyən tərəfini öz fantaziyası kimi, öz təxəyyülü kimi yazmalıdır. Başqa gözlə şeir yazmaq olmaz. Adam şeiri öz gözüylə yazar. Sevdiyim şairlər var, gözəl şairlərdir, çox gözəl şeirləri var. Amma heç vaxt o şairlərin heç birinə bənzəmək istəməzdim, heç vaxt istəməzdim ki, bir şeirim kiminsə bir gözəl şeirinə bənzəsin. Lap dəli-dolu olsun, sınıq-salxaq olsun, çirkin olsun, köntöy olsun, amma öz şeirim olsun... Yəni mən yazdığım yox, məni yazan şeir olsun.

- Bacarmısınızmı bunu? Şeiriniz sizi yaza bilibmi?

- Bilmirəm. Bircə şeyi bilirəm ki, mən şeirsiz yoxam. Yəni yazmağı deyirəm. Şeir yazmaq elə bir gözəllikdir ki, ifadə etmək üçün gərək şeir yazan adamın ürəyində girib oturasan, görəsən ki, ürək necə şeir deyir...

- Müsahibələrinizin birində ruhunuza yaxın olan gənc yazarların adlarını sadalamısız. Çoxusu da ateist və modernist yazarlardı. Dindar və qapalı bir xanımın şeiri soyunduran, allahı inkar edən birisiylə ruhu necə yaxın ola bilər ki?  

- Bilirsiz, bir şeylər ki, ancaq Allaha aidiyyatı var, mən nəkarəyəm ki. Bişr Hafi adında bir insan olub, günü meyxanalarda keçib, heç ayıq vaxtı olmurmuş. Amma Allah onu namaz qılan, oruc tutan, ibadət əhlindən yüksək məqamda görüb və günlərin birində Bişr Hafi içkini atıb. Allahın ən sevimli qullarından olub. İndi mən hardan bilim ki, o insanlar Allahın yanında hansı dərəcədədirlər? Nə bilmək olar, bəlkə onların da içində bir Bişr Hafi var. Ona görə də belə şeylərdə dərinə getmirəm və din haqqında mübahisələri də sevmirəm. Bir də özümü dindar hesab etmirəm, mən nə edirəm ki, guya. Allahın hamıya buyurduğunu edirəm. O kəslər ki, onu etmirlər, onu Allah bilər, mənlik deyil. Mən Allah yanında dərəcəmi bilmirəm axı, xoş o kəsin halına ki, onun Allahın dərgahında məqamı var. Bilirəm ki, mən onlardan deyiləm. Baş örtmək hələ hər şey deyil dində.

- Söhbətimizə Şuşa adıynan başlamışdıq və istərdim ki, Tanrının adı ilə də son verək. Və sonda arzulayaq ki, Tanrı bizə Şuşanı hədiyyə etsin. Və son olaraq da bilmək istərdim ki, Esmira Məhiqızı bu gün özünə nə arzulayır?

- Elə hadisələr oldu ki, özümə ölüm arzuladım, çox arzuladım. Ölüm uzaqda deyil və yaxşı arzu da deyil. Arzum odur ki, özümüzə ölüm arzulamayaq. Bir də neçə gün idi Laləylə Fuadın şəkillərinə baxırdım. Çox dəhşətlidir, belə sevəsən, ailə qurasan, sonra öləsən, yox olasan və sənin yarın da sənsiz qala. Dəhşətdir, bilmirəm nə deyim...Çox pis oldum, Fuadın ölümünə, Lalənin onsuzluğuna. Kaş əlimdən nəsə gələydi...

- Mənim üçün də çox ağır olan bir hadisəyə toxundunuz. Fuadın faciəli xəbərinin təsirindən bir müddət çıxa bilməmişdim. Halbuki, cəmi bircə dəfə görmüşdüm onu. Laləni isə heç tanımırdım belə. Ancaq əzizimin acısı kimi sarsılmışdım o xəbərdən. Fuad çox xeyirxah oğlan idi və elə bu gün sizinlə müsahib olmağıma da Fuad vəsilə oldu. Fuadla Laləyə yazdığınız şeiri gördüm facebookda. Fuad mələk idi və və öz missiyasını icra etmək üçün aramızdan ayrıldı, haqqın dərgahına qovuşdu. Allah Laləyə səbr versin!!!

- Amin! Amin! Amin! Bilmirsən nə deyəsən...

- Fuadın ölümündən sonra vəsilə olduğu bu söhbəti elə Fuadın adı ilə də bitirək. Fuadın ruhu şad olsun! Çox sağ olun ki, könül dünyanızın sirrini azacıq da olsa bölüşdünüz.

- Allah amanında!

Şərhlər