"Biz bunu Vətənimiz, dövlətimiz, dövlətçiliyimiz üçün edirik" - MÜSAHİBƏ

21.11.2015 12:05     Müsahibə     4126

Aysəba Umutlu: “Bizim 10 illik fəaliyyətimizin ən böyük nəticəsi Beynəlxalq Gənclər Mərkəzinin yaradılması olar

Bakı Beynəlxalq Tələbə Klubunun  (BBTK) təşkilatçılığı və Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Azərbaycanda Əcnəbi Tələbə Gənclərin II Ümumrespublika Forumu” keçirilib.

Forumun fəaliyyəti, əldə olunan nəticələr, əcnəbi tələbə gənclərlə bağlı görülən işlərlə bağlı BBTK-nın sədri Aysəba Umutlu Reaksiya.az-a müsahibə verib.

- Aysəba xanım, əgər mümkündürsə, təşkilatınız haqda məlumat verməyinizi xahiş edərdik.

- Təşkilatımız 2006-cı ildən fəaliyyət göstərir. 2007-ci ildə rəsmi olaraq dövlət qeydiyyatına alınıb. Çalışdığımız 10 ilə yaxın müddət ərzində bir çox layihələr həyata keçirmişik. Biz Azərbaycanda təhsil alan əcnəbi tələbə gənclərə Azərbaycanın tarixi, mədəniyyəti, görməli yerləri, Azərbaycanın reallıqları haqda düzgün informasiya verməyə çalışırıq. Bunu etməkdə məqsədimiz onlar öz ölkələrinə qayıtdıqları zaman Azərbaycan haqqında obyektiv fikrə sahib olsunlar. Eyni zamanda bu birtərəfli olmasın deyə əcnəbi tələbələrə öz potensiallarını, bacarıqlarını göstərmələri, öz ölkələrini tanıtdırmaları, Azərbyacan cəmiyyətində öz sözlərini deyə bilmələri üçün geniş imkanlar yaradırıq. Müəyyən problemlərinin həllində biz onlara yardımçı olmağa çalışırıq. Bir sözlə, bizim əsas məqsədimiz əcnəbi tələbələrin Azərbaycan haqqında düzgün məlumata sahib olmaları və Azərbaycanı öz ölkələrində yaxşı təbliğ edə bilmələri üçün onların potensialından istifadə etmək fəaliyyətlərini düzgün yönləndirməkdir.

- 2011-ci ildən keçirilən birinci forumdan ötən müddət ərzində təşkilatınız tərəfindən hansı işlər görülüb?

- 2011-ci ildə forumda 200-ə yaxın əcnəbi gənc tələbə iştirak edirdisə, indiki forumda artıq 300-ə yaxın əcnəbi gənc iştirak etdi. Forumda iştirak edən əcnəbi gənclər özləri foruma böyük maraq göstərirdilər və sevindirici hal odur ki, təşəbbüs onlar tərəfindən olur. Ötən müddət ərzində bizim başqa bir çox layihələrimiz olub. Məsələn, Azərbaycanda təhsil alan əcnəbi gənclər arasında “Birinci Azərbaycan Dili” olimpiyadasını təşkil etmişdik. Məqsədimiz əcnəbi tələbələrin Azərbaycan dili biliklərinin yoxlanılması idi. Ən yaxşı Azərbaycan dili biliyinə malik olan əcnəbi gənclərimizi mükafatlandırdıq ki, digər əcnəbi gənclərdə də bizim dilimizi öyrənməyə həvəs yaransın. Əcnəbi tələbə gənclərin Azərbaycanın bölgələrinə turlarını da təşkil edirik. Bu artıq ənənəvi hal alıb. Ən son cənub bölgəsinə və Qax, Şəki şəhərlərinə səfərlər etmişik. Qax və Şəkiyə səfərimiz Şuşanın işğalı və qələbə gününə təsadüf etmişdi. Biz də fürsətdən istifadə edərək onlara bu tarixi günlər haqqında daha dolğun informasiya verdik. I Avropa oyunları zamanı da əcnəbi tələbə gənclərlə sıx-sıx görüşlər keçirirdik. “Baku 2015”-in əhəmiyyəti, mahiyyəti haqda onlara məlumatlar verirdik və müzakirələr aparırdıq. Ümumiyyətlə, biz mütəmadi olaraq ofisdə əcnəbi tələbə gənclərlə görüşürük və onlarla fikir mübadiləsi aparırıq.

- Əcnəbi gənclərin Azərbaycan haqqında dolğun məlumatı varmı? Onlar əsasən, bir araya gələndə nədən bəhs edirlər? Daha çox nədən razılıq edirlər?

