Elmar Məmmədyarov: Azərbaycan Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirir

21.09.2017 12:19     Siyasi reaksiya     1352

Azərbaycan münaqişələrin sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir.

Bunu Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov “Birtərəfli tədbirlərinin yayılması və tətbiqinin beynəlxalq hüquq və bu tədbirlərə məruz qalan xalqların haqlarını pozması” üzrə Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən nazirlər görüşündə deyib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən azərtac-a bildiriblər ki, E.Məmmədyarov BMT-dən sonra ikinci böyük dövlətlər qrupu olan Qoşulmama Hərəkatının beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında, regional təhlükəsizlik, sosial və iqtisadi inkişaf da daxil olmaqla, geniş məsələlərin müzakirəsində önəmli rol oynadığını vurğulayıb. Qeyd edib ki, Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərdə ədalət və qanunun aliliyinin sadiq müdafiəçisidir. Qoşulmama Hərəkatı beynəlxalq problemlərin müzakirə edilməsində müxtəlif ideologiyaların təqdimatı baxımından səmərəli və dinamik platformadır.

Diqqətə çatdırılıb ki, inkişaf etməkdə olan ölkələrə qarşı istifadə edilmiş birtərəfli məcburetmə tədbirləri beynəlxalq hüquqa, BMT Nizamnaməsinə, dövlətlərarası münasibətlərin sülh yolu ilə uzaqlaşdırılmasını təmin edən norma və prinsiplərə ziddir və dövlətlər arasında dialoq və siyasi anlaşma ruhuna xələl gətirir. Bu, beynəlxalq sülhün və təhlükəsizliyin, eləcə də suveren dövlətlərin daxili işlərinə qarışmama prinsipinin pozulmasını əks etdirir. Birtərəfli məcburetmə tədbirləri belə hallara məruz qalmış dövlətin əhalisinin iqtisadi və sosial inkişafının qarşısını alır və insan hüquqlarına, ərzaq və səhiyyə xidmətlərinin, yaşayış yerinin təmin edilməsi və zəruri sosial xidmətlər da daxil olmaqla, insanların sağlıq və rifahı baxımından standart yaşayış hüquqlarına mənfi təsir göstərir.

“Dayanıqlı İnkişaf Gündəliyi-2030” sənədində əks olunmuş davamlı inkişaf yolunun uğurla başladılması birtərəfli məcburetmə tədbirlərinin tətbiq olunduğu dövlət üçün mümkünsüzdür. İqtisadi və insan inkişafı baxımından birtərəfli məcburetmə tədbirləri Dövlətin Dayanıqlı İnkişaf Məqsədlərinin uğurlu icrası istiqamətində resursların mərkəzləşdirilməsi qabiliyyətini məhdudlaşdırır və buna xələl gətirir. Bunu nəzərə alaraq, Azərbaycan “Expo-2025”ə ev sahibliyi etmək üçün müraciət edib. Biz bu seçkilərdə Qoşulmama Hərəkatından Beynəlxalq Sərgilər Bürosuna yeganə namizəd olan Azərbaycanın namizədliyinin Hərəkata üzv dövlətlər tərəfindən dəstəklənməsinə ümid edirik. Bu baxımdan Azərbaycan münaqişələri sülh yolu ilə nizamlanmasının təşviq edilməsi məqsədilə dialoq platformasının əhəmiyyətini və bu xüsusda, münaqişə tərəfləri arasında konstruktiv dialoqu dəstəkləyir. İnanırıq ki, problemin həll edilməsində əsas məsələ dövlətlərin xoş niyyəti və qarşılıqlı məqbul güzəştlərin tapılmasına hazır olmasıdır”, - deyə E.Məmmədyarov diqqətə çatdırıb.

Azərbaycanın Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə xüsusi diqqət yetirdiyini vurğulayan nazir bildirib: “Müstəqil xarici siyasət yürütməklə və heç bir hərbi alyansa üzv olmamaqla, Azərbaycan beynəlxalq norma və prinsiplərin qorunmasında, milli və beynəlxalq səviyyədə demokratikləşmə, insan hüquqlarına və sosial ədalət prinsiplərinə hörmətin təkmilləşdirilməsi istiqamətində davamlı səylər göstərir. Qoşulmama Hərəkatının məqsəd və prinsiplərinin güclü dəstəkləyicisi olaraq, Hərəkata üzv dövlətləri Azərbaycana Nazirlər Şurasının iclasında iştiraka dəvət etməkdən məmnunluq duyuram. Biz iclasın keçirilməsi tarixi kimi 2018-ci ilin aprel ayını təklif edirik və məsələ ilə bağlı müvafiq nota üzv dövlətlər arasında yayılıb. Ümid edirəm ki, sizin yekdil dəstəyinizlə gələn il xarici işlər nazirləri səviyyəsində Bakıda yenidən görüşəcəyik”.

Nazir çıxışının sonunda Azərbaycanın BMT Nizamnaməsinin prinsip, məqsəd və məramına, xüsusilə suveren dövlətlərin bərabərliyi, dövlətlərin daxili işlərinə müdaxilə etməmə və qarışmama prinsiplərinə sadiqliyini bir daha diqqətə çatdırıb. Qeyd edib ki, birtərəfli məcburetmə tədbirlərindən istifadəyə və beynəlxalq hüququn pozulmasına yol verməyən bu prinsiplərə riayət olunması hər bir üzv dövlətin vəzifə və məsuliyyətidir.

Reaksiya.az

Şərhlər