Azərbaycan prezidentinin ABŞ-a səfərindən gözləntilər...

19.09.2017 08:54     Siyasi reaksiya     1465

BMT Baş Assambleyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət”lə bağlı müzakirələr olacaq

Sentyabrın 17-də Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər ediblər. Ekspertlərə görə, Baş Assambleyada Azərbaycan dövlətinin ən yüksək səviyyədə iştirak etməsi təbii ki, rəsmi Bakının bu toplantıya verdiyi önəmin və milli maraqlarımıza göstərdiyi diqqətin nümunəsidir. Çünki toplantıda Azərbaycan ərazilərinin işğalı da müzakirə mövzusu olacaq ki, bu barədə bir az sonra...

Qeyd edək ki, BMT (Birləşmiş Millətlər Təşkilatı) 6 əsas orqandan ibarətdir: Baş Assambleya, Katiblik, Təhlükəsizlik Şurası, Beynəlxalq Ədalət Məhkəməsi, Qəyyumluq Şurası, İctimai və İqtisadi Şura. Baş Assambleya BMT-nin qanunverici orqanıdır. O, hazırda hər bir sessiyada iştirak etməli olan və 5-dən çox nümayəndəsi olmayan 191 üzv dövlətdən ibarətdir. Baş Assambleya, Baş Assambleyanın sessiyaları arası görüşən 7 Əsas Komitə, Prosessual Komissiya və Daimi Komissiyalar kimi Daimi Komitələr yaradıb. O, həmçinin Təhlükəsizlik Şurasının rəyi ilə növbəti 5 il müddətində fəaliyyət göstərəcək Baş Katibi təyin etmək üçün də məsuliyyət daşıyır. BMT-nin Baş Assambleyası - BMT-nin baş məşvərətçi orqanı adlanır və bu orqan BMT-nin üzvü olan bütün dövlətlərin sədrlərindən ibarətdir. Ona BMT-nin Nizamnaməsi çərçivəsində və ya onun hər hansı bir bölməsinin funksiyasına aid olan bütün məsələləri həll etməyə və ya təkliflər verilməsində vəkil edib.

Baxmayaraq ki, assambleyanın qərarı onun iştirakçısı olan ölkələr, dövlət və hökumətlər üçün hüquqi güc sayılmır, lakin dünya ictimaiyyətinin fikrini ifadə etdiyi üçün mühüm rol oynayır. Baş Assambleya BMT-nin siyasətini və proqramını müəyyən edir, büdcəni təsdiqləyir, konfransları təşkil edir və çağırır, əsas fəaliyyət istiqamətini təyin edir, müxtəlif kampaniyalar keçirir. Baş Assambleya fikirləşən bir forum kimi dünya millətlərinə hər hansı bir məsələni nizamnamə ətrafında müzakirə etmək üçün geniş imkanlar yaratmalıdır. Bu, BMT-nin nəhəng, nisbətən hörmətli olsa da, lakin assambleyanı öz qərarlarını həyata keçirməyə məcbur edən BMT-nin tam hankimiyyət orqanı deyil. Ancaq istənilən halda, dünyanın aparıcı təşkilatlarından biri olan BMT-nin Baş Assambleyasında Azərbaycanın ən yüksək səviyyədə iştirakı təqdir olunur. 
Xatırladaq ki, “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb. Hər iki məsələ Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.

Image result for Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı önəmli hadisədir: “Təcrübə göstərir ki, Azərbaycan prezidentinin BMT-nin toplantılarındakı çıxışları hər zaman ciddi rezonans doğurur. Bunun üçün Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu vaxtlarda, dövlət başçısının TŞ-nin konfransı çərçivəsindəki çıxışını xatırlamaq yetərlidir. Digər tərəfdən, qeyd edim ki, Azərbaycan BMT-nin ən müxtəlif proqramlarında olduqca fəal iştirak edən dövlətlərdən biridir. 2016-cı il iyulun 12-də BMT və Azərbaycan hökuməti arasında 2016-2020-ci illər üzrə Azərbaycanla BMT sistemi arasında münasibətləri tənzimləyən ”BMT və Azərbaycan Tərəfdaşlıq Çərçivəsi" adlı sənəd imzalanıb və bu sənəd BMT ilə Azərbaycanın geniş spektrdə əməkdaşlığını nəzərdə tutur. Baş Məclisin sessiyasında GUAM üzvü olan ölkələrin ərazi bütövlüyü ilə bağlı məsələnin müzakirəyə çıxarılacağı gözlənilən idi. Bu haqda öncədən də məlumat verilmişdi. Məsələnin gündəliyə salınması isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktının növbəti dəfə dünyanın ən mötəbər toplantısında müzakirəyə çıxarılması anlamına gəlir ki, bu da prosesin inkişafına təkan vermək üçün önəm daşıyır". 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Baş Assambleya çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün təşkil edilməsi istiqamətində neçə müddətdir ki, çalışırlar. Hətta bu görüşün reallaşması halında prezidentlərin bir araya gətirilməsi imkanlarının da müzakirə oluna biləcəyi vurğulanır. Ancaq bu da var ki, Ermənistan elə bu günlərdə də işğalçı mahiyyətini növbəti dəfə nümayiş etdirməkdədir. Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 18-də sərsəmləmələrini davam etdirərək deyib ki, “Ermənistanın Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməyib. Dağlıq Qarabağın əhalisinin müstəqil, azad dövlətdə yaşamaq kimi təbii haqqı var”. Belə olan halda, XİN rəhbərlərinin də görüşünün mənası qalmır, o ki, qaldı prezidentlərin. 

E.Mirzəbəyli də bildirdi ki, xarici işlər nazirlərinin görüşü baş tuta bilər: “Lakin hətta Sərkisyan Nyu-Yorka gəlsə də belə, Azərbaycan prezidentinin onunla görüşə razılıq verəcəyi inandırıcı deyil. Düşünürəm ki, prezidentlərin görüşü məsələsinə xarici işlər nazirlərinin görüşündən sonra aydınlıq gələcək”. Bəs postsovet məkanındakı işğal olunmuş ərazilər, o cümlədən Azərbaycan torpaqlarının taleyi ədalətli şəkildə müzakirə oluna, yaxud BMT-nin Qarabağla bağlı 4 qətnaməsinin icrası gündəliyə gətirilə bilərmi? Politoloq bunu real saymadı: “Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi ilə bağlı qətnamələri BMT Təhlükəsizlik Şurası qəbul edib, Baş Assambleya yox. Assambleyanın Təhlükəsizlik Şurasına göstəriş vermək səlahiyyəti yoxdur. Təəssüf ki, İkinci Dünya müharibəsinin nəticələrinə görə formalaşan BMT TŞ çağdaş reallıqlara cavab vermir və BMT-nin mövcud strukturu demokratik və ədalətli deyil”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar