Elena Ajmone Sessera: BQXK-nın Azərbaycan nümayəndəliyi Dilqəm Əsgərovun və Şahbaz Quliyevin vəziyyətlərini daim diqqətdə saxlayır

18.09.2017 21:39     Siyasi reaksiya     1281

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Ajmone Sessera ilə görüşüb.

Ombudsman Aparatından bildiriblər ki, görüşdə müvəkkil qonaqlara Ombudsman təsisatının fəaliyyəti, müxtəlif əhali qruplarının, həmçinin girov və ya əsir götürülmüş şəxslərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. Ermənistanın Azərbaycana 25 ildən çox müddətdə hərbi təcavüzünün davam etməsi, əsir və girov soydaşlarımızın, o cümlədən Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün doğma yurdlarına getdikləri zaman Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılmaması, dünya ictimaiyyətinin bu qeyri-hüquqi, qeyri-insani hadisəyə hələ də susqunluqla yanaşdığının beynəlxalq hüquq normalarına uyğun olmaması ilə bağlı narahatlığını ifadə edib.

Müvəkkil cəbhə bölgəsində baş verən hadisələr, təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən mülki azərbaycanlı əhalinin, o cümlədən uşaqların və qadınların ağır artilleriyadan və iriçaplı silahlardan atəşə tutularaq öldürülməsi və ağır yaralanması, erməni hərbçiləri tərəfindən mülki və sosial obyektlərin atəşə tutulması və dağıdılması haqqında danışıb. Ermənilər tərəfindən Azərbaycanın mülki əhalisini atəşə tutulması faktının beynəlxalq sənədlərə zidd olması, beynəlxalq qurumların nəticəsiz fəaliyyətinin və hərəkətsizliyinin cəzasızlıq mühiti yaratdığı və münaqişənin həllinə yardımçı olmadığı diqqətə çatdırılıb.

Eyni zamanda, müvəkkil Azərbaycanda bu gün çoxsaylı erməni əsilli insanların yaşadığını, onların hüquqlarının da təmin edildiyini diqqətə çatdırıb.

Elena Ajmone Sessera BQXK-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti, xüsusilə sərhədboyu rayonlarda həyata keçirilən layihələr, icmalarla aparılan iş barədə məlumat verib, həmçinin D.Əsgərov və Ş.Quliyevin vəziyyətlərini daim diqqət mərkəzində saxladıqlarını, ailələri ilə müntəzəm əlaqələrin yaradılmasına nail olduqlarını bildirib.

Görüşdə qonağın BQXK-nın fəaliyyəti barədə ombudsman təsisatında, həmçinin Azərbaycan Uşaqdan-Uşağa Sülh Şəbəkəsində tədbirlərin keçirilməsi ilə bağlı təklifi, eyni zamanda, qaldırdığı digər məsələlər müzakirə olunub, çoxsaylı sualları cavablandırılıb.(azərtac)

Reaksiya.az

Şərhlər