Bakıda beynəlxalq konfrans davam edir

13.03.2018 13:00     Siyasi reaksiya     1659

Bakıda ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransı keçirilir.

 Konfransda ATƏT PA-nın sədri Georgi Tsereteli, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Monqolustanın xarici işlər naziri Soqbatar Damdin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev, TRASEKA Hökumətlərarası Komisssessiyasının Daimi Katibliyinin Baş katibi Miçea Çiopraqa, Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Vey Cinhua, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrpunun sədri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev, Serbiyanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Stefana Miladinoviç və digər ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin üzvləri iştirak edirlər.

Xatırladaq ki, ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu 2017-ci il iyul ayının 8-də Azay Quliyevin təşəbbüsü ilə Parlament Assambleyasının Minskdə keçirilən yay sessiyası çərçivəsində təsis edilib. Bu təşəbbüs 17 ölkə - Azərbaycan, Albaniya, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Qırğızıstan, Monqolustan, Monteneqro, Rumıniya, Serbiya, İsveçrə, İspaniya, Tacikistan, Türkiyə və Ukrayna tərəfindən dəstəklənib və qrup həmin ölkələrin ATƏT PA-dakı nümayəndə heyətlərinin imzası ilə rəsmən yaradılıb. Avstriya, Polşa və Makedoniyanın qrupa daxil olması ilə İpək Yoluna Dəstək Qrupuna üzv ölkələrin sayı 20-yə çatıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən ATƏT PA-nın vitse prezidenti Azay Quliyevin qonaqları salamlayaraq, iştirakçılara tədbirin proqramı haqqında məlumat verib. O bildirib ki, tədbir 14 mart tarixində də davam edəcək. Daha sonra o çıxışına davam edərək bildirib ki, İpək Yoluna Dəstək Qrupunun missiyasına maraq artıb:

"Hesab edirəm ki, İpək yolu konsepsiyası tam gücü ilə işləyərsə, əməkdaşlıq daha sıx olar. ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfranda Bakı bəyannaməsini müzakirə edib, qəbul edəcəyik. Buu cür əməkdaşlıq olduqca vacibdir".

Daha sonra söz Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ya verilib. O da öz növbəsində ilk olaraq qonaqları salamlayaraq layihənin əhəmiyyətindən danışıb. B. Muradova bildirib ki, İpək Yolu Şərq və Qərb arasında tək iqtisadi deyil, siyasi, mədəni layihədir:

İpək Yolunu Çin olmadan təsəvvür etmək mümkün deyil. Bu gün tədbirdə iştirak edən Çin səfirinə təşəkkür edirəm. Azərbaycan ATƏT-in bir sıra tədbirlərini təşkil edərək ATƏT dəyərlərinin yayılmasına töhfə verib. Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanın bu təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkədir. Azərbaycanın təşəbbüsü ilə keçən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu İpək Yolu ilə yüklərin daşınmasını 30-35 gündən 15 günə endirəcək. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində dlə mühüm işlər görür və bu dəhliz də İpək Yoluna inteqrasiya olunacaq. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir".

ATƏT-in Parlament Assambleyasının sədri Giorgi Tsereteli çıxışı zamanı qeyd edib ki, İpək Yolu kimi layihələr təkcə iqtisadi əməkdaşlığı stimullaşdırmır, həm də keçdiyi bütün yollarda mədəni zənginliyi və qarşılıqlı mübadiləni gücləndirir: "Aşağı olan iqtisadi və sosial səviyyə sabitliyə də təhlükə yaradır. Biz qarşılaşdığımız problemlər üzərində fəal işləyirik. Bura terrorizm və miqrasiyanı da aid etmək olar.  Eyni zamanda onu da qeyd edim ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkələrin malların daşınması ilə necə yaxınlaşdığını və hamı üçün faydalı olan əməkdaşlığa necə nail olunduğunu göstərən ən yaxşı nümunədir. Bu da həmçinin öz növbəsində inteqrasiya proseslərini stimullaşdırır. Biz təhlükəsizliyi təmin etmək, biznesi inkişaf etdirmək və digər uğurlara nail olmaq üçün daha sıx çalışmalıyıq".

Çıxışı zamanı Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin baş katibi Asəf Hacıyev bildirib ki, təmsil etdiyim qurum əsasən İpək Yolunun kəsişməsini əhatə edir və bu baxımdan təşkilatımızın 21 illiyinin bu il qeyd olunması münasibətilə ATƏT PA ilə birlikdə İstanbulda beynəlxalq bir tədbirin keçirilməsini təklif edirik: "Ümumiyyətlə, biz birgə ümumi işə çox töhfələr verə bilərik. Qeyd edim ki, bu yaxınlarda işə salınan dəmir yolu Çindən Qərbə yüklərin daşınmasını 30-35 günə qədər tezləşdirəcək. Bu, olduqca ciddi layihədir. Bundan başqa, TANAP və digər bu kimi layihələrə də İpək Yolunun tərkib hissəsi kimi baxmaq olar".

Daha sonra söz Monqolustanın xarici işlər naziri Soqbatar Damdinə verilib. O söyləyib ki, Monqolustan uzun müddət ərzində qədim İpək yolu ilə bağlı mühüm rol oynayıb:
"ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupu təcrübə mübadiləsi və əməkdaşlıq üçün mühüm platformaya çevriləcək. Bu təşəbbüs həm tarixi, həm də siyasi mənada çox əhəmiyyətlidir. Monqolustan "Bir qurşaq - bir yol" təşəbbüsünün ölkəni arzulanan səviyyəyə çatdıracağına, eləcə də sülh və sabitliyə böyük töhfə verəcəyinə ümid edir. Çünki İpək Yolu təşəbbüsü regionda dərin əməkdaşlığın möhkəmləndirilməsinə yönəlib. İqtisadi əməkdaşlığın uğurla həyata keçirilməsi bölgənin inkişafına böyük təsir göstərəcək", - XİN başçısı bildirib.

Tədbirdə birinci hissənin sonunda xatirə fotosu çəkilib.(musavat)

Reaksiya.az

Şərhlər