İki dost arasında sıxılan Azərbaycan - çətin seçim

08.01.2018 15:49     Siyasi reaksiya     2998

Bakının balans siyasəti üçün qəfil təhdidlər; 2018-lə bağlı ilginc iddia; türkiyəli ekspert: “Bakının İsraillə yaxınlaşmağa davam etməsi iki qardaş ölkənin münasibətlərinə problem yarada bilər”; yanvarın 19-da ABŞ-ın açıqlayacağı hərbi strategiyanın Azərbaycana da dəxli var, çünki...

Ağır Qarabağ yükü olan Azərbaycan üçün 2018-ci ilin daha məsuliyyətli və ziddiyyətli bir il olacağı gözlənilir. Daxil olduğumuz ildə dost-müttəfiqlər və rəqiblər təzədən səf-nəzər ediləcək. “Yeni Müsavat”a görə, Bakı geosiyasi mahiyyət daşıyan bəzi sınaqlarla da üzləşə bilər. Bu isə böyük ölçüdə Rusiya-ABŞ, Türkiyə-ABŞ, Türkiyə-Rusiya və ABŞ-İran münasibətlərinin xarakterindən qaynaqlanacaq.

Azərbaycanın İsraillə münasibətlərinin də növbəti çətin testlə üzləşəcəyi istisna edilmir - ilk növbədə də qardaş Türkiyənin yəhudi dövləti ilə davam edən qeyri-müəyyən münasibətləri fonunda. Siyasi analitiklərin bu yöndə fikir və proqnozları maraq doğurmaqla yanaşı, bəzi mühüm gözləntilərə yol açır.

*****   

“Azərbaycanın İsraillə inkişaf edən əlaqələri orta perspektivdə Türkiyə-Azərbaycan münasibətləri üçün problemlər yarada bilər”. “Yeni Müsavat”ın məlumatına görə, belə bir ilginc iddia ilə türkiyəli tanınmış politoloq, “Ankara-Moskva” analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer rusdilli Vesti.az saytına açıqlamasında 2017-ci ilin yekunları haqda danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan 2017-ci ildə həyata keçirdiyi klassik balans siyasətini 2018-ci ildə də davam etdirəcək. “Rəsmi Bakı öz əlaqələrini Rusiya və ABŞ-la balanslaşdırmağa çalışır. Bu, izah edilən və məntiqli bir strategiyadır. Lakin Azərbaycanın İsraillə əlaqələri orta perspektivdə Türkiyə-Azərbaycan münasibətləri üçün problemlər yarada bilər” - ekspert bildirib.

Türkiyəli politoloq hesab edir ki, prezident Donald Trampın Qüdsü İsrailin paytaxtı elan eləməsi və ABŞ səfərliyini Qüdsə köçürmək barədə sərəncamı Türkiyə-ABŞ münasibətlərinə zərbə vuran qərar olub. “ABŞ prezidentinin bəyanatı Türkiyə-ABŞ münasibətlərindəki çatı dərinləşdirdi. Məlumdur ki, Ankara BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu da bütün ölkələrə öz mövqeyini nümayiş etdirmək imkanı yaradıb. Çox mühümdür ki, Azərbaycan məsələdə aydın və dəqiq mövqe tutdu”, - deyə o qeyd edib.

İsrael Azerbaijan ile ilgili görsel sonucu

Analitikin qənaətincə, ötən il regional aktyorlar kimi, Azərbaycan, Türkiyə və Rusiya nümayiş etdirdilər ki, təşəbbüs göstərməklə regiondakı problemləri həll edə bilərlər. “Mövcud rəylərə rəğmən, Türkiyə bu xüsusda Avrasiya Birliyinə inteqrasiya eləməməklə və Avropaya daha yaxın olmaq səylərindən uzaqlaşmamaqla istədiyi nəticələrə nail ola bildi. Regional əməkdaşlığa üstünlük - Ankaranın yeni strategiyasının əsasında dayanır. Bu mənada 2017 gerçəkdən də dəyişikliklərin başlanğıcı sayıla bilər”.

*****

Azərbaycanın İsraillə dinamik münasibətlərinin nə vaxtsa Azərbaycan-Türkiyə qardaşlığına problem yarada biləcəyi fikri ilginc olduğu qədər diqqət çəkməyə bilməz. Belə çıxır ki, rəsmi Bakının bir seçimi də məhz strateji tərəfdaş ölkə olan İsraillə qardaş Türkiyə arasında olacaq? 

