"Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmasa vəziyyəti daha da ağır olacaq"

25.12.2018 15:06     Siyasi reaksiya     1116

“Ermənistan iqtisadi, siyasi, və hərbi cəhətdən tənəzzülə uğramış vəziyyətdədir. Artıq bu ölkənin rəhbərliyi bunu anlamaq məcburiyyətindədir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olan ölkə olmasına baxmayaraq, bu üzvlərin də hər birinin rəhbərləri Azərbaycanla normal münasibət bəsləməklə bağlı tövsiyələrini verirlər: “Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Abşeron rayonunda məcburi köçkünlər üçün salınana yeni yaşayış kompleksinin açılışı zamanı etdiyi nitqdə də bu məqama toxunaraq söylədi ki, Ermənistanda baş verənlərin əsas səbəbi səfalət, yoxsulluq, ədalətsizlik və özbaşınalıqdır və bu ölkədə iqtisadi vəziyyət yalnız Azərbaycanla münasibətləri normallaşdırandan sonra inkişaf edə bilər”.

Siyasi şərhçi vurğulayıb ki, Ermənistan vətəndaşları, eləcə də, erməni siyasətçiləri məhz problemləri qabardaraq Paşinyanı normal siyasətə dəvət edirlər: “Bundan başqa ABŞ prezidentinin müşaviri Con Bolton da çıxışlarında söyləyib ki, Ermənistan tarixə varmadan heç bir irəliləyiş əldə edə bilməz. Əgər o tarixdə saxtakarlıq, problemlər varsa o zaman bu ölkədə problemlərin də daha da geniş vüsət almasına imkanlar açılır”.

O qeyd edib ki, 2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kuliminasiya nöqtəsi olmalıdır: “ Ötən gün Azərbaycan Prezidenti də öz nitqində bu məsələyə toxunaraq bir daha bəyan etdi ki, Ermənistan problemin həllinə dair addım atmalıdır. Əks halda, bu ölkə indikindən də ağır vəziyyətə düşə bilər”.

Reaksiya.az

Şərhlər