- Elə təşkilatın əsas yaranma səbəblərindən biri budur. Mən Bakı Dövlət Universitetində təhsil aldığım zaman ətrafımda əcnəbi tələbələr çox idi və onların əksəriyyətinin Azərbaycan haqda düzgün informasiyaya sahib olmadıqlarını görürdüm. Bəzən onlar yaşadıqları bir pis təcrübəni bütün Azərbaycana şamil edirdilər. Ona görə də aktiv tələbə yoldaşlarımla belə bir təşkilatın yaranmasının vacib olduğunu düşündük. Əcnəbi tələbə gənclərə düzgün informasiya ala bilsinlər deyə şərait yaratdıq. Biz mütəmadi olarak həmin tələbələrlə görüşdüyümüz zaman onlara ölkəmizlə bağlı çoxlu informasiyalar verə bildik, onlara azərbaycanlıların necə qonaqpərvər xalq olduqlarını göstərdik. Onlar gündəlik həyatda ən xırda hadisələrdən yanlış düşüncəyə qapılarlarsa, bu da onların məlumatsızlıqlarından irəli gələrək Dağlıq Qarabağ problemi ilə bağlı yanlış düşünmələrinə gətirib çıxara bilər. Çünki həmin gənclər əsasən təhsillə məşğuldurlar deyə, ictimai həyatda aktivlik göstərə bilmirlər. Amma bizim görüşlərimizdən sonra özlərinə yeni dostlar qazanırlar, daha dolğun və düzgün informasiya əldə edirlər. Əslində bu işin çətin tərəfi də var, çünki onların hər biri müxtəlif mədəniyyətlərə sahibdirlər və bəzən onlarla dil tapmaq çətin olur. Burada təşkilatın üzərinə böyük yük düşür. Biz onları başa düşərək, razı salmaq üçün çalışırıq. Fəaliyyətimiz dövründə həmişə müsbət nəticələr əldə etdiyimizə görə, işin çətinliyi gözə görünmür.Ən əsası, biz bunu vətənimiz, dövlətimiz, dövlətçiliyimiz üçün edirik.

- İkinci forumda nələr müzkirə olundu? Hansı mövzulara toxunuldu?

- 2011-ci ildə keçirilən forumda “Azərbaycanda Əcnəbi Tələbə Gənlərin I Ümumrespublika Forumu” adını təsadüfü seçməmişdik. Forumun bu cür adlandırmaqda məqsədimiz forumun davamlı olması idi. II Forumda əsas məqsədimiz Beynəlxalq Gənclər Mərkəzinin yaradılması idi. Çünki hazırda biz Beynəlxaql Avrasiya Mətbuat Fondunda görüşlər keçiririk. Amma onlar öz evləri kimi olacaq, istədikləri vaxt gələ biləcəkləri, müəyyən tədbirlər keçirə biləcəkləri ofisin olmağını istəyirlər. Bakıda təhsil alan əcnəbi tələbələrin əsas problemlərindən biri də yataqxanalarının olmamasıdır. Universitetlərdəki mühafizə xidmətinin də yüksək səviyyədə olmamasından şikayətlənirlər. Həmçinin, bəzi tələbələr dərsdən sonra qısamüddətli iş imkanının da yaradılmasını istəyir.  Bu forumu keçirməkdə məqsədimiz tələbələrin bu və digər problemlərinin həllində onalara kömək etməkdir. Forumuzun əsas devizi də “Təklif bizdən, dəstək sizdən” idi. Həmin tələbələrin əsas problemləri həll edilərsə, mən inanıram ki, Azərbaycana təhsil almağa gələn əcnəbilərin sayı gündən-günə artacaq.

- Əcnəbi tələbələ gənclərlə Azərbaycandan gedib xaricdə təhsil alan tələbələr arasında əlaqələr mövcuddurmu?

- Biz əcnəbi tələbələrin azərbaycanlı gənclərlə də dostluq əlaqələrinin inkişaf etdirilməsində yardımçı rol oynayırıq. Təşkilatımızda xaircdə təhsil alan gənclər də olub və onlarla əcnəbi tələbələr arasında əlaqələr yaranıb. Amma biz bunu qarşımıza sırf məqsəd kimi qoymamışıq.

- Bakı Beynəlxaq Tələbə Klubunun gələcək planlarına nələr daxildir?

- Ölkələrin tanıtım günlərini keçirməyi, Vətənimizdə təhsil alan əcnəbi tələbələrin  səfirlərlə, öz ixtisaslarına uyğun tanınmış mütəxəssislərlə onlar arasında görüş təşkil etməyi planlaşdırırıq. Regionlara turlarımız yenə də davam edəcək. Bizim 10 illik fəaliyyətimizin ən böyük nəticəsi Beynəlxalq Gənclər Mərkəzinin yaradılması olar. Bunun üçün də əlimizdən gələni edirik.

 

Şərhlər