Rəsul Çunayev: "Məncə bu medalın dəyəri yoxdur" - MÜSAHİBƏ

15.06.2015 13:33     Müsahibə     2687

Yunan - Roma güləşi üzrə Avropa çempionu (2008), Azərbaycan çempionu (2008), Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibi (2013) və nəhayət "Bakı 2015" I Avropa Oyunlarında əldə etdiyi Avropa Oyunlarının çempionu (13 iyun 2015). Bütün bu titullar 24 yaşlı Azərbaycan güləşçisi Rəsul Çunayevə məxsusdur.
 
ANS PRESS-in Rəsul Çunayevlə səmimi müsahibəsini təqdim edirik:
 
- Sizin əsgər marşınız, rəqs etməyiniz qalibiyyətinizə bir başqa abu-hava qatır. Hamıya çox maraqlıdır, bütün bunlar birdən baş verir, yoxsa əvvəlcədən planlaşdırırsız?
 
- Birdən olur. Planlaşdırran çox vaxt işlər plana uyğun getmir. Hər şey bir anlıq olur. Qalib olmağıma Allah-taala kömək edir. Qələbə qazandıqdan sonra isə o hərəkətlər bir anlıq baş verir, içdən gəlir. Sonra isə baş verənləri yuxu kimi xatırlayıram. Gözümün qabağında qısa bir kadr yaranır və dərk edirsən ki, bu anlar sənin həyatında böyük rol uynayır.
 
 
 
- Rəsul, sevdiyin qız varsa, de yazaq, qızlar gözünü çəksin səndən.
 
- Yoxdur (gülür). Şəxsi həyatı kənara qoymuşam. Özümü sırf idmana, məşqlərə həsr etmişəm.
 
- Xəbərin var ki, hazırda gözəl-göyçək qızlardan ibarət böyük bir pərəstişkar ordun yaranıb? 
 
- Heç nədən xəbərim yoxdur, çünki təxminən bir ilə yaxındır sosial şəbəkələrdə yoxam. Heç whattsapp-ım da yoxdur.
 
- Sosial şəbəkədən uzaq düşməyin səbəbinini bilmək olar?
 
- Bu müddətdə həm əsgəri xidmətimi yerinə yetirirdim, həm də Avropa Oyunlarına hazırlaşırdım. Eyni zamanda məni irəlidə Dünya Çempionatı gözləyir. Olimpiya lisenziya xarakteri daşıyan bu çempionat Amerinın Las-Veqas şəhərində keçiriləcək. Çalışıram ki, bu şansı, bu fürsəti əldən verməyən. Məqsədə uyğun hərəkət edirik. Daha çox məşqlərimizə və istirahətimizə fikir veririk. İdmanın karyerasının ömrü qısa olur, nə əldə edə bildinsə bu müddət ərzində edə bilərsən. Bu şansdan istifadə etmədinsə, sonra gec olur. Mən də buna görə çalışıram ki, bu şansı əldən verməyim ki, sonra peşman olmayım. 
 
 
- İndiyədək neçə medal almısan?
 
- Saymamışam. Son 3 ildə bütün yarışlardan Vətənə medalla qayıtmışam. İndi də öz Azərbaycanımda qızıl medal qazandım. Çalışacam ki, gələcək yarışlarda da, bunu davam etdirim. Gələcəkdə idman karyeramı başa vurduqdan sonra medallarımı sayaram.
 
- Avropa Oyunlarında qazandığın medalın qiymətini bilirsən?
 
- Xeyr, bilmirəm. Məncə bu medalın dəyəri yoxdur. 
 
- Rəsul, əsgəri xidmətinin bitməsinə bir ay qalıb. Belə bir yarışda qələbə qazanan, prezidentin qucaqlayaraq medal verdiyi, təbrik etdiyi biri hərbi hissəyə qayıdıb digər əsgərlərlə sırada duracaq. Bunu necə təsəvvür edirsən?
 
- Mənimçün xoşdu həm bir idmançı kimi, həm də bir əsgər kimi Azərbaycana xidmət etmək. Onsuz da əsgərlikdə komandirlərin qabağında sıraya durduğumuz kimi, idmanda da məşqçilərin qabağında sıraya dururam. Hər iki halda Vətənimə xidmət edirəm! 
 
Qeyd edək ki, yığma komandanın yunan - Roma güləşi üzrə baş məşqçisi İran vətəndaşı Cəmşid Xeyrəbadidir, böyük məşqçi Nurəddin Cəfərov, üçüncü məşçi Akif Əliyevdir. İdmançılar 1 il ərzində hazırlıq keçib.
 
Advertisement Banner

Şərhlər