Parlamentdə Maliyyə Bazarlarına Nəzarət Palatasına qarşı kəskin ittihamlar: “Orada intriqalar hökm sürür”

03.04.2018 13:45     Siyasi reaksiya     1124

Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov bank kreditləri ilə bağlı müraciət edib.

O, komitə sədri Ziyad Səmədzadəyə xitab etdi: “Mən istərdim ki, Ziyad müəllim və müvafiq qurumların rəhbərliyi bu məsələni ciddi araşdırsın. Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada heabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzür məclsini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır”.

S.Novruzov Maliyyə Bazarlarına Nəzarət Palatasını tənqid etdi: “Biz bu qurumu iki il əvvəl yaratdıq. Ancaq nə səs var, nə soraq. Banklarda şuralar, rəhbərlər dəyişir, hələ Milli Məclis qarşısında deməyiblər ki, nəticə necə oldu. Ən əsası insanların vəziyyətidir, cənab prezident də həmişə insanlarımızın problemlərinin həlli üçün çalışır. Biz qanun qəbul etdik, valyutadəyişlmə məntəqələri yenidən bərpa olunsun. Orada 9 mindən artıq insan ailəsinə çörək aparırdı. Amma məsələ indiyə qədər həllini tapmayıb. Bu, kiminsə inhisarına çevrilib, qanun qəbul olunmasına baxmayarq, imkan verilmir. Hər bir insanı cənab prezidentdən gözləməli deyilik ki. Hər kəs öz işi ilə məşğul olmalıdır”.

Deputat Fəzail Ağamalı da həmkarını dəstəklədi: “Bu gün Azərbaycanda ən ciddi problem vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemlərdir. Vaxtilə kommersiya bankları aşağı faizlə vəsait götürərək, vətəndaşlara ikiqat artıq kredit verəndə bilməliydi ki, belə bir durumla üzləşəcək. Əgər bunu anlamırdılarsa, onda onlar nə üçün bank işi ilə məşğul olublar? Biz Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdıq. Ümid edirdik ki, bu qurum problmləri həll edəcək. Ancaq məlumatlar var ki, orada intriqalar hökm sürür, faktiki olaraq iflic vəziyyətdədirlər. Onlar maaş alırlar, oturublar orda, hardadır fəaliyyətinin nəticələri? Biz sözümüzü deyirik, nəticəsi yoxdur. Xahiş edirəm Oqtay müəllim, siz seçkilərdən bu məsələni nəzarətə götürün, vətəndaşları narahat edən bu məsələnin həllinə yardımçı olun!”

Spiker isə “çox sağ olun, Fəzail müəllim, tapşırığını eşitdim” –deyə, maraqlı bir reaksiya verdi.

Reaksiya.az

Şərhlər