Suala cavab tapmazdan öncə vurğulayaq ki, əslində Azərbaycan hazırda münasibətləri gərgin olan İsraillə Türkiyə arasında “bufer” rolu oynaya, hətta vasitəçi qismində çıxış edə bilər. Necə ki, məlum təyyarə insidenti üzündən Rusiya-Türkiyə münasibətləri böhrana girəndə Bakı bu missiyanı uğurla yerinə yetirmişdi. Eyni uğurla o, lazım gələrsə, qardaş ölkə ilə İsrailin də “arasına” girə bilər. Yəni Bakı-Təl-Əviv əlaqələrinin isti qalması strateji olaraq, Ankaranın da maraqlarına uyğun görünür.

Azərbaycan Türkiyə ile ilgili görsel sonucu

Başqa yandan, rəsmi Ankara yaxşı bilir ki, İsraillə əməkdaşlığımız öncəliklə Qarabağ konfliktinə görədir. Bununla biz həm silahlı qüvvələrimizi müasir silah-sursatlar və hərbi texnologiyalar hesabına daha da modernləşdiririk, həm də nüfuzlu beynəlxalq yəhudi lobbisinin imkanlarına çıxış əldə eləməklə konfliktin ədalətli həlli üçün əlverişli beynəlxalq rəyin hazırlanmasına çalışırıq. Bu gün Azərbaycanın hətta Rusiya üçün əlçatmaz olan yüksək dəqiqlikli PUA-lara (pilotsuz usan aparatlar) sahib olması ən əvvəl İsrailin hesabınadır. “Dəmir günbəz” müasir raketdən müdafiə sisteminin yaratdığı üstünlük də öz yerində.

“Dəmir günbəz” ile ilgili görsel sonucu

İnsafən, İsrail tərəfi də Azərbaycanla əlaqələrə böyük dəyər verir və Ermənistanı “bort arxasında” saxlamaqda davam edir. Məsələn, Qüdslə bağlı Trampın qərarından sonra İsrail-Türkiyə münasibətləri təzədən gərginləşəndə İsrailin müdafiə naziri Avidqor Liberman öncə Ankara əleyhinə açıqlama verərək dedi ki, İsrail öz qazını Türkiyə ərazisindən Avropaya daşınmasına razılıq verməməlidir, çünki onun fikrincə, o halda qazın “açarı” Ərdoğanın əlində olacaq. Lakin ardınca bildirdi ki, uydurma erməni soyqırımının İsrail Knessetində (parlament - red.) tanınması həm də Azərbaycanla isti əlaqələr səbəbindən mümkün deyil.

*****

Ceyms Mettis ile ilgili görsel sonucu

Başqa sözlə desək, bu gün Bakı-Təl-Əviv əlaqələri eyni zamanda ən böyük erməni yalanının rəsmiləşməsini əngəlləməklə Türkiyənin də maraqlarına xidmət edir. Lakin çox şey yəhudi dövlətinin özündən, onun yaxın və orta perspektivdə yürüdəcəyi xarici siyasət kursundan asılı olacaq. Söhbət həm də Türkiyəyə qarşı Qərbin bəzi çevrələrində hazırlanan məkrlin planlarda iştirakdan gedir. Belə planlarda İsrailin yer alması həqiqətən də Bakını qardaş ölkə qarşısında rahatsız duruma sala bilər. Bəzi iddialara görə, Türkiyəyə, Ərdoğan iqtidarına qarşı ABŞ-ın belə planları hər halda mümkündür.

Yeri gəlmişkən, yanvarın 19-da ABŞ-ın yeni Hərbi Strategiyası açıqlanacaq. “Yeni Müsavat” bildirir ki, bu haqda Pentaqon başçısı Ceyms Mettis bildirib. Onun sözlərinə görə, ictimaiyyət sənədin yalnız özəti ilə tanış olacaq. Yada salaq ki, ötən ilin sonunda ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasını açıqlamışdı. Həmin sənəddə Birləşmiş Ştatlara əsas təhlükə kimi Rusiya, İran və Şimali Koreya göstərilir. Ötən həftə sonu isə ABŞ-ın dövlət katibi Reks Tillerson İranla nüvə anlaşmasının ləğv ediləcəyinin, demək, Tehranla münasibətlərin bir qədər də kəskinləşəcəyinin anonsunu verib.

Şübhə yox ki, ABŞ-ın Hərbi Strategiyasında da Milli Təhlükəsizlik Strategiyasındakı kimi İran və Rusiya ön hədəflər sırasında olacaq. Bu iki dövlət isə bizim üç böyük qonşumuzdan ikisi, üstəgəl, ortaq iqtisadi layihələr (“Şimal-Cənub” dəhlizi) içində olduğumuz tərəfdaş ölkələrdir. Üçüncü böyük qonşumuz - qardaş Türkiyəyə qarşı iddia edilən planlar, habelə İsrail-İran və İsrail-Türkiyə münasibətlərinin qəliz xarakteri nəzərə alınarsa, 2018-in Azərbaycan üçün sınaqlar və seçim ili olacağı ilə bağlı qənaət daha inandırıcı görünər.

Şərhlər