Bütün dünyaya yalnız sülh və barışıq çağırışlarının ixrac olunduğu Forum

17.03.2018 10:57     Siyasi reaksiya     1429

VI Qlobal Bakı Forumunda planetimizi narahat edən bütün məsələlər müzakirə olunur

Martın 15-də Azərbaycanın paytaxtında "İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Qlobal Bakı Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər. Qeyd edək ki, üç gün davam edəcək tədbirə 50-dən çox ölkədən 500-dək nümayəndə, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, alimlər qatılıblar. Forum çərçivəsində martın 18-19-da VII Beynəlxalq Kitab Sammiti təşkil olunacaq. ABŞ Konqres Kitabxanasının və Misirin İsgəndəriyyə Kitabxanasının birgə təşəbbüsü ilə keçiriləcək Sammitdə milli inkişafda, mədəni irsin qorunmasında və ötürülməsində, gələcəyin formalaşmasında kitabın əhəmiyyəti, eləcə də milli kitabxanaların rolu, kitabxanaların gələcəyi mövzusu müzakirə olunacaq.
 
Millət vəkili Aydın Mirzəzadə forumun əhəmiyyətli və ciddi bir tədbir olduğunu vurğuladı: "Dünyanın 46 ölkəsinin hal hazırda və keçmiş dövlət və hökumət başçılarının bu tədbirdə iştirakı bir daha onun vacibliyini sübut edir. Bu tədbir təkcə Asiya və Avropa qitələrini əhatə etmir. Dünyanın bütün regionlarından buraya nümayəndələr gəlir. Bu nümayəndələr öz ölkələrini indiyə qədər ciddi siyasi nüfuza malik olan üzvləri sayılırlar. Bu gün dünyanı narahat edən bütün məsələlər forumun müzakirə mövzusudur. Həm ümumi iclaslar, həm ayrıca keçirilən müzakirələr zamanı ciddi məsələlər müzakirə olunur. Hesab edirəm ki, Azərbaycan  bu tədbirə ev sahibliyi etməklə, dünyaya stabillik və daimi inkişaf modelini təklif edir. Prezident İlham Əliyevin iştirakı və çıxışı, dünyanın qlobal məsələlərinə münasibət bildirməsi paneldəki müzakirənin əsas mövzusu oldu. Bu gün, ərazi bütövlüyünün qorunması, regionların inkişafının dövlətin diqqət mərkəzində olması insan hüquq və azadlıqlarının müdafiəsi, beynəlxalq hüquq normalarının əsas götürülməsi dünyanın inkişafının əsas prinsiplərindən biridir. Azərbaycan bundan sonra da beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkan olaraq qalacaq. Ümumilikdə dünyanın 50-yə yaxın ölkəsinin nümayəndəsinin bir araya gəlməsi, dünyanın bir araya gəlməsinin nümunəsidir. Tərəflər müzakirələr zamanı dünyada stabilliyi və təhlükəsizliyi qorumaq və  möhkəmləndirmək üçün ciddi addımlar atmağın vacib olduğunu bir daha səsləndirdilər”. 
 
