Avropa İttifaqı ilə danışıqlar bu il başa çatacaq

20.01.2018 13:11     Siyasi reaksiya     1621

Prosesin daha bir mərhələsi fevralda olacaq

Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi fevralın birinci yarısı Brüsseldə keçiriləcək. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi, sosial məsələlər və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Danilidis deyib. O bildirib ki, hazırda müzakirələrin dəqiq tarixi müəyyənləşdirilir. Aİ nümayəndəliyinin rəsmisi həmçinin qeyd edib ki, Avropa Komissiyası Nəqliyyat və mobillik üzrə baş direktorluğunun rəhbəri Henrik Hololey Aİ ilə Azərbaycan arasında aviasiya sazişi üzrə danışıqlar aparmaq üçün yanvarın 27-30-da Bakıya gələcək.

Denis Danilidisin açıqlamasından iki həftə öncə isə Azərbaycan və Aİ arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması ilə bağlı danışıqların son durumunu şərh edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib ki, qalan bloklar üzrə danışıqlar gələn ilin yanvar-fevralında keçirilə bilər: “Danışıqlarda tərəqqi var. Hesab edirəm ki, danışıqlar 2018-ci ilin sonuna kimi bitəcək. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq prioritetlərinə dair bir-iki məsələ qalıb. Onlar da yaxın zamanlarda həll olacaq. Biz videokonfranslar aparırıq, lazım olsa, görüşmək də olar. Tərəfdaşlıq prioritetlərində Avropa İttifaqı ilə hansı sahələrdə işləyə biləcəyimiz qeyd olunub. Orada təxminən bütün sahələr var. Üç illik prioritetlər öz əksini tapıb. 2020-ci ilə kimi onların hamısını həll etmək lazımdır”.

Mahmud Məmmədquliyev ile ilgili görsel sonucu

Qeyd edək ki, Avropa İttifaqı ilə danışıqlar 2017-ci ilin fevralından başlanıb. Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin fevralında və noyabrında Brüsselə səfərləri və Avropa İttifaqının rəhbərliyi ilə keçirdiyi görüşləri əlaqələrimizin inkişafına xüsusi təkan verib və rəsmi olaraq Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə danışıqlar başlayıb.

Azərbaycanın Avropa İttifaqının 9 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması Avropa İttifaqı əməkdaşlığımızın inkişafı üçün əlavə stimul verir. Avropa İttifaqı və onun üzv dövlətləri ilə Azərbaycan Respublikası arasında vahid aviasiya məkanına dair Saziş" layihənin yekunlaşdırılması üzrə danışıqlar aparılıb.

Azərbaycanın ticarət dövriyyəsində ən böyük pay sahibi Avropa İttifaqıdır. Siyasi, iqtisadi, ticarət, enerji, investisiyalar, nəqliyyat və humanitar sahələrdə tərəflər arasında daha sıx əməkdaşlıq üçün geniş və əlverişli imkanlar var. TAP layihəsinin müəyyən edilmiş qrafikə uyğun olaraq həyata keçirilməsi üçün Avropa İttifaqı, o cümlədən İtaliya tərəfi və digər tərəfdaşlarla qarşılıqlı anlaşma şəraitində birgə səylər davam etdirilir. Fəaliyyətə başladıqdan sonra yeni enerji mənbəyi və marşrutu olaraq TAP layihəsi və bütövlükdə Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verəcək.

Azərbaycan Avropa İttifaqı ilə “Şərq Tərəfdaşlığı” proqramı müstəvisində əməkdaşlıq edir. Bu əməkdaşlığın bir çox sahələrində həm də çoxtərəfli platforma var. “Şərq Tərəfdaşlığı” orada iştirak edən ölkələrin Aİ ilə  daha da yaxınlaşması üçün imkanlar yaradır. Avropa İttifaqı əvvəlcə Moldova, sonra isə Gürcüstan və Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq edib. Azərbaycan Aİ ilə saziş imzalayandan sonra Azərbaycanla da vizasız rejim tətbiq ediləcək.

Qabil Hüseynli ile ilgili görsel sonucu

Danışıqlar prosesinin uzanması və saziş imzalanmasını yubadan bir sıra faktorların olduğu bildirilir. Politoloq Qabil Hüseynli hesab edir ki, bu prosesin uzanmasına və uğurla yekunlaşmasına bir neçə faktor mane olur: “İki başlıca səbəb var. Birinci səbəb xarici amildir. Rusiya amili var. Rusiya Azərbaycanın Avropa İttifaqı və Avroatlantik institutlarla yaxınlaşmasına çox aqressiv reaksiya göstərir. Rəsmi Bakı da bundan ehtiyatlanır.

İkinci səbəb daxili amildir. Avropa İttifaqı ilə yaxınlaşmaq ölkədə siyasi islahatların, ən başlıcası isə azad və ədalətli seçkilərin keçirilməsini tələb edir. Avropa İttifaqı ilə saziş imzalamaq üçün ilk növbədə Azərbaycan gərək Ümumdünya Ticarət Təşkilatına üzv olsun. Azərbaycan da Ümumdünya Ticarət Təşkilatına hələ ki, üzv olmur".

Politoloq qeyd etdi ki, Avropa İttifaqı ilə saziş layihəsi hazırlanması prosesində danışıqları aparan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev üzərinə düşəni edir. Prosesin bu qədər uzanması, hələ də müsbət yekunlaşmamasında Mahmud Məmmədquliyevdən heç nə asılı deyil: “Prosesin uzanmasına səbəb Mahmud Məmmədquliyev deyil. Mahmud Məmmədquliyev qatı Qərb tərəfdarı olsa belə həlledici deyil”.

Reaksiya.az

Şərhlər