Mehriban Əliyeva: AXC-də qadına hörmət, tolerantlıq dəyərləri öz əksini tapdı

30.05.2018 12:22     Siyasi reaksiya     1370

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Məktubu Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova oxuyub.

Mehriban Əliyevə təbrik məktubunda vurğulayıb ki, Azərbaycan Xalq Cümhuriyyətində dövlətçiliyin bütün atributları təsis edilib: 

“Azərbaycan Xalq Cümhuriyyətində qadına hörmət, tolerantlıq və başqa bir çox dəyərlər öz əksini tapdı. O vaxt öz dövrünü qabaqlayan olduqca mütərəqqi qərarlar verildi. Qadınlar kişilərlə birgə seçmək və seçilmək hüququ əldə etdilər.

Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Buna baxmayaraq, cümhuriyyətin süqutundan sonra da Azərbaycanda qadınların vəziyyətində mütərəqqi dəyişikliklər davam edirdi. 

Azərbaycan qadınları özləri üçün yeni peşələr və fəaliyyət sahələri öyrəndilər. Ölkədə ana və uşağın sosial müdafiəsi üzrə tədbirlər gücləndirildi. Sovet İttifaqının dağılmasından sonra isə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdi.

Müasir Azərbaycan özünü təsdiq edən və dinamik inkişaf edən ölkədir. Bu gün Azərbaycanda qadınların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülür”.

Reaksiya.az

Şərhlər