Millət vəkili Elman Nəsirov qeyd etdi ki,  forumun Azərbaycan üçün böyük siyasi və geosiyasi əhəmiyyəti var: "Qlobal Bakı forumu sözün həqiqi mənasında dünyada narahatedici məqamların müzakirə olunduğu və çıxış yollarının axtarıldığı bir paneldir. Bu forumda keçmiş və indiki prezidentlər, baş nazirlər, tanınmış ictimai-siyasi xadimlər iştirak edirlər. Həmin şəxslərin mövqeyi böyük auditoriyanı əhatə edir və onların mövqeyinə inam və etibar var. Bu nöqteyi-nəzərdən yanaşsaq, inklüziv cəmiyyətlər və fərqliliyin aradan qaldırılması tədbirin əsas  müzakirə predmetidir. Azərbaycan inklüziv cəmiyyətin inkişafı sahəsində böyük nailiyyətlər əldə edib. Beynəlxalq hesabatlarda  qeyd edilir ki,  Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü mövqedə qərarlaşıb. Dünya üzrə isə ölkəmiz 33-cü yerdədir. Bizdən öncəki sıralarda dayanan ölkələr isə inkişaf etmiş dövlətlərdir. Bu, çox böyük nəticədir. Prezident tədbirdə çıxış edərkən  dünyanı narahat edən bir sıra məsələlərə diqqət çəkib. Aparılan sessiyalarda müzakirə olunan əsas məsələlər ilk növbədə problemlərin həlli və bunun üçün addım atmaqdır. Bu, regionda və dünyada sülhə və təhlükəsizliyə, əmin-amanlıq baxımından aktual məsələlərdən biridir. Prezidentin keçirdiyi görüşlərdə bir daha Azərbaycanın bu istiqamətdə gördüyü işlər və qazandığı nailiyyətlər qeyd olunub. Forumda iqtisadiyyatımızın şaxələndirilməsi və idxaldan asılılığın azaldılması, ixrac yönlü iqtisadiyyatın formalaşdırılması, regionların inkişafı ilə bağlı həyata keçirilən  islahatlar və bu islahatların dərinləşdirilməsi kimi məsələlər diqqətdə saxlanıldı. Prezident Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağla bağlı məsələni də forum çərçivəsində xüsusi vurğulayıb”.
 
E.Nəsirli bildirdi ki, Prezident administrasiyasının ictimai-məsələlər üzrə köməkçisi Əli Həsənovun sessiyada çıxışı böyük diqqətlə izlənilib: "Cənab Əli Həsənov separatizm və millətçiliyin doğurduğu dəhşətli fəsadlarla bağlı məsələlərə diqqət çəkib. O, Azərbaycanın etnik baxımdan çox zəngin olduğunu, ölkəmizdə 30-a qədər milli etnik azlığın nümayəndələrinin bir ailə kimi yaşadığını bir daha söyləyib. Ə.Həsənov konfrans iştirakçılarının diqqətinə çatdırdı  ki, bu gün Ermənistan monoetnik dövlətdir. Rəsmi statistikaya görə, bu gün Azərbaycanda 30 mindən artıq erməni mənşəli vətəndaş yaşayır və onlar cəmiyyətin digər üzvləri kimi bərabərhüquqludurlar. Bu, Azərbaycan və Ermənistanın yürütdüyü siyasətin fərqinin göstəricisidir. Ermənilər hesab edir ki, Ermənistanda erməni millətindən başqa heç bir millət yaşaya bilməz. Bu, artıq irqçiliyin ən yüksək səviyyəsidir. Vaxtilə Ermənistan prezidenti Köçəryan da deyirdi ki, Azərbaycanla Ermənistan arasında etnik-milli uyğunsuzluq var. Bu özü, irqçiliyin göstəricisidir və həmin siyasət bu gün də həyata keçirilir. Bütövlükdə martın 15-dən 17-nə qədər davam edəcək 6-cı qlobal Bakı forumu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması və dövlətimizin yürütdüyü uğurlu siyasi-iqtisadi və  mədəni siyasətin bütün parametrlərinin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın multikultralizmin mühüm mərkəzlərindən birinə çevrildiyi bir daha təsdiq olundu.  Azərbaycanın sülhə, əmin-amanlığa, təhlükəsizliyə böyük töhfələr verməsinin nümayişi baxımından, forumun vacibliyi yüksək qiymətləndirilməlidir. Tədbir çərçivəsində ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva beynəlxalq Nizami Gəncəvi mükafatına layiq görüldü. Bu da Mehriban xanımın, ilk növbədə mədəniyyətlərarası dialoq prosesinə və mədəniyyətin inkişafına, sivilizasiyalararası barışığın, harmoniyanın əldə edilməsinə böyük töhfələr verdiyini sübut edir. Hesab edirəm ki, Bakı Forumu Azərbaycan və onun paytaxtından dünyaya yalnız və yalnız sülh və barışıq çağırışlarının ixrac olunduğunun təsdiqi kimi də dəyərləndirilə bilər”.   (kaspi)

Reaksiya.az

Şərhlər